Bakı Enerji Həftəsi: Azərbaycanın Enerji Siyasətinin Yeni Uğur Mərhələsi
Ölkəmizin enerji strategiyasının əsası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasına söykənir və Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə daha geniş miqyas almışdır. Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən beynəlxalq enerji layihələri regionun iqtisadi xəritəsini dəyişdirərək ölkəmizi Avropa ilə Asiya arasında etibarlı enerji və nəqliyyat körpüsünə çevirmişdir.
Bu baxımdan Bakı Enerji Həftəsi enerji sahəsində qlobal əməkdaşlığın inkişafına xidmət edən ən nüfuzlu beynəlxalq platformalardan biri kimi xüsusi əhəmiyyət daşıyır. Dünyanın aparıcı enerji şirkətlərini, hökumət nümayəndələrini, investorları və ekspertləri bir araya gətirən bu mötəbər tədbir enerji təhlükəsizliyi, innovativ texnologiyalar, dayanıqlı inkişaf və yaşıl enerji gündəliyinin müzakirəsi üçün mühüm imkanlar yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 1 iyun tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində etdiyi çıxış ölkəmizin enerji siyasətinin nailiyyətlərini, beynəlxalq əməkdaşlıq sahəsində əldə olunmuş nəticələri və gələcək inkişaf perspektivlərini əks etdirən mühüm proqram xarakterli çıxış kimi diqqət çəkmişdir.
Dövlət başçısı qeyd etmişdir ki, bu il Bakı Enerji Həftəsi xüsusi əhəmiyyət daşıyır. Belə ki, Xəzər Neft və Qaz Sərgisinin təşkil olunmasının 30 illiyi qeyd edilir. Prezidentin vurğuladığı kimi, məhz həmin sərgi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoymuş, ölkənin beynəlxalq enerji xəritəsində mühüm yer tutmasına şərait yaratmışdır. Sonrakı dövrdə həyata keçirilən iri enerji layihələri və beynəlxalq tərəfdaşlıqlar da bu təşəbbüsün məntiqi davamı olmuşdur.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Bakı Enerji Həftəsi bu gün qlobal enerji gündəliyində aparıcı tədbirlərdən biridir. Müxtəlif ölkələrdən dövlət rəsmilərinin, enerji şirkətləri rəhbərlərinin, investorların və ekspertlərin iştirakı ilə keçirilən tədbir beynəlxalq əməkdaşlığın genişlənməsinə, yeni təşəbbüslərin formalaşmasına və strateji tərəfdaşlıqların möhkəmlənməsinə mühüm töhfə verir.
Dövlət başçısı qlobal enerji təhlükəsizliyinin əhəmiyyətinə toxunaraq bildirmişdir ki, müasir dünyanın dayanıqlı inkişafı enerji resursları olmadan mümkün deyil. Sənayenin, nəqliyyatın, iqtisadiyyatın və sosial rifahın əsas hərəkətverici qüvvəsi olan enerji sektorunun davamlı inkişafı bütün dövlətlərin qarşısında duran vacib vəzifələrdən biridir.
Prezident İlham Əliyev Azərbaycanın enerji inkişafının əsasının 1994-cü ildə qoyulduğunu xatırladaraq qeyd etmişdir ki, həmin dövrdən etibarən həyata keçirilən neft və qaz layihələri ölkənin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırmış, Azərbaycanı regionun enerji mərkəzlərindən birinə çevirmişdir.
Çıxışda ölkənin iqtisadi göstəricilərinin müsbət olduğu vurğulanmış, makroiqtisadi sabitliyin təmin edildiyi və maliyyə dayanıqlığının gücləndiyi diqqətə çatdırılmışdır. Prezident qeyd etmişdir ki, Azərbaycanın strateji valyuta ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Bu göstərici ölkənin iqtisadi müstəqilliyinin və maliyyə təhlükəsizliyinin mühüm göstəricilərindəndir.
Dövlət başçısı enerji sektorundan əldə olunan gəlirlərin güclü dövlət quruculuğuna xidmət etdiyini bildirərək vurğulamışdır ki, məhz bu iqtisadi potensial sayəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa edən güclü ordu formalaşdırmağa nail olmuşdur.
Prezident İlham Əliyev enerji təhlükəsizliyi məsələlərinə də xüsusi diqqət ayıraraq qeyd etmişdir ki, hazırda Azərbaycan qazı alan 16 ölkədən 10-u Avropa İttifaqının üzvüdür. Bu fakt ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rolu bir daha təsdiqləyir və Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini gücləndirir.
Dövlət başçısı bildirmişdir ki, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycanın qazı artıq 16 ölkəyə nəql olunur. Bu layihə enerji mənbələrinin şaxələndirilməsi və enerji təhlükəsizliyinin möhkəmləndirilməsi baxımından beynəlxalq əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev Azərbaycanın tranzit ölkə kimi artan rolundan bəhs edərək vurğulamışdır ki, ölkəmiz Xəzərin şərq sahilində yerləşən tərəfdaş dövlətlər üçün mühüm tranzit imkanları yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və müasir nəqliyyat infrastrukturu regionlararası əməkdaşlığın genişlənməsinə xidmət edir.
Çıxışda iqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurlu nəticələrinə də diqqət çəkilmişdir. Qeyd olunmuşdur ki, neft və qaz gəlirlərinin qeyri-neft sektorunun inkişafına yönəldilməsi nəticəsində emal sənayesi və innovativ istehsal sahələrində mühüm nailiyyətlər əldə edilmişdir.
Prezident İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizinin uğurla fəaliyyət göstərdiyini bildirərək Azərbaycanın bu gün təkcə enerji deyil, həm də nəqliyyat-logistika sahəsində regionun əsas mərkəzlərindən birinə çevrildiyini qeyd etmişdir. Dövlət başçısının sözlərinə görə, Şərq-Qərb dəhlizinin yeni qolu olacaq Zəngəzur dəhlizinin reallaşdırılması da regionda iqtisadi əlaqələrin və beynəlxalq əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəkdir.
Prezident İlham Əliyevin Bakı Enerji Həftəsinin açılış mərasimində səsləndirdiyi fikirlər bir daha göstərir ki, Azərbaycanın enerji siyasətində əldə etdiyi uğurlar ölkənin davamlı inkişafını təmin etməklə yanaşı, onun beynəlxalq nüfuzunun və strateji əhəmiyyətinin daha da artmasına xidmət edir.
Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor