Naxçıvanı Avropaya bağlayacaq dəmir yolunun Türkiyə hissəsindəyik
Türkiyəli jurnalist həmkarlarımızla birlikdə səfər çərçivəsində regionun gələcəyi üçün tarixi və strateji əhəmiyyət daşıyan layihələrlə yaxından tanış olduq. Onlardan ən önəmlilərindən biri Türkiyəni Naxçıvan və Azərbaycanla birləşdirəcək Kars–Iğdır–Aralık–Dilucu dəmir yolu xəttidir.
Hazırda bu böyük layihənin həyata keçirildiyi ərazidəyik. Arxamızda gördüyünüz tikinti də gələcək dəmir yolu xəttinin infrastrukturunun bir hissəsidir.
224 kilometr uzunluğunda nəzərdə tutulan xətt Karsdan Iğdıra, oradan isə Dilucu sərhəd-keçid məntəqəsinə qədər uzanacaq. Layihə Türkiyə ilə Naxçıvan arasında birbaşa dəmir yolu bağlantısının yaradılması, eyni zamanda Orta Dəhlizin nəqliyyat imkanlarının genişləndirilməsi baxımından mühüm strateji əhəmiyyət daşıyır. Xəttin illik 15 milyon ton yük və 5,5 milyon sərnişin daşıma imkanına malik olması nəzərdə tutulur.
Bu layihənin əhəmiyyətini Prezident İlham Əliyevin illər əvvəl səsləndirdiyi fikirlər də aydın göstərir. Dövlətimizin başçısı 2017-ci ildə Bakı–Tbilisi–Qars dəmir yolunun açılış mərasimində demişdi:
“Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.”
Həmin çıxışında Prezident İlham Əliyev Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsinin də nəzərdə tutulduğunu bildirmişdi. Bu gün isə illər əvvəl ifadə olunan həmin strateji baxışın mühüm istiqamətlərindən birinin real tikinti meydançasında həyata keçirilməsinə şahidlik edirik.
Çindən Avropaya uzanan Orta Dəhlizin mühüm bağlantılarından biri olacaq bu xətt Türkiyəni Naxçıvan və Azərbaycanla daha sıx birləşdirməklə yanaşı, Türk dünyasının Avropa və Asiya ilə nəqliyyat əlaqələrinin güclənməsinə xidmət edəcək.
Naxçıvanımız üçün isə bu layihənin əhəmiyyəti xüsusidir. Uzun illər blokada şəraitində yaşayan muxtar respublikanın Türkiyə üzərindən beynəlxalq dəmir yolu şəbəkəsinə çıxış imkanlarının genişlənməsi yeni iqtisadi perspektivlər deməkdir. Bu, yük və sərnişin daşımalarının artmasına, ticarət və logistikanın inkişafına, yeni investisiyaların cəlb edilməsinə və Naxçıvanın regional nəqliyyat qovşağı kimi mövqeyinin güclənməsinə imkan yarada bilər.
Ən əsası, Naxçıvan böyük beynəlxalq nəqliyyat marşrutlarının mühüm halqalarından birinə çevrilmək üçün yeni imkan qazanır.
Bəzən tarixi layihələr haqqında oxuyuruq, bəzən isə onların qurulduğu yerdə dayanıb tarixə şahidlik edirik. Bu dəfə biz də həmin yoldayıq. Naxçıvanımızı Türkiyə üzərindən Avropaya bağlayacaq yolun Türkiyə hissəsində... 🇦🇿🇹🇷

Sara Əzimova
Naxçıvan