2026-cı ildə manatın məzənnəsi: Valyuta bazarında gərgin ANLAR
Davos İqtisadi Forumunda qlobal enerji bazarları, neft qiymətinin perspektivləri və dünya iqtisadiyyatında mövcud risklər əsas müzakirə mövzusu olub. Bu kontekstdə, Azərbaycanın neft gəlirləri və valyuta ehtiyatları nəzərə alınaraq 2026-cı ildə manatın məzənnəsi ilə bağlı real risklərin olub-olmaması sualı diqqət mərkəzindədir.
Mövzu ilə bağlı Xpress.az-a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2026-cı il üçün forumda əsas risk qlobal və geosiyasi dəyişikliklərdir. Xüsusilə bəzi ölkələr arasındakı iqtisadi münasibətlərin siyasi gərginliklərlə müşayiət olunması geosiyasi riskləri artırır və bu, bazarlara birbaşa təsir göstərir.
Cənab Prezident forumda Euronews kanalına verdiyi müsahibədə və panel çıxışlarında qeyd edib ki, Azərbaycan dövlət ehtiyatlarını artıran və iqtisadi artımı sabit saxlayan ölkələr sırasındadır. Qlobal bazarlardakı vəziyyət Azərbaycanın iqtisadiyyatı üçün xüsusi əhəmiyyət kəsb edir, çünki ölkənin ixracının təxminən 80%-i enerji məhsullarından ibarətdir. Buna görə də enerji bazarlarındakı dəyişikliklər ölkəmiz üçün mühüm təsir faktorudur.
2026-cı ildə milli valyutanın məzənnəsi əsasən Mərkəzi Bankın mövqeyindən asılı olacaq. Azərbaycan hələlik sərbəst məzənnə rejiminə keçməyib və fiks məzənnə rejimi tətbiq olunur; bu səbəbdən Mərkəzi Bankın qərarları manatın məzənnəsini müəyyən edən əsas amil olaraq qalır. Eyni zamanda neftin bazar qiymətləri ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir.
Mərkəzi Bank tədiyə balansının vəziyyətinə uyğun olaraq məzənnə siyasətini davam etdirəcək. Bankın dəfələrlə bəyan etdiyi kimi, tədiyə balansı, ölkəyə daxil olan valyuta həcmi və valyuta bazarındakı tarazlıq manatın məzənnəsinin müəyyən olunmasında əsas meyarlardır.
Afaq Qurbanzadə