İlham Əliyevdən strateji mesajlar: ABŞ ilə yeni mərhələ və Avropaya açıq XƏBƏRDARLIQ
“Euronews”un təşkil etdiyi “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” tədbirində Prezident İlham Əliyev investorların suallarını özünəməxsus peşəkarlıqla cavablandırdı.
Prezident çıxışında Azərbaycanın əsas iqtisadi prioritetlərini, enerji sektorunun inkişaf istiqamətlərini, ixrac potensialını, süni intellektlə bağlı hədəfləri, mədən sənayesini, ölkənin təhlükəsiz tranzit və regional bağlantılardakı rolunu, “Tramp marşrutu”nu, eləcə də Ermənistanla yolların açılması məsələsini strateji rakursdan təqdim etdi.
Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Xpress.az-a açıqlamasında bildirib.
"Lakin bu görüşdə geniş ictimaiyyət üçün xüsusi əhəmiyyət daşıyan bir anons və bir kəskin vurğu diqqət mərkəzinə çıxdı.
Birinci mühüm məqam ABŞ ilə münasibətlərdə yeni mərhələyə keçidlə bağlı idi. Prezident İlham Əliyev bildirdi ki, Prezident Tramp ilə imzalanmış strateji tərəfdaşlıq sənədi əsasında hazırlanan xartiya demək olar ki, yekunlaşıb və ümid edir ki, bu proses növbəti ay baş tutacaq. Bu sənəddən sonra ABŞ ilə siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da intensivləşəcəyi mesajı verildi.
İkinci məqam isə Avropaya ünvanlanan açıq və kəskin vurğu idi. Prezident qeyd etdi ki, Avropadan Azərbaycana investisiya marağı gözlənilən səviyyədə deyil. Hazırda əsas tərəfdaşlar daha çox Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Çin, Böyük Britaniya və ABŞ şirkətləridir.
Əslində bu mesaj Avropa investorları üçün gecikmədən qərar vermək çağırışı idi: seçim onlardadır, çünki Azərbaycan artıq alternativ və etibarlı tərəfdaşlarla irəliləyir".