Azərbaycan Xalq Cümhuriyyəti və Müstəqil Azərbaycan Dövlətçiliyinin İnkişaf Yolu
Qədim dövrlərdən Azərbaycan böyük dövlətçilik ənənələrinə malik olmuşdur. Tarixin müxtəlif mərhələlərində Azərbaycan güclü inkişaf yolu keçərək geniş ərazilərə sahib olmuşdur. Lakin zaman keçdikcə işğalçı qüvvələr torpaqlarımızı zəbt etmiş, xalqımızın müstəqilliyi əlindən alınmışdır.
XX əsrin əvvəllərində Çar imperiyasının süqutu nəticəsində Azərbaycan ziyalıları 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini yaratmış və ölkənin müstəqilliyini elan etmişlər. Təəssüf ki, bu müstəqil dövlətin ömrü uzun sürməmişdir. Cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti daşnak-bolşevik qüvvələrinin və daxildəki xəyanətkar ünsürlərin hərbi təcavüzü nəticəsində süquta uğramışdır.
Qısa müddət mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin müstəqilliyini dünyaya tanıtmış, xalqımızın azad və müstəqil yaşamağa qadir olduğunu sübut etmişdir. AXC dövründə Azərbaycanın ilk parlamenti və hökuməti yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. Parlamentdə milli müstəqilliyin möhkəmləndirilməsi, siyasi və iqtisadi inkişafın təmin olunması, demokratik prinsiplərin bərqərar edilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti bütün vətəndaşlara bərabər hüquqlar verməklə dini və irqi ayrı-seçkiliyi aradan qaldırmışdır. Qısa müddətdə Milli Ordu formalaşdırılmış, Qafqaz İslam Ordusu ilə birlikdə Bakı və ətraf ərazilər işğaldan azad edilmişdir.
AXC-nin xarici siyasətinin əsas məqsədi Azərbaycanın dünya dövlətləri tərəfindən tanınmasına nail olmaq idi. Bu məqsədlə Paris Sülh Konfransına Cənubi Qafqazda yeni müstəqil dövlətin yarandığı barədə rəsmi məlumatlar göndərilmişdir. Şərq dəyərləri ilə Avropa demokratik prinsiplərini özündə birləşdirən dövlət modeli qurulmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti xalqın milli şüurunun formalaşmasına və dövlətçilik ideyalarının güclənməsinə mühüm töhfə vermişdir.
1918-ci ildə qəbul edilmiş qərara əsasən təhsil ana dilində aparılmağa başlanmışdır. 1919-cu ilin sentyabrında parlamentdə Bakı şəhərində universitet açılması barədə qərar qəbul edilmiş, Azərbaycan Dövlət Universitetinin Nizamnaməsi təsdiqlənmişdir. Universitetin fəaliyyətə başlaması milli kadrların hazırlanması istiqamətində mühüm addım olmuşdur. Bununla yanaşı, digər ali və orta ixtisas təhsil müəssisələrinin yaradılması istiqamətində hazırlıq işləri aparılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti ədliyyə sahəsinə də xüsusi diqqət yetirmişdir. 1918-ci il mayın 28-də Ədliyyə Nazirliyi təsis edilmişdir.
Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən qat-qat çətindir.” Azərbaycan Xalq Cümhuriyyəti də mövcud geosiyasi şəraitdə müstəqilliyini qoruyub saxlaya bilməmişdir.
1991-ci ildə Azərbaycan xalqı yenidən müstəqil dövlət qurmağa nail olmuşdur. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir.
Lakin müstəqilliyin ilk illərində ölkədə ağır siyasi və iqtisadi vəziyyət hökm sürürdü. Hakimiyyətdə olan şəxslərin səriştəsizliyi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ölkəni parçalanmaq və müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə mürəkkəb şəraitdə xalqın tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdı və Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər həyata keçirdi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda vətəndaş müharibəsinin qarşısını aldı, dövlət müstəqilliyini möhkəmləndirdi və ölkənin gələcək inkişaf strategiyasını müəyyənləşdirdi. 1993-cü ildə Prezident seçildikdən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. İqtisadiyyat sürətlə inkişaf etməyə başladı, Azərbaycanın beynəlxalq nüfuzu artdı. Xarici təzyiqlərə baxmayaraq, Heydər Əliyevin rəhbərliyi ilə beynəlxalq enerji layihələri həyata keçirildi və “Əsrin müqaviləsi” imzalandı.
Heydər Əliyevin müəyyən etdiyi iqtisadi strategiya nəticəsində xarici şirkətlər Azərbaycana sərmayə yatırmağa başladılar. Sahibkarlığın inkişafı, sərbəst iqtisadi rəqabət və iqtisadiyyatın modernləşdirilməsi istiqamətində mühüm islahatlar həyata keçirildi.
Ulu Öndər Heydər Əliyev dərin biliyə, güclü siyasi iradəyə, fenomenal yaddaşa malik müdrik və qətiyyətli dövlət xadimi idi. Azərbaycan dövlət müstəqilliyinin əsasları məhz Naxçıvanda onun rəhbərliyi ilə qoyulmuşdur. 1990-cı il noyabrın 17-də Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Sovet İttifaqının mövcud olduğu dövrdə belə bir qərarın qəbul edilməsi böyük siyasi cəsarət nümunəsi idi.
Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Ermənistanla atəşkəs əldə olunmuş, bundan sonra iqtisadi inkişaf və ordu quruculuğu istiqamətində mühüm addımlar atılmışdır. Güclü Azərbaycan Ordusunun əsası qoyulmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımız bu gün Şuşada və işğaldan azad edilmiş bütün torpaqlarımızda dalğalanır.
Bu gün Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanı daha da güclü və nüfuzlu dövlətə çevirmişdir. Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatına inteqrasiya olunmuş, həyata keçirilən islahatlar nəticəsində əhalinin sosial rifahı yüksəlmişdir. Azərbaycanın beynəlxalq əlaqələri genişlənmiş, ölkəmiz regionun və dünyanın mühüm dövlətlərindən birinə çevrilmişdir.
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan Avropanın əsas enerji təchizatçılarından biri olmuşdur. Eyni zamanda ölkəmizdə tolerantlıq və multikulturalizm dəyərlərinin qorunması və inkişaf etdirilməsi dünya üçün nümunə hesab olunur.
Prezident İlham Əliyev dövlətçilik ənənələrinə daim böyük diqqət və ehtiram göstərir. 2007-ci il mayın 25-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış İstiqlal Bəyannaməsi abidəsinin açılış mərasimində iştirak etmiş, 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsi isə dövlətçilik tariximizə verilən yüksək dəyərin göstəricisi olmuşdur.
2021-ci il oktyabrın 15-də “Müstəqillik Günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Həmin qanuna əsasən, 28 May — Müstəqillik Günü, 18 Oktyabr isə Müstəqilliyin Bərpası Günü elan olunmuşdur.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor