Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Xocalıda dinc sakinlərin qətli –
Xocalıda dinc sakinlərin qətli –
Siyasət

Xocalıda dinc sakinlərin qətli – Ermənistanın azərbaycanlıların tam etnik təmizlənməsi planının bir hissəsi idi

Xpress.az Redaksiyası 26.02.2026 10:42

1992-ci ilin fevralında erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərini mühasirəyə aldı. Mühasirədə qalan yerli sakinlər şəhəri tərk etməyə məcbur oldular. Onların əksəriyyəti qarlı dağ cığırları ilə piyada Ağdama doğru hərəkət edirdi.

Lakin erməni qüvvələri dinc əhaliyə çataraq yüzlərlə insanı – qadınları, uşaqları və qocaları amansızlıqla qətlə yetirdilər. Yaralılar yaxın məsafədən atəş açılaraq öldürülürdü. Təqibdən qaçmağa çalışanların bir hissəsi isə Ağdama çata bilmədən soyuqdan donaraq həyatını itirdi.

Xocalının 613 sakini vəhşicəsinə qətlə yetirildi, 150 nəfərin taleyi isə bu günə qədər naməlum olaraq qalır.

Hadisədən bir neçə il sonra Ermənistanın o zamankı prezidenti və həmin dövrdə baş verənlərin iştirakçılarından biri olan Serj Sarqsyan xarici jurnalistə verdiyi müsahibədə belə demişdi: “Onlar (azərbaycanlılar) düşünürdülər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz bu stereotipi sındırmalı idik. Elə də oldu”.

Bu fikir erməni qoşunlarının hərəkətlərinin və o dövrdəki siyasi rəhbərliyin niyyətlərinin mahiyyətini açıq şəkildə ifadə edirdi. Söhbət təkcə Azərbaycan ərazilərinin işğalından getmirdi. Əsas məqsəd həmin ərazilərdə azərbaycanlı əhalinin tamamilə sıxışdırılıb çıxarılması idi. İnsanların qarşısında faktiki olaraq iki seçim qoyulmuşdu: ya doğma torpaqlarını tərk etmək, ya da ölüm təhlükəsi ilə üz-üzə qalmaq.

Beləliklə, Xocalıda dinc sakinlərin qətli ayrı-ayrı hərbçilərin təşəbbüsü və ya özbaşınalığı deyildi. Bu, etnik təmizləmə, işğal və sonradan Azərbaycan ərazilərinin anneksiyası siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Sonrakı hadisələr də bu ssenarinin sistemli xarakter daşıdığını göstərdi. İşğal edilən ərazilərdə eyni model tətbiq olunurdu: əhali tamamilə qovulur, qaça bilməyənlər isə ya öldürülür, ya da müxtəlif silahlı dəstələr tərəfindən əsir götürülürdü. Həmin dövrdə adları hallanan şəxslərdən biri də Ermənistanın generalı kimi tanınan Manvel Qriqoryan idi.

Bu gün Xocalı faciəsinin ildönümü fərqli emosiyalarla qeyd olunur. Azərbaycanın işğal olunmuş ərazilərində, o cümlədən Xocalıda törədilmiş cinayətlərdə ittiham olunan bir sıra şəxslər hazırda Bakıda məhkəmə qarşısındadır və ya cəza çəkirlər. Onların arasında keçmiş qondarma “Artsax rəhbərləri”, hərbi rəhbərlər və hadisələrin birbaşa icraçıları da var. Şübhəsiz ki, 30 illik işğalın planlaşdırılmasında və həyata keçirilməsində iştirak edən şəxslərin siyahısı daha genişdir.

Bu gün regionda sülhün bərqərar olması üçün yeni imkan yaranıb. Azərbaycan müharibə səhifəsini bağlamağa hazır olduğunu bəyan edir. Lakin Xocalı kimi tariximizin qanlı və faciəli səhifələri heç vaxt unudulmayacaq.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini

Nigar Arpadarai 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək