Azərbaycanın Enerji Siyasəti : Milli Gücün, Beynəlxalq Nüfuzun və Dayanıqlı İnkişafın Təminatı
1990-cı illərin əvvəllərində müstəqilliyini bərpa edən Azərbaycan Respublikası dünya dövlətləri tərəfindən tanındıqdan sonra xalqımıza məxsus təbii sərvətlərin səmərəli idarə olunmasına, onların şəffaf şəkildə bölüşdürülməsinə və dövlət maraqlarının təmin edilməsinə xüsusi diqqət yetirmişdir. Bu siyasət həm milli maraqların qorunmasına, həm də bütün tərəflərin maraqlarının balanslı şəkildə təmin olunmasına xidmət etmişdir.
1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi və uzaqgörən siyasəti nəticəsində imzalanan “Əsrin Müqaviləsi” Azərbaycanın müasir inkişaf tarixində dönüş nöqtəsinə çevrilmişdir. Bu müqavilə təkcə regionun deyil, bütövlükdə qlobal enerji bazarının gələcək inkişafına təsir göstərmiş, iştirakçı tərəflərin maraqlarını uzlaşdıraraq bu günə qədər öz aktuallığını və dayanıqlılığını qoruyub saxlamışdır. Eyni zamanda, “Əsrin Müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə tanınmasına, nüfuzunun artmasına və etibarlı tərəfdaş kimi qəbul edilməsinə mühüm töhfə vermişdir. Məhz müstəqilliyimizin iqtisadi dayaqlarından biri olan bu neft müqaviləsi ölkə iqtisadiyyatının inkişafında mühüm rol oynamış, həmçinin Vətən müharibəsində qazanılmış tarixi Zəfərin maliyyə əsaslarından birinə çevrilmişdir.
Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli xarici siyasətində enerji diplomatiyasını prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirərək, onu ölkənin ərazi bütövlüyünün qorunması, regionda sabitliyin möhkəmləndirilməsi və davamlı inkişafın təmin olunması üçün mühüm vasitəyə çevirmişdir. Son 20 ildə Azərbaycanın Qərb–Şərq və Şimal–Cənub nəqliyyat-logistika dəhlizləri üzrə həyata keçirdiyi strateji layihələr, eləcə də dəyişən qlobal siyasi və iqtisadi reallıqlara uyğun enerji siyasəti ölkəmizə olan beynəlxalq marağı daha da artırmışdır. Xüsusilə Avropa İttifaqı və onun üzv dövlətləri Azərbaycanı etibarlı tərəfdaş kimi dəyərləndirirlər.
Bu gün Azərbaycan neft sektorunda əldə etdiyi uğurlarla yanaşı, qaz hasilatının artırılması istiqamətində də mühüm nailiyyətlər qazanır. Bununla bərabər, dördüncü sənaye inqilabının çağırışlarına uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrinin inkişaf etdirilməsi, “yaşıl enerji” gündəliyinin zənginləşdirilməsi ölkənin enerji siyasətinin ayrılmaz hissəsinə çevrilmişdir. Bu istiqamətdə həyata keçirilən layihələr Azərbaycanın enerji sektorunun gələcək inkişafında mühüm rol oynayacaqdır.
Son illərdə ölkəmiz enerji resurslarının beynəlxalq bazarlara çatdırılması istiqamətində mühüm uğurlar əldə etmişdir. Azərbaycan 20-dən çox ölkəni və 40-dan artıq beynəlxalq şirkəti əhatə edən TANAP və TAP layihələri vasitəsilə hasil etdiyi təbii qazı Avropa bazarına çıxarmağa nail olmuşdur. Eyni zamanda, ölkəmiz Cənub Qaz Dəhlizi layihəsində fəal iştirakı ilə qlobal enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir və yeni uğur hekayəsi yazır.
Azərbaycanın ardıcıl və məqsədyönlü enerji siyasətinin nəticələri bu günlərdə keçirilən Bakı Enerji Həftəsində bir daha öz təsdiqini tapdı. Tədbirin diqqətçəkən məqamlarından biri Amerika Birləşmiş Ştatları, Birləşmiş Krallıq və Türkiyə Cümhuriyyəti liderlərinin bu beynəlxalq platformaya göstərdikləri xüsusi diqqət, eləcə də Azərbaycan Prezidentinə və tədbir iştirakçılarına ünvanladıqları xoş mesajlar oldu. Bu müraciətlər Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi qazandığı beynəlxalq nüfuzun növbəti göstəricisidir.
Prezident İlham Əliyevin 1 iyun 2026-cı il tarixində Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində qeyd etdiyi kimi, enerji resurslarından əldə olunan gəlirlərin səmərəli idarə olunması Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə, qlobal və regional layihələrdə fəal iştirakına, həmçinin beynəlxalq öhdəliklərin icrasında etibarlı tərəfdaş kimi tanınmasına şərait yaratmışdır.
Müasir dövrdə dünyada iqtisadi və geosiyasi proseslərin yeni mərhələyə qədəm qoyması enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırır. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti yalnız iqtisadi hədəflərə deyil, həm də milli maraqların qorunmasına və dövlət təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir.
Uzun illər ərzində Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası istiqamətində aparılan danışıqların nəticəsiz qalması, bəzi böyük dövlətlərin ikili standartlardan çıxış etməsi ölkəmizin qarşısında ciddi çətinliklər yaratmışdı. Lakin enerji layihələrinin uğurla reallaşdırılması və bu sahədə götürülmüş öhdəliklərin peşəkar şəkildə yerinə yetirilməsi Azərbaycanın iqtisadi və hərbi gücünü əhəmiyyətli dərəcədə artırdı, müasir və qüdrətli ordunun formalaşmasına imkan yaratdı. Nəticədə Azərbaycan öz gücü hesabına ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi.
Bu gün Azərbaycan qlobal enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan ölkələrdən biridir. Qaz ixrac etdiyimiz ölkələrin sayının ildən-ilə artması, xüsusilə Avropa İttifaqına üzv dövlətlərin bu sırada üstünlük təşkil etməsi Azərbaycanın Avropa üçün strateji və əvəzolunmaz tərəfdaş olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Bakı Enerji Həftəsi müasir Azərbaycanın enerji inkişaf strategiyasının uğurlarını nümayiş etdirən, enerji diplomatiyasının nəticələrini və gələcək perspektivlərini təqdim edən mühüm beynəlxalq platforma kimi öz əhəmiyyətini qorumaqdadır. Burada ənənəvi və alternativ enerji mənbələrinin səmərəli idarə olunması sahəsində fəaliyyət göstərən şirkətlərin təmsil olunması, yeni texnologiyaların, innovativ həllərin və qarşılıqlı faydalı layihələrin təqdim edilməsi bütün iştirakçılar üçün yeni əməkdaşlıq imkanları yaradır və gələcəyə nikbin baxmağa əsas verir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası Milli Məclisinin deputatı