Suraxanı problemlər içində qalıb: Yollar bərbad, küçələr qaranlıq – İcra hakimiyyəti susur
Suraxanı rayonunda yol, işıqlandırma, sanitar təmizlik, yaşıllıqların qorunması və qanunsuz tikintilərlə bağlı problemlər sakinlərin narazılığına səbəb olur. Yerli sakinlərin sosial şəbəkələrdə paylaşdıqları görüntülər, eləcə də yerli mətbuatda dərc olunan yazı və videolar rayondakı bir sıra ərazilərdə vəziyyətin hələ də ürəkaçan olmadığını göstərir. Xüsusilə Yeni Günəşli, Köhnə Günəşli, Qaraçuxur və Yeni Suraxanı qəsəbələrində yaşayan sakinlər məhəllədaxili yolların bərbad vəziyyətdə olmasından, küçələrin vaxtında təmizlənməməsindən, zibillərin yığılmasından, işıqlandırmanın zəifliyindən və bəzi ərazilərdə yaşıllıqların məhv edilməsindən şikayət edirlər.
Ekologiya.az xəbər verir ki, bu barədə yerli media və sosial şəbəkələrdə məlumatlar yayılıb. Sakinlərin sözlərinə görə, problemlərlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət edilsə də, bəzi məsələlər uzun müddətdir həllini tapmır.
Məsələn, Yeni Günəşli qəsəbəsində, sakinlərin “şir heykəli olan ərazi” kimi tanıdığı hissədən yolun sonunadək olan ərazinin çala-çuxurlu vəziyyətdə olduğu bildirilir. Digər küçə və məhəllədaxili yolların da bərbad vəziyyətdə olması nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirir.
Sakinləri narahat edən əsas məsələlərdən biri də bəzi küçələrdə işıqlandırmanın olmamasıdır. Onların sözlərinə görə, gecə saatlarında ərazilərin qaranlıq qalması həm piyadalar, həm də sürücülər üçün təhlükə yaradır. İşıqlandırmanın olmaması yol-nəqliyyat hadisəsi və piyadaların vurulması riskini də artırır.
Rayonda problem təkcə yol və işıqlandırma ilə məhdudlaşmır. Yaşıllıqların məhv edilməsi, ağacların kəsilməsi və onların yerində müxtəlif tikililərin aparılması ilə bağlı iddialar da ictimai narazılıq doğurur.
Ümumiyyətlə, rayon ərazisində qanunsuz tikintilərin artması ilə bağlı məsələ də vaxtaşırı gündəmə gəlir. Yerli mətbuatda bu barədə müxtəlif materiallar dərc olunub, sosial şəbəkələrdə isə qanunsuz və ya sənədsiz olduğu iddia edilən tikintilərlə bağlı görüntülər paylaşılıb.
Məsələ ilə bağlı yerli mətbuatda da materialların dərc olunduğunu nəzərə alaraq, qarşı tərəfin mövqeyini öyrənmək üçün Ekologiya.az Suraxanı Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.
İcra hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıqda, qurumun əməkdaşı hazırda ölkə xaricində olduğunu bildirdi. O, məsələ ilə bağlı başqa telefon nömrəsi ilə əlaqə yaratmağımızı xahiş etsə də, həmin nömrəyə edilən zənglərə cavab verilmədi.
Suraxanı Rayon İcra Hakimiyyətinin mövqeyini öyrənməyə çalışırıq. Qarşı tərəfin cavabı əldə olunacağı təqdirdə materialda dərc ediləcək.
Rayonda mövcud problemlərin nə zaman və hansı şəkildə həll olunacağı isə sakinləri düşündürən əsas suallardan biri olaraq qalır. Qanunsuz tikintilər, baxımsız küçələr, məhv edilən yaşıllıqlar, bərbad yollar və işıqlandırma problemi ilə bağlı məsuliyyətin hansı qurumların üzərinə düşdüyü və problemlərin aradan qaldırılması üçün hansı addımların atılacağına dair ictimaiyyət hələ də konkret cavab gözləyir.



