Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–İran münasibətləri hara gedir?
Azərbaycan–İran münasibətləri hara gedir?
Siyasət

Azərbaycan–İran münasibətləri hara gedir?

Xpress.az Redaksiyası 06.03.2026 09:26

Azərbaycan və İran arasında münasibətlər dünyanın ən mürəkkəb geosiyasi əlaqələrindən biridir və bu münasibətlər tarixi, coğrafi və demoqrafik amillərlə sıx bağlıdır.

Tarixə nəzər saldıqda görürük ki, Gülüstan müqaviləsi və Türkmənçay müqaviləsi vahid regionu və eyni xalqı faktiki olaraq bir neçə hissəyə bölmüşdür. Daha sonra Rusiya imperiyası tərkibində erməni vilayəti yaradıldı və zaman keçdikcə həmin ərazilərdən azərbaycanlı əhali mərhələli şəkildə sıxışdırılıb çıxarıldı. Araz çayı isə bir xalqın bölünməsinin simvoluna çevrildi.

Bununla belə, münasibətlərin bütün mürəkkəbliyinə baxmayaraq, son dövrlərdə belə bir təəssürat yaranmışdı ki, Azərbaycan və İran mövcud problemləri müəyyən dərəcədə həll etməyə çalışırlar. Sanki hər iki tərəf anlayırdı ki, ölkələr mümkün vasitələrlə qarşıdurmadan qaçmalı və qarşılıqlı faydalı layihələr həyata keçirməlidirlər.

Eyni zamanda Azərbaycanda yaxşı bilirlər ki, bu illər ərzində cənub qonşumuzun müxtəlif strukturları pərdəarxası üsullarla dövlətimizin və cəmiyyətimizin inkişafına mane olmağa çalışıblar. Həmin qurumlar uzun müddət Qarabağdakı erməni işğalçılarına müxtəlif formalarda dəstək veriblər. Halbuki rəsmi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirirdilər. Bunun əksinə olaraq, Azərbaycan heç vaxt İrana qarşı bu cür fəaliyyət həyata keçirməyib.

Lakin bu gün İran tərəfindən strateji əhəmiyyətə malik obyektə – Naxçıvan Beynəlxalq Hava Limanı istiqamətində birbaşa hücum həyata keçirildiyi bildirilir. Ardınca məktəbə edilən hücum isə açıq mesaj verir ki, ilk dron hadisəsi təsadüfi olmayıb və biz planlaşdırılmış əməliyyatla qarşı-qarşıya qala bilərik.

Şübhəsiz ki, baş verən hadisələrlə bağlı müxtəlif versiyalar səsləndiriləcək. Kimlərsə simpatiya və ya antipatiyalarına uyğun olaraq, yaxud sifarişli şəkildə bunun təsadüf olduğunu, ayrı-ayrı iranlı komandirlərin özbaşına hərəkəti olduğunu və ya üçüncü tərəfin təxribatı olduğunu iddia edəcəklər.

Lakin dövlətlərarası münasibətlərin qurulduğu sadə bir prinsip var: hər bir dövlət öz ərazisindən qonşularına qarşı birbaşa və ya dolayı təhlükələrin yaranmamasını bütün mümkün vasitələrlə təmin etməlidir. Qonşu ölkələrin ərazisindən hədəfli döyüş sursatları uçub gəlməməlidir. Hər bir dövlət öz ərazisində baş verən hadisələrə görə məsuliyyət daşıyır. Suverenlik prinsipinin mahiyyəti də məhz bundan ibarətdir.

Bu isə o deməkdir ki, baş verənlərə görə siyasi və hüquqi məsuliyyət İran hökumətinin və ordusunun üzərinə düşür. Bu məsuliyyət yalnız hadisəni araşdırmaqla bitmir. Eyni zamanda araşdırmanın nəticələrinin Azərbaycan tərəfinə şəffaf şəkildə təqdim olunması da zəruridir.

İranın bir çox digər qonşularından fərqli olaraq, Azərbaycan uzun illər təhlükəsiz və mehriban qonşu olub. Azərbaycan nə özü problem yaradıb, nə də üçüncü ölkələrin öz ərazisindən İrana qarşı fəaliyyət göstərməsinə imkan verib. Bunu isə nə ABŞ qoşunlarının yerləşdiyi Fars körfəzi ölkələri, nə də sərhədləri boyunca tez-tez silahlı qrupların hərəkət etdiyi İraq, Pakistan və Əfqanıstan haqqında demək olar. Ermənistan isə öz ərazisinə Avropa “müşahidəçi” missiyasını dəvət edib. Hətta İranın Türkiyə ilə sərhədi belə son illərdə daha yaxşı qorunsa da, tarixən tam sakit olmayıb.

Bütün bunlar göstərir ki, İranın beynəlxalq hüququn, sülh və mehriban qonşuluq prinsiplərini kobud şəkildə pozması Azərbaycanı milli maraqlarının, müdafiə və təhlükəsizlik ehtiyaclarının diktə etdiyi addımlar atmağa məcbur edə bilər.

Bununla yanaşı, ən sadə siyasi analiz də göstərir ki, İran mövcud geosiyasi və daxili vəziyyətində Azərbaycanla açıq qarşıdurmaya getmək imkanlarına malik deyil.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini

Nigar Arpadarai 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək