Çavuşoğlu: Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək
Avropa Türkiyə olmadan təhlükəsizlik sistemini qura bilməyəcək, iyulda Ankarada keçiriləcək NATO sammiti isə gərginliyin azaldılmasına və alyans müttəfiqləri arasında birliyin möhkəmləndirilməsinə töhfə verəcək.
Xpress.az-ın Antalyaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türkiyənin sabiq xarici işlər naziri, ölkə parlamentinin NATO-dakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu bildirib.
O qeyd edib ki, Avropa İttifaqı (Aİ) ölkələri çox vaxt Aİ-yə daxil olmayan ölkələri, o cümlədən Türkiyə kimi NATO tərəfdaşlarını gözardı edirlər.
"Türkiyə kimi bir ölkə olmadan Avropanın təhlükəsizlik arxitekturasını qurmaq qeyri-mümkündür. Ankaradakı sammitdə prezident (Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan - red.) qonaqları qəbul etməklə yanaşı, gərginliyin azaldılması və NATO müttəfiqləri arasında birlik və həmrəyliyin bərpa olunması üçün səylər göstərmək niyyətindədir", - o, Antalya Diplomatiya Forumunun panel sessiyasında çıxış edərkən bildirib.
ABŞ Prezidenti Donald Tramp tərəfindən NATO-nun fəaliyyətinin tənqid edilməsinə toxunan Çavuşoğlu qeyd edib ki, onun ilk prezidentlik dövründə Vaşinqtonun əsas gözləntisi avropalı müttəfiqlərin NATO-nun fəaliyyətinə və əməliyyatlarına töhfəsinin artırılması idi.