Nə ər var, nə kişi qonşu: qadınların qeyri-adi qəsəbəsi — Fotolar
ABŞ-nin Texas ştatında yalnız qadınların yaşadığı qeyri-adi qəsəbə böyük marağa səbəb olub. Burada boşalan cəmi bir yer üçün yüzlərlə qadın müraciət edir.
Musavat.com xəbər verir ki, “The Bird’s Nest” (“Quş yuvası”) adlanan yaşayış məntəqəsini 71 yaşlı təqaüdçü Robin Yerian yaradıb. O, təqaüd illərində sakit və təhlükəsiz həyatla yanaşı, etibarlı qadın dostlarının əhatəsində yaşamaq istədiyi üçün bütün yığımını bu layihəyə yatırıb.
Qəsəbə Texasın Kam bi (Cumby) şəhərində 5 akr ərazidə salınıb. Burada kiçik evlər üçün 14 yer hazırlanıb. Bir yerin aylıq kirayəsi 450 dollardır. ABŞ-də mənzil xərcləri nəzərə alındıqda bu, kifayət qədər aşağı məbləğ hesab olunur. Kirayəyə ərazinin infrastrukturu və bir sıra ümumi xidmətlər də daxildir.
Hazırda “Quş yuvası”nda yaşı 52-dən yuxarı olan 12 qadın yaşayır. Onların əksəriyyəti subay, boşanmış və ya həyat yoldaşını itirmiş qadınlardır.
Qəsəbənin ən diqqətçəkən xüsusiyyəti burada yalnız qadınlardan ibarət icmanın formalaşmasıdır. Burada daimi sakin kimi yaşamaq istəyən qadınlar ciddi seçim prosesindən keçirlər. Ötən il cəmi bir yer boşaldıqda ona təxminən 500 qadının müraciət etdiyi bildirilir.
Namizədlə yalnız qəsəbənin yaradıcısı deyil, burada yaşayan digər qadınlar da görüşürlər. Yeni sakinin qəbul edilməsi üçün onun mövcud icmaya uyğunlaşması mühüm şərtlərdən biridir.
Qadınlar burada sadəcə qonşu kimi yaşamırlar. Onlar birlikdə yemək yeyir, ümumi bağa qulluq edir, bir-birlərinin ev heyvanlarına baxır və gündəlik işlərdə qarşılıqlı köməkləşirlər. Qəsəbədə qadınlara elektrik mişarı, bucaq cilalayıcısı və digər alətlərdən istifadə etməyi öyrədən praktiki məşğələlər də keçirilir.
Robin Yerian gələcəkdə “Quş yuvası” modelinin ABŞ-nin başqa bölgələrində də yayılmasını istəyir. O, belə yaşayış məntəqələrinin xüsusilə tək yaşayan və yaşlandıqca həm təhlükəsizliyə, həm də sosial dəstəyə ehtiyac duyan qadınlar üçün alternativ model ola biləcəyini düşünür.

