Müstəqil Azərbaycanın Gücü: Qarabağın Dirçəlişi və Böyük Qayıdış
Müstəqillik Günündə Prezident cənab İlham Əliyevin Xankəndi, Şuşa və Xocalıya səfəri olduqca zəngin proqramı və maraqlı məqamları ilə yadda qaldı. Əvvəlki səfərlərdə olduğu kimi, dövlət başçımız bu dəfə də Xankəndi və Xocalıda yeni istehsal müəssisələrinin açılışında iştirak etdi.
2020-ci il Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbədən sonra Prezident cənab İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və yenidənqurma işlərinə start verildi. Görülən bütün işlərə Prezident cənab İlham Əliyevin şəxsən nəzarət etməsi və bu prosesi daim diqqətdə saxlaması xüsusi əhəmiyyət daşıyır. Şəhər və kəndlərimizin bərpası Prezident tərəfindən təsdiq edilmiş Baş Plana uyğun şəkildə həyata keçirilir.
Artıq işğaldan azad edilmiş ərazilərimizə minlərlə soydaşımız qayıdıb. Doğma yurdlarına dönən sakinlər müasir, rahat və geniş ev və mənzillərlə təmin olunurlar. Ən vacib məsələlərdən biri olan məşğulluq problemi də öz həllini tapır. Xankəndi və Xocalıda yaradılan yeni istehsal müəssisələrində yüzlərlə yeni iş yeri açılıb. Burada yerli sakinlərlə yanaşı, ətraf rayonların sakinləri də işlə təmin olunurlar.
Xocalıda “Qarabağ Tekstil Evi”nin fəaliyyətə başlaması regionun iqtisadi inkişafına mühüm töhfə verəcək. Müəssisədə istehsal olunan tekstil məhsullarının daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac edilməsi nəzərdə tutulur. Qarabağda bu cür iri müəssisələrin yaradılmasına dövlət tərəfindən göstərilən dəstək sahibkarları işğaldan azad edilmiş ərazilərdə istehsal və emal müəssisələri yaratmağa həvəsləndirir və bu istiqamətdə mühüm stimul rolunu oynayır.
Dövlət başçımız Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə də səmimi görüş keçirdi. Görüş zamanı Prezident bir daha vurğuladı ki, bu gün Azərbaycan həm siyasi, həm də iqtisadi baxımdan tam müstəqil, güclü və qüdrətli dövlətdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət Azərbaycanın siyasi və iqtisadi qüdrətini daha da artırıb. Məhz bunun nəticəsidir ki, ölkəmiz öz suverenliyini və ərazi bütövlüyünü tam bərpa edib. Bu gün Azərbaycan öz iqtisadi imkanları hesabına işğaldan azad olunmuş ərazilərdə sürətli şəkildə yenidənqurma işlərini davam etdirir.
Prezident cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində AXC–Müsavat hakimiyyət uğrunda mübarizə fonunda ölkəni dərin siyasi böhrana və vətəndaş qarşıdurması təhlükəsinə sürükləmişdi. Həmin dövrdə ölkədə yaranmış ağır vəziyyət nəticəsində torpaqlarımızın işğalı prosesi geniş vüsət aldı. Sonrakı mərhələdə hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində digər şəhər və kəndlərimiz də işğala məruz qaldı.
Xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində həlledici rol oynadı. Güclü Azərbaycan dövlətinin təməlini qoyan Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək daha da inkişaf etdirildi. Nəticədə Azərbaycan təkcə regionun deyil, dünyanın nüfuzlu və güclü dövlətlərindən birinə çevrildi.
2020-ci il Vətən müharibəsində qazanılan Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzurun bütün şəhər və kəndlərində Azərbaycan bayrağı dalğalanır. Prezident İlham Əliyevin bəyan etdiyi kimi: “Biz əbədi olaraq bu torpaqlarda yaşayacağıq.”
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor