Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Azərbaycan–Gürcüstan münasibətləri: regional sabit...
Azərbaycan–Gürcüstan münasibətləri: regional sabitlik və strateji tərəfdaşlığın nümunəsi
Siyasət

Azərbaycan–Gürcüstan münasibətləri: regional sabitlik və strateji tərəfdaşlığın nümunəsi

Xpress.az Redaksiyası 08.04.2026 11:34

Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən biri region dövlətləri, xüsusilə qonşu ölkələrlə dostluq münasibətlərinin qurulmasıdır. Azərbaycanla Ermənistan arasında keçmiş Qarabağ münaqişəsi səbəbindən münasibətlərin xarakteri uzun müddət mürəkkəb olmuşdur. Lakin ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra Cənubi Qafqaz regionunda yeni reallıqlar formalaşmışdır. Hazırda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində müəyyən addımlar atılır. Gürcüstanla münasibətlər isə hər zaman yüksək səviyyədə olmuşdur.
Prezident cənab İlham Əliyevin Gürcüstana son səfəri regionda yaranmış yeni reallıqlar fonunda xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçısının yüksək səviyyədə qarşılanması, Gürcüstan Prezidenti və Baş naziri ilə keçirilən görüşlər, aparılan danışıqlar bir daha sübut edir ki, iki ölkə arasında möhkəm dostluq münasibətləri mövcuddur və bu əlaqələr gələcəkdə daha da inkişaf etdiriləcək.
Məlumdur ki, regionumuzun həm şimalında, həm də cənubunda hərbi münaqişələr davam edir. Bu baxımdan Prezident İlham Əliyevin Gürcüstana səfəri Cənubi Qafqazda sülhün və sabitliyin qorunması baxımından da mühüm əhəmiyyət daşıyır. Dövlət başçısı çıxışlarında dəfələrlə vurğulamışdır ki, Azərbaycan hər zaman regionda sülhün, əmin-amanlığın və əməkdaşlığın tərəfdarı olub. Gürcüstan rəhbərliyi də bu mövqeyi dəstəkləyir.
Ümumilikdə, Azərbaycan və Gürcüstan həm siyasi, həm də iqtisadi sahələrdə eyni mövqedən çıxış edirlər. Hər iki dövlət beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri digər qonşu ölkələr üçün nümunə sayıla biləcək səviyyədədir.
Uzun illərdir ki, iki ölkə arasında sıx iqtisadi əməkdaşlıq mövcuddur və bu əlaqələr hər il daha da dərinləşir. Azərbaycan nefti Bakı–Tbilisi–Ceyhan boru kəməri vasitəsilə Avropaya nəql olunur. Eyni zamanda, Cənub Qaz Dəhlizi vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edilir ki, bu da Gürcüstan ərazisindən keçməklə həyata keçirilir. Bu layihələr Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir və strateji əhəmiyyət daşıyır.
Orta Dəhlizin Azərbaycan və Gürcüstan ərazisindən keçməsi hər iki ölkənin Avrasiya məkanındakı rolunu daha da artırır. Prezident İlham Əliyevin təşəbbüsü ilə reallaşdırılan Bakı–Tbilisi–Qars dəmir yolu xətti Avropa ilə Asiyanı birləşdirən mühüm nəqliyyat marşrutudur. Ələt Beynəlxalq Dəniz Limanının istifadəyə verilməsi də bu baxımdan xüsusi önəm kəsb edir. Çin və Mərkəzi Asiya ölkələrindən gələn yüklər Ələt limanı vasitəsilə Gürcüstanın Batumi və Poti limanlarına, oradan isə Avropaya daşınır. Bu marşrut həm iqtisadi, həm də vaxt baxımından olduqca səmərəlidir.
Bununla yanaşı, yaşıl enerji sahəsində də Azərbaycan və Gürcüstan arasında birgə layihələr həyata keçirilir. Azərbaycanda istehsal olunacaq yaşıl enerjinin Gürcüstan ərazisindən keçərək Qara dənizin dibi ilə kabel vasitəsilə Avropaya ixracı planlaşdırılır.
Nəticə etibarilə, Prezident İlham Əliyevin Gürcüstana səfəri iki ölkə arasında strateji tərəfdaşlıq münasibətlərinin daha da genişlənməsinə və möhkəmlənməsinə mühüm töhfə verəcəkdir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək