XIII Qlobal Bakı Forumu: Azərbaycan sülh və dialoq üçün nüfuzlu platforma yaratdı
Prezident cənab İlham Əliyevin himayəsi və təşkilatçılığı, həmçinin Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşəbbüsü ilə Bakıda keçirilən Qlobal Bakı Forumu artıq ənənəvi beynəlxalq tədbirə çevrilib. Bu forum illər ərzində nüfuzlu diplomatik platforma kimi tanınıb və dünyada keçirilən iri miqyaslı beynəlxalq forumlarla eyni səviyyədə qiymətləndirilir.
Forumun artan nüfuzu tədbirdə iştirak edən sabiq dövlət və hökumət başçılarının, nüfuzlu siyasətçilərin, eləcə də beynəlxalq təşkilatların rəhbərlərinin sayının ildən-ilə artması ilə də özünü göstərir.
2026-cı il martın 12-dən etibarən Bakıda “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda XIII Qlobal Bakı Forumu öz işinə başlayıb. Forum çərçivəsində müasir dövr üçün aktual olan məsələlər, eləcə də dünyada geosiyasi gərginliyin artdığı şəraitdə qlobal münaqişələrin həlli yolları müzakirə olunur və müxtəlif təkliflər irəli sürülür.
Forumun açılış mərasimində çıxış edən Prezident İlham Əliyev müasir dünyada hər bir dövlət üçün təhlükəsizlik və müdafiə məsələlərinin prioritet əhəmiyyət daşıdığını xüsusi vurğulayıb. Dövlət başçısı qeyd edib ki, ölkələrin suverenliyi və ərazi bütövlüyü beynəlxalq hüquq prinsipləri çərçivəsində qorunmalıdır.
Bu baxımdan Azərbaycanın beynəlxalq hüquqa əsaslanaraq hərbi, siyasi və diplomatik yollarla 30 il işğal altında qalan torpaqlarını azad etməsi və suverenliyini tam bərpa etməsi dünya üçün mühüm nümunədir. Prezident çıxışında torpaqlarımızın işğal altında olduğu dövrdə Azərbaycanın müxtəlif təzyiqlərlə üzləşdiyini, həmçinin ATƏT-in Minsk qrupunun səmərəsiz fəaliyyətini də xatırladıb. Qeyd olunub ki, Minsk qrupu illər ərzində münaqişənin həlli istiqamətində real nəticələr əldə edə bilməyib.
Azərbaycan son onilliklərdə öz gücünə hərbi və siyasi vasitələrlə ərazi bütövlüyünü bərpa edən nadir dövlətlərdən biridir. Bununla yanaşı, ölkəmiz regionda sülhün və sabitliyin təmin olunması təşəbbüsü ilə çıxış edib.
Prezident İlham Əliyev beynəlxalq tədbirlərdə etdiyi çıxışlarda Azərbaycanın sülhün, ədalətin və qarşılıqlı əməkdaşlığın tərəfdarı olduğunu dəfələrlə bəyan edib. XIII Qlobal Bakı Forumu da ölkəmizin bu siyasətə sadiqliyini bir daha nümayiş etdirir.
Azərbaycan dünya ictimaiyyətinə göstərdi ki, münaqişələrin ən optimal həlli ilk növbədə münaqişə tərəflərinin siyasi iradəsindən asılıdır. Bu siyasətin nəticəsidir ki, Azərbaycan və Ermənistan arasında artıq sülh istiqamətində mühüm addımlar atılır.
Regionda davamlı sülhün təmin olunması məqsədilə Azərbaycan Ermənistanla nəqliyyat kommunikasiyalarının açılmasını dəstəkləyir. Bu proses həm də Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin bərpasına xidmət edir.
Hazırda Azərbaycandan keçməklə Ermənistana müxtəlif yüklər daşınır, eyni zamanda Azərbaycan Ermənistana yanacaq məhsulları ixrac edir. Bu isə iki ölkə arasında ticarət əlaqələrinin formalaşmasına və regionda iqtisadi əməkdaşlığın genişlənməsinə töhfə verir.
Azərbaycan yalnız regionda deyil, beynəlxalq miqyasda da siyasi və iqtisadi əməkdaşlığın inkişafına mühüm töhfə verən ölkələrdən biridir. Hazırda Azərbaycan dünyanın 16 ölkəsinə təbii qaz ixrac edir və onların 10-u Avropa dövlətləridir. Bu isə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin rolunu daha da artırır.
Müasir dövrdə enerji təhlükəsizliyi milli təhlükəsizliyin əsas elementlərindən biri hesab olunur. Yaxın gələcəkdə Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin də Avropa ölkələrinə ixracı planlaşdırılır ki, bu da qlobal enerji təhlükəsizliyinə əlavə töhfə verəcək.
XIII Qlobal Bakı Forumu Azərbaycanın irəli sürdüyü sülh gündəliyinin təqdim olunduğu mühüm beynəlxalq platformadır. Bu forum qlobal münaqişələrin sülh yolu ilə həlli istiqamətində fikir mübadiləsi aparılması və praktik tövsiyələrin irəli sürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor