Xocalı Soyqırımı – Tarixin Qanlı Səhifəsi və Bərpa Olunan Ədalət
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq, keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etmiş və dinc əhaliyə qarşı misli görünməmiş vəhşilik törətmişdir.
Soyqırımı nəticəsində 613 nəfər Xocalı sakini qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə ahıl idi. 8 ailə tamamilə məhv edilmiş, 56 nəfər xüsusi qəddarlıqla öldürülmüş, 487 nəfər ağır yaralanaraq şikəst olmuşdur. 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi isə bu günədək naməlum qalır. Sağ qalan sakinlər məcburi köçkünə çevrilərək Azərbaycanın müxtəlif bölgələrində məskunlaşmışlar.
Xocalı faciəsi yalnız rəqəmlərlə ifadə olunan bir statistika deyil – bu, insan taleləri, yarımçıq qalan ömürlər, valideynlərini itirən uşaqlar, əsir aparılan qocalar və amansızcasına qətlə yetirilən qadınların acı hekayəsidir. Hadisənin şahidlərinin ifadələri və beynəlxalq jurnalistlərin çəkdikləri fotolar həmin gecənin dəhşətini bütün dünyaya göstərmişdir.
İşğal nəticəsində şəhərdə yüzlərlə yaşayış evi, sosial və mədəni obyekt, məktəb, klub, mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi dağıdılmış, XIV–XV əsrlərə aid tarixi abidələr və qəbiristanlıqlar məhv edilmişdir.
Ümummilli Lider Heydər Əliyev tərəfindən 1994-cü ildə imzalanmış fərmana əsasən, 26 fevral “Xocalı Soyqırımı Günü” elan edilmişdir. Həmin vaxtdan etibarən hər il ölkə daxilində və xaricdə anım mərasimləri keçirilir, faciənin beynəlxalq səviyyədə tanıdılması istiqamətində ardıcıl iş aparılır.
2008-ci ildən Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasına start verilmişdir. Kampaniyanın təşəbbüskarı Fondun vitse-prezidenti Leyla Əliyevadır. Məqsəd dünya ictimaiyyətini Xocalı faciəsi barədə məlumatlandırmaq və bu cinayətə beynəlxalq hüquqi-siyasi qiymət verilməsinə nail olmaqdır. Bu günədək yüz minlərlə insan və 100-dən çox təşkilat kampaniyanı dəstəkləmişdir.
Azərbaycan dövləti Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması üçün diplomatik və hüquqi müstəvidə sistemli fəaliyyət göstərir. İslam Əməkdaşlıq Təşkilatının 2012-ci ildə keçirilmiş 39-cu sessiyasında Xocalı hadisələri soyqırımı kimi tanınmışdır. Müxtəlif ölkələrin parlamentləri və ABŞ-ın bir sıra ştatları da bu faciəni qətliam və ya soyqırımı kimi qəbul etmişdir.
Prezident İlham Əliyev Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində ardıcıl fəaliyyət göstərir. 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucaldılması tarixi ədalətin bərpasının rəmzinə çevrilmişdir. 2025-ci il fevralın 25-də “Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamın imzalanması isə bu yaddaşın əbədiləşdirilməsi istiqamətində mühüm addımdır.
Xocalıya qayıdış prosesi dövlətin həyata keçirdiyi genişmiqyaslı “Böyük Qayıdış” proqramının əsas istiqamətlərindəndir. Bu qayıdış yalnız fiziki məskunlaşma deyil, həm də tarixi ədalətin bərpası, sosial-iqtisadi dirçəliş və milli yaddaşın yenidən canlandırılması deməkdir. Artıq yüzlərlə ailə doğma torpaqlarına qayıtmışdır.
Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ağır cinayətdir və bu faciənin unudulmaması həm tarixi borc, həm də gələcək nəsillər qarşısında mənəvi məsuliyyətdir. Ədalət olmadan dayanıqlı sülh mümkün deyil. Tarix isə bu ədaləti daim xatırlayacaq.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva