“Manatlıq taksilər” 20 Yanvarda nəqliyyatın hərəkətini iflic etdi - GÖRÜNTÜLƏR
Bakıda 20 Yanvar dairəsi ərazisində ciddi nəqliyyat sıxlığı yaranıb.
Xpress.az xəbər verir ki, günün pik saatlarında baş verən tıxac həm avtobusların, həm də minik avtomobillərinin hərəkətini iflic vəziyyətə salıb.
Sərnişinlərin sözlərinə görə, xüsusilə ictimai nəqliyyatın hərəkətində gecikmələr müşahidə olunub, bəzi marşrut avtobusları dayanacaqlara 20-30 dəqiqə gecikmə ilə çatıb.
Yaranmış sıxlığın əsas səbəbi kimi isə ərazidə qanunsuz fəaliyyət göstərən, ictimaiyyət arasında “manatlıq taksi” kimi tanınan qeyri-rəsmi minik avtomobilləri göstərilir. Bu avtomobillər yol kənarında və hətta hərəkət zolaqlarında dayanaraq sərnişin götürdüyü üçün nəqliyyat axını süni şəkildə daralır.
Sürücülər bildirirlər ki, həmin maşınlar avtobus dayanacaqlarını zəbt edir, bu isə avtobusların zolağa daxil olub-çıxmasını çətinləşdirir və nəticədə uzun tıxac formalaşır.
Məsələ ilə bağlı sakinlər və sürücülər aidiyyəti qurumları nəzarəti gücləndirməyə, qanunsuz sərnişindaşıma ilə məşğul olanlara qarşı ciddi tədbirlər görməyə çağırırlar.
Qeyd edək ki, 20 Yanvar dairəsi paytaxtın ən intensiv nəqliyyat qovşaqlarından biri hesab olunur və burada yaranan hər hansı sıxlıq şəhərin digər istiqamətlərinə də təsir göstərir.
Xpress.az