ƏHALİYƏ XƏBƏRDARLIQ - 18-20 avqust tarixlərində...
Yaxın günlərdə Yer kürəsində geomaqnit vəziyyət qeyri-sabit olaraq qalacaq.
Britaniya Geoloji Xidmətinin məlumatına görə, buna avqustun 14-də Günəşdə baş verən tac kütlə atılması səbəb olacaq.
Mütəxəssislərin proqnozuna əsasən, məhz bu gün həmin atılma Yerə çatacaq və geomaqnit aktivliyi artıraraq orta səviyyəli maqnit qasırğasına səbəb ola bilər.
Gözlənilir ki, 18 avqustda Günəşdəki atılmanın təsiri daha çox hiss olunacaq. Geomaqnit sahə aktiv vəziyyətə keçə, ayrı-ayrı saatlarda isə G2 səviyyəli maqnit qasırğası baş verə bilər. Tac kütləsinin təsiri tədricən zəifləməyə başlayacaq, lakin geomaqnit şərait tam sabitləşməyəcək.
Məlumata görə, 19 avqustda da geomaqnit aktivlik yüksək səviyyədə qalacaq. Günəşdəki atılmanın əsas təsiri tədricən azalacaq, lakin Yer maqnit sahəsində müəyyən pozuntular hələ də müşahidə oluna bilər.
Bundan əlavə, Günəşdə yaranan iki tac dəliyi də vəziyyətə təsir göstərəcək. Bu bölgələrdən yayılan günəş küləyi axınlarının avqustun 20-si ərəfəsində Yerə çatması mümkündür. Bu isə G1 səviyyəli maqnit qasırğasına səbəb ola bilər.
Həmçinin avqustun 16-da Günəşdə partlayış və tac kütləsinin atılması baş verib. İlkin təhlillər göstərir ki, bu atılmanın bir hissəsi avqustun 20-də Yerə çata bilər. Beləliklə, 18–20 avqust tarixlərində Yer kürəsində geomaqnit aktivliyin yüksəlməsi gözlənilir.
Ən güclü pozuntuların çərşənbə axşamı baş verəcəyi proqnozlaşdırılır. Bundan sonra aktivliyin bir qədər zəifləyə biləcəyi, lakin avqustun 20-də günəş küləyi axınları səbəbindən yenidən maqnit qasırğalarının yaranmasının mümkün olduğu bildirilir. (Musavat.com)