Təhrifçi tarixçiyə yazıçıdan TUTARLI CAVAB: “İstifadə olunduğunuz aydın görünür” - FOTO
Bugünlərdə Cəmil Həsənli mənim qələmə aldığım “Böyük Azərbaycan naminə Bağır Seyidzadə” kitabım və “Ədəbiyyat qəzeti”ndə eyni adda dərc olunan məqalələrim barədə fikirlərini bildirib.
Əvvəlcə ondan başlayaq ki, “Böyük Azərbaycan naminə Bağır Seyidzadə” kitabımda gözümdən qaçmış orfoqrafik səhvləri mənə göstərdiyiniz üçün çox sağ olun. Kitabın təkrar çapında bunları mütləq nəzərə alacağam. Heç olmasa, bu “tapıntılarınıza” görə texniki redaktora və korrektora verdiyim pulu onlara halal etmirəm. Amma orada şərh yazan bəzi yoldaşlara xatırlatmaq istərdim ki, kitabın elmi redaktoru tarix elmləri doktoru İsmayıl Məmmədovdur. Bir məqama da diqqət yetirin: əsərin qəhrəmanı Bağır Seyidzadənin qızı tarix elmləri doktoru Dilarə Seyidzadədir.

Sonra baxıram, bəzi “arkadaşlar” şərh yazır ki, guya Cəmil müəllim məni “darmadağın edib” və bu fitvanın təsiri ilə Cəmil müəllim də pərvazlanır. Mən deyəndə ki, Cəmil müəllim, siz siyasət adamı deyilsiniz, sizin xarakteriniz buna uyğun deyil, mənə inanmırdınız.
Ay kişi, yaşlı-başlı adamsan, niyə bu cavanların fitvasına gedirsən? Məni haqsız çıxarmaq üçün niyə dəridən-qabıqdan çıxırsan? Bu tələskənlik və emosional mövqe sənə yaraşırmı? Siz bu mövzunu gənclərin fitvası ilə davam etdirdikcə, əslində nə qədər istifadə olunduğunuz daha aydın görünür. Məni haqsız çıxarmaq naminə mövzunu bu qədər təhrif etməyiniz, açığı, sizin yerinizə məni utandırdı.
Tarix emosiyalarla yox, təhlillərlə danışır. Faktlardan qaçdıqca mövqe zəifləyir, arqument isə yoxa çıxır. İndi, Cəmil bəy, icazə verin, Tağı Əhmədovun təbirincə desək, məsələləri “ə bir-bir” prinsipi ilə deyim. Baxmayaraq ki, bu, mənim vaxtımı alır və yeni kitabımı tamamlayıb çapa verməyə imkan vermir. Amma eybi yox. Siz böyük zəhmət çəkib kitabımda ən azı qrammatik səhvləri tapmısınızsa, bu da özlüyündə bir zəhmətdir. Buna görə bir daha təşəkkür edirəm.
Hərçənd, Siz fars dilini bilmirsiniz. Bizim istifadə etdiyimiz yazışmaların əksəriyyəti rus dilində olduğundan adların Azərbaycan dilinə çevrilməsi təkcə məndə deyil, bir çox tədqiqatçılarda da fərqli şəkildə təqdim olunur. Bu isə, təbii ki, dillərin semantik xüsusiyyətləri ilə bağlıdır. Amma orfoqrafik səhvləri göstərməyiniz, etiraf edim ki, faydalı oldu.

İndi isə başlayaq Sizin birinci və tam əsassız fikrinizdən. Deyirsiniz ki, tarix fakültəsini bitirməyən şəxs tarixi mövzuda əsər yaza bilməz. Vallah, nə deyim… Aşığın sözü qurtaranda dediyi kimi: “dalay-davay”. Ay kişi, özünü ələ salırsan, yoxsa bizi? Kim deyib ki, tarix yazmaq üçün mütləq tarix fakultəsin bitirməlisən?
Tarix fakültəsini bitirmədən tarix elminə fundamental töhfələr vermiş yüzlərlə böyük mütəfəkkirin adını çəkə bilərəm. Ola bilsin ki, Siz onları tanımırsınız. Çünki görünür, yalnız öz yolunuzun yolçularını tanıyırsınız. Məsələn, həkim idi – səhv etmirəmsə – tarix elmləri doktoru etdiyiniz və kiçik bir monoqrafiyanı göylərə qaldırdığınız mərhum Yadigar Türkelini.
Halbuki, tibbin fəlsəfə, psixologiya, siyasət və xüsusən də tarix elmi ilə bağlılığı çox qədim zamanlardan başlayır. Ümumiyyətlə dünya tarixində iz qoymuş 120-yə yaxın tibb təhsilli tarixi mövzularda tədqiqatlar aparan yazıçısının adı keçir və bu insanların yazdıqları çoxdan klassik əsərlər sırasına daxil olmuşdur, baxmayaraq ki, onlar öz sağlıqlarında əsas işlərini tibb sahəsi hesab etmişlər. Bu sıradan bəlkə də bizə məlum olanlardan ən birincisi böyük rus yazıçısı Anton Pavloviç Çexovdur. Yazıçı təbabəti qanuni “həyat yoldaşı”, ədəbiyyatı isə “məşuqəsi” hesab edirdi. Təbii ki, o, Moskva Dövlət Universitetinin tibb fakültəsinə daxil olanda, dünya ədəbiyyatı klassiklərinin yaşadıqları yazıçı taleyini o da yaşayacağını, ağlına belə gətirə bilməzdi.

Yaxud "Əsaslı Böyük Rus dilinin izahlı lüğəti" kitabının müəllifi, praktik oftalmoloq-həkim Vladimir Dal. “Master və Marqarita” əsərinin müəllifi məhşur həkim Mixail Bulqakovu isə oxucularımıza təqdim etməyə güman edirəm ki, ehtiyac yoxdur. Bu baxımdan həm də tarixi mövzularda tədqiqatlar aparmış tanınmış simaların sonradan həm də məşhur həkimlər olduqlarının da şahidi oluruq. İlk olaraq həkim Artur Konan Doyldan başlamaq istərdim. Bu tədqiqatçı tarixi hadisələrə istinad edərək klassik personajların yaradıcısıdır. Məşhur Şerlok Holms, ekssentrik professor Çellencer, cəsur zabit Cerard, nəcib cəngavər Ser Naycel...
Konan Doyl Monmut üsyanından bəhs edən "Mika Klark"i adlı ilk tədqiqat əsərini tarixi mənbələrlə işləməsi nəticəsində beş ilə yazaraq başa çatdırsa da, onun həkim olması bağlı olaraq yazıçının bu tədqiqatı bir çox nəşriyyatlar tərəfindən şübhə ilə qarşılandığından onu nəşr etməkdən çəkinirdilər. Ancaq, kitab 1889-cu ilin fevralında nəşr edildikdən sonra bu tarlixi əsər bestsellerə çevrildi və bu andan Konan Doyl tarixi əsərlərin, eləcə də tarixi hadisələrə söykənən romanların və pyeslərin müəllifi kimi tanınmağa başlandı. 1891-ci ildə onun feodal İngiltərə tarixinin kritik dövrünə işıq salan "Ağ dəstə" adlı daha bir tarixi əsəri nəşr olunur. Müəllif burada 1366-cı ildən başlayan “Yüzillik müharibə”dən bəhs etməklə, real tarixi hadisələri əsas götürməklə, könüllülərdən və muzdlulardan ibarət “ağ dəstə”lərin fəaliyyətini müasirlərinin ictimai müzakirəsinə təqdim edirdi. Bu kitab ictimaiyyətə təqdim olunduqdan sonra həqiqətən də çox ciddi müzakirələrə səbəb oldu və böyük populyarlıq qazandı.

Sonralar Konan Doyl bu əsərini özünün ən yaxşı əsərlərindən biri hesab etdiyini deyirdi. 1892-ci ildə isə o, yeni tarixi əsərini - "Sürgün olunmuşlar" kitabını nəşr etdirir. O , bu əsrində Nant fərmanı (1687) ləğv edildikdən sonra Kanadaya mühacirət edən fransızların taleyindən və tezliklə orada başlayan müstəmləkə siyasətindən, eləcə də kral Uilyamın müharibəsi (1689-1697) kimi bilinən dövrdən bəhs edirdi.
Digər məşhur tarixçi və "Kazan tarixi" əsərinin müəllifi Nikolay Kirilloviç Bazhenovda ixtisasca həkim idi. İohan Veyerin ictimai-siyasi porteretini yaradan Bonn Universitetinin rektoru professor, tarixçi kimi tanınan Karl Binz həm də həkim idi. Daha müasirlərdən olan həkim-yazıçı Yuri Qriqoryeviç Vilenski yazıçı və həkim Mixail Afanasyeviç Bulqakov dövrünün reallıqları baxımından onun həyat və yaradıcılığının uzunmüddətli tədqiqatçısı olmuşdur.
Sovet həkimi, pediatr, gigiyenist, tibb elmləri doktoru, professor Sergey Mixayloviç Qrombax “Puqaçov üsyanı”ndan bəhs edən “Puqaçovun tarixinə diqqətsiz cavab” məşhur tarixi tədqiqatı əsərini də misal göstərmək olar. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin “Vətən tarixi” və “Mədəniyyətşünaslıq kafedrası”nın müdiri olmuş (2010-2017), tibb elmləri və tarix elmləri doktoru Dmitri Alekseeviç Balalykinin tarixi tədqiqatlarını da yuxarıdakı misallara əlavə etmək olar.

Yaxud türkiyəli həkim Rıza Nurun (24 iyul 1923-cü ildə İsmət İnönü və Həsən Saka ilə birlikdə ”Lozanna Sülh Müqaviləsi”ni imzalamış şəxs) nəşr etdirdiyi “Cəmiyyəti Həfiyye” (1914), “Hürriyət ve İtilaf necə doğdu, necə öldü? İç üzü” (1919), “Şəcərəi Türk” (1925), “Hilalın Tarixi”, və s. də tarixi mövzularda olan əsərlərdirlər.
Mövzunun konteksdən nəzər saldıqda, Azərbaycanda da tarixi tədqiqatlar baxımından və milli məfkurəmizin təşəkkülündə həkimlərimizin də rolu az olmamışdır. İlk öncə belə həkimlərimizin önündə Əli bəy Hüseynzadə gəlir. Əli bəy Hüseynzadə əslən Cavad elimizin Quruzma kəndindəndir və mənim həmkəndlimdir. Atası Molla Hüseyn “Qafqaz Müsəlman Ruhani Məclisin”in Tiflisdəki altı sinifli məktəbinə müəllim təyin olunduğundan sonra Əli bəy də ailəsi ilə bu şəhərdə yaşamalı olmuş və o, ilk təhsilini də elə bu məktəbdə almışdır. Lakin atasının çox erkən ölümündən sonra o, ana babası Qafqaz şeyxülislamı Axund Əhməd Salyaninin himayəsində böyümüşdür.
1905-ci ildə Tiflisdə Əli bəy Hüseynzadə tərəfindən irəli sürülən “Türkləşmək, İslamlaşmaq və Avropalaşmaq” ideyasına uyğun olaraq, Osmanlı imperiyasının yazarı Ziya Gökalp bu ideyaya 1911-ci ildə eyni adlı məqalələrlə dəstək vermiş və 1918-ci ildə o, bu məqalələrdən ibarət kitabını nəşr etdirmişdir. Osmanlı imperiyasının siyasi və hərbi çevrələrində, ədəbi-bədii mühitində böyük nüfuza malik olmuş Əli bəy Hüseynzadə Ziya Göyalp, Yunis Hadi, Əhməd Rəfiq kimi tanınmış şəxsiyyətlər sayəsində Türkiyənin “İqdam”, “Təsviri-əfkar”, “Tan” kimi mətbu orqanlarda Azərbaycanın müstəqilliyi ideyasını gündəmə gətirir, Qafqazda türk dövlətinin qurulması üçün siyasi dəstəyin gərəkliyini təbliğ edirdi.

Belə ziyalılarımızdan digəri Azərbaycanın ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədr müavini həkim, Həsən bəy Məşədi Hüseyn bəy oğlu Ağayevdir. Həsən bəy Ağayev həkimliklə yanaşı tarixi araşdırmalarla məşğul olmuş və tədqiqatlarını Gəncədə "Yujnı Kavkaz" ("Cənubi Qafqaz") qəzetində nəşr etdirmişdir (1911-1912).
İkincisi, deyirsiniz ki, arxivləri olduğu kimi təqdim edirsiniz. Ancaq mən nə etməliyəm? Siz də daxil olmaqla bir çoxları arxiv materiallarını oxucuya öz istədiyi kimi təqdim edir. Gedib həmin arxiv materiallarına baxanda görürsən ki, oradakı əsas mahiyyət kənarda qalır, əvəzində isə konyunkturaya uyğun təhriflər edilmişdir. Məhz buna görə də bu saxtakarlıqların qarşısını almaq üçün oxucuya arxiv materiallarının özünü göstərmək məcburiyyətində qalıram.
Qəvvam məsələsi ilə bağlı, Cəmil müəllim, ola bilsin ki, Sizin bu dövrlə bağlı yeni tədqiqatlardan xəbəriniz yoxdur (Daçişina M.V. 1940-cı illərdə İranda sol qüvvələr: kölgədən çıxmaq cəhdi // “Karavan”, İran elektron jurnalı. 2017, №53.

2017-ci il 15 noyabr tarixində RQASPI-də “Rusiya–İran: beş əsrlik əməkdaşlıq” mövzusunda konfrans keçirilmiş, bu çərçivədə RQASPI-nin unikal sənədləri orda təqdim olundu).
Rica edirəm, ümumi bölmədən kiçik bir hissəni götürüb təhrif etməyin. Belə işləri, vallah, Sizə yaraşdırmıram.
Mətni yenidən bura yerləşdirirəm (Sizin qeyd etdiyiniz orfoqrafik səhvləri nəzərə almadan – A.M.).
1946-cı il Yanvarın 27-də hökumətə rəhbərlik Qəvamüs-səltənəyə tapşırılır. İran məclisinin nümayəndəsi S.Tağızadənin müraciətindən sonra Sovet nümayəndə heyətinin rəhbəri A.Vışinskiy cavab məktubu ilə Təhlükəsizlik Şurasının nümayəndəsi Norian Meykinə müraciət edir. O, bu məktubda İranın iddialarının tam əsassız olduğunu göstərir.
Yanvarın 24-də Azərbaycan Milli hökumətinin başçısı Seyid Cəfər Pişəvəri də BMT-nin Rəyasət Heyətinə müraciət edir. Bu müraciətdə o, Azərbaycan xalqının “Atlantika Xartiyasına” əsasən öz müqəddəratını təyinetmə iradəsini ifadə edir.
Təhlükəsizlik Şurası yanvarın 28-30-da SSRİ və İranın müraciətlərini müzakirə edərək, bu iki ölkənin nümayəndələrinə öz aralarında danışmağı təklif edir. Təhlükəsizlik Şurası müqavilənin mətni ilə tanış olmaq hüququnu özündə saxlayır.

Əslində üç müttəfiq dövlətin İranla imzaladığı müqaviləyə əsasən xarici ordular 2 mart 1946-cı ilədək, yəni müharibə bitdikdən sonra altı aydan geç olmayaraq bu ölkənin ərazisini tərk etməli idilər. İki Qərb ölkəsinin qoşunları vaxtında çıxarıldı. Ancaq Qırmızı Ordu hələ də İranda qalmaqda idi.
Etiraf etmək lazımdır ki, 1946-cı ildə sovet qoşunlarının yerləşdiyi İran Azərbaycanında Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə milli muxtariyyətin əldə olunması və Azərbaycan Demokrat Partiyasının yaradılması uğrunda silahlı mübarizəyə başlanıldı. Sovet qoşunlarının gizlədilməyən dəstəyi şəraitində əyalətdə şah rejimi devrildi və Azərbaycan Demokrat Partiyası elan olundu. Torpaq mülkədarlardan alınaraq kəndlilərə verildi. İran məktəbləri bağlanır, bunların yerinə Azərbaycan məktəbləri açılırdı. Radio verilişlərinin yalnız Azərbaycan dilində aparılmasına başlandı. Demokrat partiyasının rəhbərləri nazir və millət vəkilləri kimi yüksək vəzifələr tutdular. Bir sözlə, siyasi çevriliş baş verdi.
Azərbaycan muxtariyyətini dəstəkləmələri nəzərə alınarsa, bəlli olar ki, Sovet İttifaqının rəhbərləri - İ.V.Stalin, L.P.Beriya və Azərbaycan SSR-in o zamankı birinci katibi M.C.Bağırov məqsədi Cənubi Azərbaycanının İrandan qoparılması üçün siyasi aksiya hazırlayırdılar.

“Tudə” İran Xalq Partiyasının hədəfi İran Azərbaycanının muxtariyyəti proqramı idi. İranda müxtəlif dairələr bu hərəkətləri ölkənin parçalanmasına aparan addım kimi qiymətləndirirdilər. Tehranda İran Azərbaycanı probleminin Məclisdə iki həftəlik çox çətin şəraitdə keçən müzakirələrindən sonra yeni hökumət təşkil olundu. Ona sovet yetkililərinin açıq şəkildə dəstəklədikləri təcrübəli siyasətçi Qəvvam əs-Səltənə başçılıq etdi.
Fevralın 18-də Məclisdə hökumət proqramı ilə çıxış edərkən Qəvvam bildirdi ki, o, Stalindən isti təbrik teleqramı alıb və cavab olaraq Moskvaya bildirib ki, İran nümayəndə heyətinin başında SSRİ ilə danışıqlara başlamağı arzulayır. Moskvanın razılığı elə həmin gün alındı. Qeyd etmək lazımdır ki, İranın əvvəlki baş naziri Hakimi dəfələrlə Moskvaya səfər etmək istəyini bəyan etsə də onu dəvət eləməmişdilər.
Məclis Qəvvamın niyyətlərini bəyəndi və ümid etdiyini bildirdi ki, həmin danışıqların nəticəsində Sovet qoşunları İran ərazisini tərk edəcək. Təcili olaraq üç nəfər Məclis üzvü, ticarət palatasının rəhbəri, dörd jurnalist, İranın SSRİ-dəki rus dilini yaxşı bilən keçmiş səfiri Həmid Səyyah və bir XİN nümayəndəsinin də daxil olduğu on bir nəfərlik nümayəndə heyəti təşkil edildi.

19 fevral 1946 - cı ildə Qəvvam bu rəngarəng nümayəndə heyətinin başında Moskvaya yollandı.
Moskvaya səfəri ərəfəsində Qəvvam nümayişkaranə surətdə mühüm siyasi addım atdı: solçu qəzetlər və solçu siyasi təşkilatlarla bağlı mövcud olan əvvəlki qadağanı aradan qaldırdı. Xalq Partiyasının orqanı olan "Rəhbər" qəzetinin, eləcə də həmkarlar ittifaqları mərkəzi komitəsinin orqanları "Zəfər" və "Dad"ın fəaliyyəti bərpa olundu. Bilavasitə onun göstərişi ilə əvvəlki hökumətin qapatdığı İran Xalq Partiyası və Həmkarlar İttifaqları Mərkəzi Komitəsinin klubları yenidən açıldı. Moskvaya səfərə gedirkən Qəvvam öz kabinetinə tapşırdı ki, o qayıdana qədər Məclisin müzakirəsinə heç bir məsələ çıxarmasın.
Moskvada Qəvvam Sovet qoşunlarının İrandan martın 2-dək, yəni Sovet İttifaqının beynəlxalq öhdəliklərə əməl edərək yerinə yetirməli olduğu tarixədək çıxarılması məsələsini qaldırdı.
Ancaq bu günə qədər bəziləri belə hesab edirdi ki, 1946- cı ilin fevralında Moskvada Stalinlə görüşə gələn İranın yeni baş naziri Qəvam-əs Səltənə danışıqlar zamanı Stalini aldatmışdı. Amma hadisələr və həqiqətlər tam başqa çür inkişaf etmişdi. Bu birincisi tam yalandır, ikincisi , bu görüşdən sonra İran nümayəndə heyyəti (İran nümayəndə heyyətinə daxil idi : D.Əmiri, Q.Səyyah, R.Şapaq(mən rus dilindən tərcuməni belə vermişəm siz onu Rzazadə Şəfəq kimi gostərirsiz, xub mən razı), A.Nişapur(Siz onu Əbulhuseyn Nikpur kimi göstərirsiz xub mən razı,amma rus versiyası mən verdiyim kimidi-A.M.), H.Pirvəzər, S.Əradi, D. Dörri, A Ətasami)bir - neçə həftə Moskvada müzakirə predmeti olan məsələnin bütün incə detallarına qədər fikir mübadiləsi aparmış və hətta heç bir razılıq əldə olunmamuşdı. Qəvvam - əs Səltənənin Kremldə Stalinlə danışıqları 1946-cı il Fefralın 21-də bitmir, onunla yenidən martın 4-də çox qısa(15 dəqiqə) bir görüşü olur.6 mart 20.30 da isə Stalin Kremldə M.C.Bağırovu qəbul edir(burda doğrusuz, mən onu müşayiət edənləri yazmamışam,sizin təbirincə desək görüşün mərkəzi fiquru Bagırov oldugundan-A.M.).

Fefralın 21-də olan görüşdə Stalin Sovet qoşunlarının İranda olmasına 1921-ci il müqaviləsi ilə haqq qazandırdı. Qəvvam cavab verdi ki, müqavilə tamamilə başqa məna daşıyır. O, Sovet İttifaqının Azərbaycan məsələsinə verdiyi mənəvi dəstəyə toxundu. Stalin Qəvvama dedi ki, söhbət milli məsələlərdən getdiyi üçün SSRİ-nin qarışmaq haqqı yoxdur və heç nə edə bilməz. Ərazi iddiaları ilə bağlı isə Stalin dedi ki, Azərbaycan məsələsi – İranın daxili işidir. İranda boş yerə narahat olurlar, çünki azərbaycanlılar suverenlik yox, muxtariyyət tələb edirlər.
Qəvvam cavab verdi ki, İran konstitusiyası muxtariyyətin tətbiqinə imkan vermir: əgər Azərbaycana güzəştə gedilsə, digər əyalətlər də muxtariyyət tələb edəcəklər.
Stalin qeyd etdi ki, SSRİ-nin sovet qoşunlarının İranda qalmasını tələb edən başqa maraqları var.
Bir gün sonra Molotovla görüş zamanı “başqa maraqlar” artıq Böyük Britaniyanın İranın cənub rayonlarındakı neftli ərazilərin işlənilməsi sahəsində malik olduğu güzəştlər kimi, Sovet İttifaqına da İranın şimalındakı neft yataqlarının işlənilməsində güzəştlər təqdim edilməsi arzusu şəklində ortaya çıxdı.
Qəvvam cavab verdi ki, ölkədə xarici qoşunlar qaldığı müddətcə Məclis neftlə bağlı danışıqların aparılmasını yasaqlayır. Amma parlamentin səlahiyyət müddəti bir neçə gündən sonra bitir. Hazırda yeni parlamentə seçkilərin keçirilməsi üçün əlverişli şərait yaranıb. Beləliklə, ehtimal olunurdu ki, neft güzəştləri məsələsi hələ qapadılmayıb.

Molotov təkrar etdi ki, “qoşunlar hələlik İrandan çıxarılmayacaq”. Qəvvam Stalinlə söhbətə qayıdaraq xatırlatdı ki, Stalin 1921-ci il müqaviləsinin altıncı bəndinə istinad elədi, lakin həmin bənddə İran tərəfindən deyil, üçüncü dövlət tərəfindən təhdiddən söhbət açılır. Onun ölkəsi Sovet İttifaqını təhdid etmir və edə də bilməz. Qəvvam qoşunların çıxarılmasını təklif elədi və “əgər Sovet İttifaqı üçün hansısa təhlükə yaranarsa”, onda sovet qoşunları yenidən İrana yeridilə bilər.
Hazırda, Qəvvam əs-Səltənənin Stalin və Molotovla söhbətlərinə dair arxivlərin açılmasından sonra məlum olub ki, onların arasında həssas bir məsələ - İranda monarxiyanın ləğvi də müzakirə olunub. Özü də bu zaman Qəvvamın başçılıq etdiyi nəzərdə tutulan respublika rejiminə Sovet İttifaqı tərəfindən mümkün dəstəkdən də danışılırdı. Stalin yeni İran hakimiyyətinə üstünlük verir və bunu özünün danışıqlardakı tərəfdaşına açıq şəkildə bəyan edirdi. Amma Qəvvam sövdələşməyə getmədi və sovet qoşunlarının İrandan mümkün qədər tez çıxarılması zərurətinin olmasında israr elədi.
Molotov Stalin üçün özünün Qəvvamla görüşləri haqqında böyük bir hesabat hazırladı və burada göstərdi ki, Qəvvam əvvəl Stalinlə etdiyi söhbətdə toxunulmuş İranda monarxiyanın dəyişdirilməsi ideyasından imtina elədi. Bu hesabatla tanış olduqda Stalin dərkənar yerinə hesabatın küncündə bircə kəlmə yazdı – “Əclaf” və bu, generalissimusun ümidlərini doğrulmamış İran baş nazirindən yana yaşadığı xəyal qırıqlığının dəqiq göstəricisi idi.

Bu zaman məlum oldu ki, Stalinin göstərişi ilə İran nümayəndə heyətinin Moskvadan çıxmasına imkan verilmir – sovet məmurları iddia edirdilər ki, nümayəndə heyəti pis hava səbəbindən uça bilməz. Faktiki olaraq heyət “xalqlar atası”nın girovuna çevrildi. Aydın deyildi ki, hansı məqsədlə səfəri üç həftəyədək uzatdılar. Qəvvamın sovet qoşunlarının 2 martadək İrandan çıxarılması cəhdi uğurla nəticələnmədi. Martın 2-də o hələ də Moskvada, sovet qoşunları isə - İranda idi.Elə bu vaxtı, Bakıdan İran limanı Bəndərşaha doğru hərbi gəminin yola düşməsi haqqında məlumatlar alındı.
Martın 5-də Qəvvam Molotova bu barədə nota verdi, sovet qoşunlarının İranın şimalında – Gilanda fəallaşmasından narahatlıq ifadə edildi. Elə həmin gün İranın Vaşinqtondakı səfiri Hüseyn Əla Qəvvama məlumat verərək ABŞ rəhbərliyinin sovet qoşunlarının İrandan çıxarılması məsələsində onların mövqeyini dəstəklədiyini bildirdi.
Moskva danışıqları ümumilikdə uğursuz keçdi: heç bir məsələ üzrə razılıq əldə olunmadı. Qəvvam əs-Səltənə, Sovet İttifaqının müəyyən dəstəyi ilə seçilmiş İranın yeni baş naziri kimi əliboş qayıtmağa məcbur oldu.

Ancaq dönüşdən əvvəlki sonuncu gündə ümid qığılcımı parladı – və Qəvvamı şəxsən Stalin ümidləndirdi. Həmin gün İran nümayəndə heyətinin şərəfinə vida ziyafəti verildi ki, burada Stalinin özü, Molotov, Mikoyan və digər sovet rəhbərləri iştirak edirdilər. Bu qəbulda Qəvvam, Stalinlə şəxsi söhbəti vaxtı ona Molotovla danışıqlarının nəticə vermədiyindən təəssüfləndiyini bildirdi. Stalin gülümsəyərək cavab verdi: “İndi sən mənim vəziyyətimi yaxşı anlayırsan. Məni çox sərt insan hesab edirlər, amma Molotov bizim qrupda ən sərt adamdır. Əlbəttə, mən sizin aranızda vasitəçi olmağa çalışacağam. Əminəm ki, yeni səfirim Tehrana gələndə Sizə bir neçə şad xəbər də gətirəcək”.
Ertəsi gün Qəvvam aparılmış danışıqlara dair sovet-İran kommunikesini imzaladı.
Buna qədər, 2 mart 1946-cı ildə beynəlxalq münasibətlər tarixində mühüm olan hadisə baş verdi. Sovet İttifaqının beynəlxalq təəhhüdlərə uyğun olaraq öz silahlı qüvvələrini İrandan çıxarmalı olduğu gündə SİTA bəyan elədi ki, SSRİ qoşunları yalnız İranın şimal-şərq əyalətlərindən – Məşhəd, Şahrud və Semnandan çıxarılacaq, digər rayonlarda isə qoşunlar “vəziyyət tam aydınlaşana qədər” qalacaq. Bu bəyanat dünyada mənfi reaksiya doğurdu, ABŞ dövlət katibi prezident Trumenin tapşırığı ilə SSRİ-yə müvafiq nota göndərdi.

Böyük Britaniyanın eks-baş naziri U.Çörçill 5 martda, səbəblərindən birinin İran Azərbaycanında cərəyan edən hadisələrin olduğu nitqlə çıxış etdi. Bir çoxları həmin çıxışı “soyuq müharibə”nin başlanğıcı hesab edirlər. O, kommunist ekspansiyasına qarşı anqlosaks ittifaqını, yəni ilk növbədə ABŞ və Böyük Britaniyanı çıxarmağı təklif edirdi.
Qəvvam əs-Səltənə SSRİ rəhbərliyi ilə olduqca ehtiyatlı davranmağa üstünlük verərək və ABŞ-ın sərt mövqe nümayiş etdirməsinə baxmayaraq, yeni sovet səfiri Tehrana gələnə qədər sovet qoşunları məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmağı məqsədəuyğun saymadı. Yəqin ki, Stalinin Moskvadakı vida ziyafətində etdiyi eyhamı unutmamışdı.
11 martda Qəvvam Məclisdə peyda oldu. Həmin gün 14-cü çağırış məclis deputatlarının səlahiyyət müddətləri başa çatırdı. Bəzi deputatlar bu müddəti uzatmağa cəhd göstərdilər, amma Qəvvam buna yol vermədi. Bu minvalla o parlamentin müdaxiləsi olmadan öz siyasətini yürütmək imkanı əldə etdi.
24 martda təcrübəli İran diplomatı Hüseyn Əlanın BMT-də Sovet İttifaqının İran Azərbaycanı problemi üzrə mövqeyindən şikayətlə bağlı çıxışı nəzərdə tutulmuşdu.

Bu zaman SSRİ-nin yeni səfiri İ.Sadçikov Tehrana gəldi. 18 martda o, Qəvvamla görüşdü və sovet hökumətinin öz qoşunlarını tam şəkildə İrandan çıxarmaqla bağlı qərar qəbul etdiyini bildirdi. Bu qərarın qəbuluna İran hökumətinin ikinci dəfə BMT-də Sovet İttifaqından şikayət etmək niyyətinin nə qədər rol oynadığı məlum deyil. Amma məlumdur ki, hələ bundan əvvəl sovet hökuməti tərəfindən ikinci bir sənəd hazırlanmışdı ki, İranın şimal rayonlarındakı neft yataqlarının birgə işlənməsi üzrə sovet-İran müştərək neft şirkətinin yaradılması məsələsinə dair sənəd elə həmin gün İ.Sadçikov tərəfindən Qəvvama təqdim olunmuşdu. Üçüncü sənəd Azərbaycan məsələsinə - yəni SSRİ-nin İranın daxili işlərinə qarışmamasına dair razılaşmaya həsr olunmuşdu. İndi imzalanmış sənədlər gələcək parlament tərəfindən təsdiqlənməli idi. Moskvada tezliklə neft güzəştlərinə dair razılaşma əldə ediləcəyinə ümid bəsləyirdilər. Səfir İ.Sadçikovun parlamentə seçkilərin tezləşdirilməsi imkanı ilə bağlı sualına cavabında Qəvvam dəfələrlə qeyd etmişdi ki, “işğal olunmuş ölkədə” seçkilərin keçirilməsi mümkün deyil və ona görə də sovet qoşunlarının İrandan çıxarılması SSRİ-nin birinci dərəcəli vəzifəsidir.
İstənilən yolla öz məqsədinə - sovet qoşunlarını ölkədən çıxarmağa can atan Qəvvam daha bir qeyri-adi addım atdı: gizli şəkildə üləmaların (dini rəhbərlərin) başçısı ayətullah Bürucerdi ilə razılığa gəldi ki, islam ruhaniləri “ölkə Qızıl Ordunun işğalı altında ikən” seçkilərin keçirilməməsi ilə bağlı çağırışlar etsinlər. Ayətullah Bürucerdi işi elə təşkil elədi ki, bütün yerli üləmalar ölkədə əcnəbi qoşunlar qaldığı müddətcə seçkilərin keçirilməməsi ilə bağlı öz tələblərini teleqrafla hökumətə çatdırdılar. Ruhanilərin etirazı ictimaiyyətin Sovet İttifaqı əleyhinə yeni cəbhəsinin yaranmasına yol açdı.

Sovet qoşunları 1946-cı ilin mayında tam şəkildə İran Azərbaycanından çıxarıldı.
Bu zaman Tehrandakı siyasi qüvvələr tənasübünə indiyədək hökumətin işində fəal iştirak etməyən gənc İran şahı Məhəmməd Rza da qoşuldu. Qərb dövlətlərinin nümayəndələri ilə qurulmuş dostluq münasibətləri sayəsində və heç də əsassız olmayaraq ABŞ-ın fəal dəstəyini hiss edən Məhəmməd Rza baş nazir Qəvvamı “ruslara güzəştə getməkdə” ittiham etdi və onun istefasını istədi. Qəvvam şahdan ona yeni hökumət formalaşdırmaq üçün imkan verilməsini xahiş etməli oldu. Şah bununla razılaşdı, lakin öz şərtlərini irəli sürdü: Qəvvam Tudə partiyasının hökumətdəki üç üzvünü kənarlaşdırmalıdır; o, müavini Müzəffər Firuzu (Moskva ilə məxfi əlaqələrdə şübhəli bilinən) vəzifəsindən azad etməlidir; “Azərbaycan qiyamçıları” ilə danışıqlara son qoymalı, bu əyalətdə İranın suverenliyini bərpa etməlidir. Qəvvam , təkcə birindən – Firuzun istefasından savayı şahın bütün tələbləri ilə razılaşdı. Bu şərtə o, hiyləgərliklə əməl elədi: Müzəffər Firuzu Moskvaya səfir təyin etdilər. Sonradan məlum oldu ki, bu qərar Qəvvama İran ordusunun “qiyamçı əyalətə” girəcəyi təqdirdə Moskvanın mövqeyinin necə olacağı ilə bağlı məsələlərdən baş çıxarmaqda kömək göstərdi. Moskvadan alınmış məlumatları təhlil edən Qəvvam ABŞ-ın İrandakı səfiri Alenlə söhbəti zamanı bəyan etmişdi: “Əgər Sovet İttifaqı İrandakı hədəflərinə çata bilsə, yəni – həm nefti və həm də Azərbaycanı alsa, o bunu edəcək. Amma, əgər o, bunlar arasında seçim etməli olsa, mən əminəm ki, Azərbaycanı qurban verəcək”.

19 oktyabrda yeni hökumətin tərkibi elan edildi ki, burada Tudə partiyasından kimsə yox idi və Qəvvam baş nazir postundan savayı daha iki portfelə yiyələnmişdi – indi o həm də daxili işlər və xarici işlər naziri vəzifələrinə sahib idi.
Bu minvalla, şah sarayının və qərb ölkələrinin təzyiqinə tabe olan Qəvvam öz siyasi kursunu nümayiş etdirdi. Təbii, bu yeni kurs Sovet İttifaqının İranın işlərinə qarışmamasına nail olunması üçün ingilislər və amerikalılarla özünəməxsus razılaşma idi. Britaniya səfiri kabinetdəki dəyişiklikləri “fars milli ruhunun hələ canlı olmasının əlaməti kimi” səciyyələndirdi. Amerika səfiri isə bu addımı “İran tarixində dönüş məntəqəsi” adlandırdı. Eyni zamanda şah da Qəvvamın işlərindən razı qaldı. Sovet təhlükəsinə qarşı ABŞ və Böyük Britaniyanın dəstəyini qazanan və Moskvadakı yeni səfirin köməyi ilə İran qoşunları İran Azərbaycanına daxil olarkən Sovet İttifaqının heç bir ciddi qarşılıq vermək niyyətində olmadığını aydınlaşdıran Qəvvam daha da cəsarətləndi: şahın üçüncü şərtini də yerinə yetirmək lazımdı. Qarşıdakı Məclis seçkilərində qayda-qanunun təmin edilməsi bəhanəsi ilə İran ordusunu əyalətə yeritmək qərara alındı.
Adıgözəl MƏMMƏDOV
Qərbi Kaspi Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müəllimi, Mental Mühəndislik Mərkəzinin rəhbəri