Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət 28 May – Azərbaycan Dövlətçiliyinin Zəfər Tarixi
28 May – Azərbaycan Dövlətçiliyinin Zəfər Tarixi
Cəmiyyət

28 May – Azərbaycan Dövlətçiliyinin Zəfər Tarixi

Xpress.az Redaksiyası 25.05.2026 11:14

28 May Azərbaycan dövlətçiliyinin bərpası, milli azadlıq ideallarının gerçəkləşməsi və xalqın müstəqil yaşamaq iradəsinin təntənəsi kimi böyük tarixi əhəmiyyət daşıyır. 1918-ci il mayın 28-də Şərqdə ilk demokratik parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edildi. Bununla Azərbaycan xalqı əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrini yenidən dirçəldərək müstəqil və demokratik dövlət qurmaq əzmini bütün dünyaya nümayiş etdirdi.

XX əsrin əvvəllərində dünyada və regionda baş verən siyasi proseslər Azərbaycan xalqının milli azadlıq hərəkatını daha da gücləndirdi. Çar Rusiyasının süqutundan sonra Cənubi Qafqazda yeni siyasi şərait formalaşdı. 1918-ci il mayın 28-də Tiflisdə fəaliyyət göstərən Milli Şura tərəfindən “İstiqlal Bəyannaməsi” qəbul edildi və Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı elan olundu. Bu tarixi sənəd xalqın suveren hüquqlarını təsbit edir, Azərbaycanın müstəqil dövlət olduğunu bəyan edirdi. Cümhuriyyətin qurucuları sırasında Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov və digər görkəmli ziyalılar mühüm rol oynamışlar.
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin xarici siyasətdə əsas məqsədi yeni yaradılmış dövləti beynəlxalq aləmdə tanıtmaq idi. Milli hökumətin qarşısında duran başlıca vəzifələrdən biri Paris Sülh Konfransında Azərbaycan Xalq Cümhuriyyətinin müttəfiq dövlətlər tərəfindən tanınmasına nail olmaq, həmçinin dünyanın aparıcı ölkələri ilə diplomatik əlaqələr qurmaqdan ibarət idi. Bu məqsədlə Avropanın bir sıra dövlətlərinə yeni yaranmış respublika haqqında rəsmi məlumatlar göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etdi. Respublika demokratik idarəçilik prinsiplərinə əsaslanırdı. İlk dəfə qadınlara seçki hüququnun verilməsi, parlamentin yaradılması, dövlət atributlarının qəbul olunması və milli ordunun formalaşdırılması həmin dövr üçün böyük tarixi hadisələr idi. Azərbaycan parlamentində müxtəlif millətlərin nümayəndələrinin təmsil olunması ölkədə tolerantlıq və demokratik dəyərlərin mövcudluğunu göstərirdi. Həmin dövrdə Azərbaycan dili dövlət dili elan edildi, milli təhsil sistemi formalaşdırıldı, elm və mədəniyyət sahəsində mühüm addımlar atıldı. 1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması isə Cümhuriyyətin ən mühüm nailiyyətlərindən biri kimi tarixə düşdü.
1920-ci ilin aprelində bolşevik Rusiyasının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dayandırıldı və ölkə sovet hakimiyyəti altına keçdi. Bununla belə, xalqın azadlıq və müstəqillik arzusu heç zaman sönmədi.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə Azərbaycan yenidən dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu və Azərbaycan öz müstəqilliyini yenidən elan etdi. Müasir Azərbaycan Respublikası özünü Azərbaycan Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi elan etmişdir.
Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi siyasət Azərbaycan tarixində xüsusi yer tutur. Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə siyasi sabitlik təmin edildi, dövlətçilik ənənələri möhkəmləndirildi və Azərbaycanın beynəlxalq nüfuzu daha da artdı. Məhz onun rəhbərliyi ilə milli dövlətçilik ideologiyası formalaşdı, azərbaycançılıq məfkurəsi inkişaf etdirildi və Azərbaycan dünya birliyində layiqli yer tutdu.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan qısa müddətdə regionun aparıcı dövlətlərindən birinə çevrildi. Onun həyata keçirdiyi siyasət xalqımızın tarixi-mədəni yaddaşının qorunmasına, milli mənlik şüurunun inkişafına və müstəqillik ideallarının möhkəmlənməsinə mühüm töhfə verdi.
Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi və hərbi sahələrdə mühüm nailiyyətlər qazanmış, beynəlxalq arenada mövqelərini daha da gücləndirmişdir. Ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması, beynəlxalq enerji və nəqliyyat layihələrində fəal iştirakı Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndiyini göstərir.
2007-ci il mayın 25-də Bakının İstiqlaliyyət küçəsində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılış mərasimində Prezident İlham Əliyev iştirak etmişdir. Dövlət başçısının Azərbaycan Xalq Cümhuriyyətinin 90 və 100 illik yubileylərinin keçirilməsi ilə bağlı imzaladığı sərəncamlar milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Həmin qanuna əsasən, 28 May — Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olundu. Bu qərar Azərbaycanın dövlət suverenliyinin təməlində məhz 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin dayandığını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi həyata keçirdiyi uğurlu siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü təmin etdi, xalqımız isə dünyada qalib və mübariz xalq kimi tanındı.
Beləliklə, 28 May Azərbaycan xalqının milli azadlıq mübarizəsinin zirvəsi və müasir dövlətçiliyimizin əsas təməlidir. Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət mövcud olsa da, xalqımızın tarixində silinməz iz qoymuşdur. Bu gün müstəqil Azərbaycanın əldə etdiyi uğurlar həmin müqəddəs irsin davamı və təntənəsidir.
Müstəqilliyimizin əbədi və dönməz olması naminə hər bir Azərbaycan vətəndaşı dövlətinə sadiq olmalı, milli birlik və həmrəyliyi daim qorumalıdır. 28 May — Müstəqillik Günü xalqımızın azadlıq ruhunun, milli qürurunun və dövlətçilik ənənələrinin ən parlaq simvoludur.
Milli Məclisin deputatı
Pərvanə Vəliyeva

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək