Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Naxçıvanda nələr dəyişir?-
Naxçıvanda nələr dəyişir?-
Siyasət

Naxçıvanda nələr dəyişir?- Politoloqdan diqqətçəkən açıqlama

Xpress.az Redaksiyası 16.08.2026 18:20

“Naxçıvanla bağlı son proseslərə ayrı-ayrı layihələr kimi deyil, vahid strateji konsepsiyanın elementləri kimi yanaşmaq lazımdır. Dövlət başçısının Muxtar Respublikaya son səfəri zamanı verdiyi mesajlar, müdafiə imkanlarının gücləndirilməsi, yeni Komando hərbi hissələrinin formalaşdırılması, enerji infrastrukturunun yenilənməsi və logistika imkanlarının genişləndirilməsi Naxçıvanın Azərbaycanın regional siyasətində çəkisinin yeni mərhələdə artacağını göstərir”.

Bu fikirləri Xpress.az saytına müsahibəsində politoloq Tural İsmayılov deyib.

Politoloqun sözlərinə görə, burada təhlükəsizlik komponenti xüsusilə diqqətçəkəndir. Naxçıvanın coğrafi mövqeyi onu həm Azərbaycanın milli təhlükəsizliyi, həm də Cənubi Qafqazın geosiyasi balansı baxımından mühüm əraziyə çevirir.

“Komando birliklərinin yaradılması və hərbi infrastrukturun gücləndirilməsi yalnız müdafiə qabiliyyətinin artırılması kimi qiymətləndirilməməlidir. Bu, eyni zamanda mürəkkəb relyef və sərhəd şəraitində operativ çevikliyi, strateji mövqelərin qorunmasını və mümkün risklərə daha sürətli cavab vermək imkanlarını artıran uzunmüddətli təhlükəsizlik yanaşmasıdır. Başqa sözlə, iqtisadi açılımın arxasında etibarlı təhlükəsizlik çətiri formalaşdırılır”, – deyə politoloq bildirib.

Tural İsmayılov qeyd edib ki, ikinci mühüm istiqamət logistika və nəqliyyatdır. Onun sözlərinə görə, Naxçıvanın Zəngəzur dəhlizi perspektivi, Türkiyə ilə birbaşa bağlantı imkanları və daha geniş Orta Dəhliz arxitekturası ilə əlaqələndirilməsi Muxtar Respublikanı coğrafi baxımdan “çıxılmaz” ərazi statusundan regional bağlantı qovşağına çevirə bilər.

“2026-cı ilin iyununda Naxçıvanda istehsal olunan məhsulların Azərbaycanın digər ərazilərinə daşınmasına dövlət dəstəyinin artırılması da bu yanaşmanın iqtisadi tərəfini gücləndirir”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, üçüncü mühüm sütun enerjidir. Naxçıvanda 50 MVt gücündə günəş elektrik stansiyaları üzrə müqavilələrin imzalanması, enerji şəbəkəsinin gücləndirilməsi və gələcəkdə elektrik enerjisinin ixracı imkanlarının müzakirəsi göstərir ki, məqsəd yalnız enerji təminatını yaxşılaşdırmaq deyil.

“Naxçıvanın yaşıl enerji istehsal edən və enerji təhlükəsizliyinə töhfə verən regional mərkəzə çevrilməsi hədəflənir.

Məncə, bu üç istiqamətin – təhlükəsizlik, logistika və enerjinin – paralel inkişafı Naxçıvan üçün yeni geosiyasi model formalaşdırır. Güclü ordu təhlükəsizliyi təmin edir, nəqliyyat infrastrukturu iqtisadi bağlantıları genişləndirir, yaşıl enerji isə regionun uzunmüddətli iqtisadi dayanıqlığını gücləndirir.

Beləliklə, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz strateji ərazisi kimi deyil, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında formalaşan yeni regional düzənin mühüm dayaq nöqtələrindən biri kimi nəzərdən keçirilə bilər”, – deyə Tural İsmayılov əlavə edib.

Aysel İbrahimli

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək