Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklə...
Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?
Sağlamlıq

Eyni dərman, fərqli qiymət – dövlət tarifi apteklərdə işləyirmi?

Xpress.az Redaksiyası 20.09.2026 16:54

Azərbaycanda dövlət qeydiyyatına alınmış dərman vasitələrinin pərakəndə satış qiymətlərinin yuxarı həddi Tarif Şurası tərəfindən müəyyən edilir. Buna baxmayaraq, vətəndaşlar eyni təsiredici maddəyə və eyni dozaya malik preparatların müxtəlif apteklərdə fərqli qiymətə satılmasından, daha ucuz dərmanların tapılmamasından və əvəzinə daha bahalı preparatların təklif edilməsindən şikayətlənirlər.

Problem yalnız qiymət fərqi ilə də məhdudlaşmır. Bəzi apteklərdə dərmanların qiymətinin görünən yerdə göstərilmədiyi, alıcılara qəbz verilmədiyi, həkimin yazdığı preparatın əvəzinə isə başqa dərmanların təklif edildiyi bildirilir.

Bəs dövlətin müəyyən etdiyi qiymət mexanizmi real aptek bazarında necə işləyir?

Musavat.com olaraq eyni dozada və eyni buraxılış formasında olan dərmanların qiymətlərini müxtəlif apteklərdə araşdırdıq. Müşahidələrimiz göstərdi ki, eyni preparatın qiymətində aptekdən aptekə fərq yaranır. Bəzi hallarda bu fərq 5-10 qəpik, bəzi hallarda isə 70 qəpik və daha çox təşkil edir.

Bəs bu fərqin səbəbi nədir? Tarif Şurasının müəyyən etdiyi qiymət apteklər üçün son qiymətdir, yoxsa yalnız yuxarı hədd?

Tanınmış həkim, tibb elmləri doktoru Adil Qeybulla Musavat.com-a açıqlamasında bildirib ki, dərman bazarındakı problemin həllini yalnız Tarif Şurasının qiymət tənzimləməsində görmək doğru deyil.

“Tarif Şurası və onun qərarları, məsələyə müdaxiləsi əslində problemin tam həlli deyil. Məsələ burasındadır ki, bu gün dərman bazarında qiyməti diktə edən iri şirkətlərdir. Bu şirkətlər dərmanları ölkəyə gətirir və bazara ciddi təsir göstərirlər. Xırda, şirkətə bağlı olmayan apteklər isə həmin dərmanları alıb müəyyən qiymətə satmalıdır. Aptekin də gəliri olmalıdır, çünki vergi ödəyir.

Digər tərəfdən, iri şirkətlərin fəaliyyəti elə bir vəziyyət yaradır ki, xırda və iri şirkətlərin nəzarətində olmayan apteklər sıradan çıxır. Bu isə sağlam rəqabətin itirilməsinə gətirib çıxarır”.

Həkimin sözlərinə görə, Azərbaycanın dərman bazarında idxaldan asılı olması da qiymət məsələsini çətinləşdirən əsas amillərdəndir:

“Azərbaycan dərman istehsal etmir. Biz dərman baxımından idxaldan asılı ölkəyik. Ona görə də bəzi dərman preparatlarının qiymətlərinin tənzimlənməsi müəyyən problemlər yaradır. Bəzi şirkətlər dərmanları daha ucuz qiymətə gətirmək imkanına malik olur və daha sonra bazarda onu istədikləri qiymətə satırlar.

Digər aptek həmin dərmanı depodan alanda isə üzərinə öz gəlirini, əlavə dəyər vergisini və digər xərcləri hesablamalıdır. Nəticədə aptekin alış qiyməti ilə son satış qiyməti arasında fərq yaranır. Bu baxımdan bəzi apteklər də ciddi problemlərlə üzləşirlər”.

Mütəxəssis apteklərdə qəbz məsələsinə də toxunub. Onun sözlərinə görə, alıcıya qəbz verilməsi yalnız aptekin deyil, istehlakçının da tələb etməli olduğu bir məsələdir.

“Qəbz verilməməsi təkcə aptekə aid məsələ deyil. Qəbz verilməlidir və bu, vətəndaşın da tələbi olmalıdır”, – deyə həkim bildirib.

O, apteklərlə dərman şirkətləri arasında münasibətlərin də ciddi problem yaratdığını qeyd edib:

“Apteklərin bu gün dərman firmaları ilə işbirliyində olması, təəssüf ki, ciddi problemdir. Buna müəyyən qədər rəvac verən səbəblərdən biri də həkimlərin dərmanın kimyəvi tərkibini, yəni təsiredici maddəni yazması ilə bağlı tələb oldu.

Əslində bu tələb də müəyyən problemlər yaratdı. Apteklər ayrı-ayrı firmaların dərmanlarını təbliğ edərək həkimin yazdığı preparatla bağlı ‘yoxdur’, ‘gəlmir’ və sair kimi ifadələr işlədir, onun əvəzinə başqa məhsullar təklif edirlər. Təbii ki, burada korporativ maraqlar rol oynayır”.

Onun fikrincə, dərman bazarında uzunmüddətli və dayanıqlı həll üçün əsas məsələ rəqabət mühitinin formalaşdırılmasıdır.

“Mən düşünürəm ki, bu məsələlər hansısa formada öz həllini tapmalıdır. Bunun ən əsas yolu azad iqtisadi rəqabətdir. Dərman vasitələrinin qiymətinə birbaşa müdaxilə və ya qiymətlərin hansısa qurum tərəfindən müəyyənləşdirilməsi uzunmüddətli perspektivdə özünü doğrultmur.

Əgər istəyiriksə ki, dərman vasitələri əhali üçün daha əlçatan olsun, o zaman icbari tibbi sığortanın paketinə əhalinin ambulator qaydada istifadə etdiyi dərmanlar da daxil edilməlidir. Heç olmasa, həmin dərmanlar vətəndaşlara müəyyən güzəştlərlə təqdim olunmalıdır. Bu çox vacib məsələdir”.

Həkim vətəndaşların reseptsiz, özbaşına və ya başqasının məsləhəti ilə dərman almasından da danışıb:

“Vətəndaşın özbaşına, qonşusunun resepti ilə və sair formada dərman alması isə artıq başqa məsələdir. Bu, həmin şəxsin öz məsuliyyətidir”.

İqtisadçı Natiq Cəfərli isə Musavat.com-a açıqlamasında bildirib ki, Tarif Şurasının müəyyən etdiyi qiymət dərman vasitəsi üçün maksimal satış qiymətidir.

“Tarif Şurası maksimal qiymət müəyyənləşdirib. Yəni dərman vasitəsi həmin qiymətdən baha satıla bilməz. Bu qiymət molekul və istehsalçı ölkə kateqoriyalarına görə müəyyən edilir.

Maksimal qiymətdən aşağı satmaq mümkündür, yuxarı satmaq mümkün deyil. Məsələn, maksimal qiymət 10 manat müəyyənləşdirilibsə, bir aptekdə 10 manat, digərində 9 manat 50 qəpik ola bilər. Amma 11 manata satılması mümkün deyil. Ən azı qanunvericilik baxımından buna yol verilmir. Əgər hansısa yerdə bundan baha satış varsa, həmin məsələni aidiyyəti qurumlar nəzarətdə saxlamalıdır”, – deyə iqtisadçı qeyd edib.

Eyni dərmanın müxtəlif apteklərdə fərqli qiymətə satılması, öz-özlüyündə, Tarif Şurasının müəyyən etdiyi mexanizmin pozulması demək deyil. Çünki müəyyən edilən qiymət yuxarı həddir və apteklər məhsulu həmin həddən aşağı qiymətə sata bilərlər.

Lakin vətəndaşın qarşılaşdığı əsas sual olaraq qalır: eyni dərmanın bir aptekdə daha ucuz, digərində isə daha baha satılması hansı həddə qədər normal rəqabət, hansı məqamdan sonra isə bazardakı problemlərin göstəricisidir?

Dərman bazarında qiymət şəffaflığı, qəbzlərin təqdim edilməsi, həkim reseptinə uyğun preparatın verilməsi və daha ucuz alternativlərin vətəndaşa təqdim olunması məsələləri isə bu sualın cavabında xüsusi əhəmiyyət daşıyır.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

“iPhone” almağa gedənlər

20.09.2026 18:18 Texnologiya

Ermənilər bu ərazini boşaldacaq-

20.09.2026 17:58 Dünya

Bakının mərkəzində parklanma yerləri bağlanır -

20.09.2026 17:45 Cəmiyyət

Maaşınızın ən azı 50 faizi qədər əlavə ödəniş ala bilərsiniz

20.09.2026 17:10 Cəmiyyət

Qeyri-sabit hava ilə bağlı daha bir

20.09.2026 15:51 Cəmiyyət

Silinməyən izlərdən ucalan Suverenlik: Tarixi Ədalətin Bərpası -

20.09.2026 15:42 Siyasət

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?

20.09.2026 12:02 Cəmiyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək