İşsiz və işaxtaranlara TƏCİLİ XƏBƏR VAR: Ölkədə 65 MİN vakansiya...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) hazırda müxtəlif işəgötürənlər tərəfindən təqdim olunan 65 mindən çox aktiv vakansiya mövcuddur.
Bu barədə ƏƏSMN məlumat yayıb.
Qeyd olunur ki, vakansiyalar üzrə ən yüksək əməkhaqqı 10 000 manat, ən aşağı əməkhaqqı isə 400 manat təşkil edir.
"İşsiz və ya işaxtaran şəxslər vakansiyalara müraciət üçün Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarına və ya DOST mərkəzlərinə yaxınlaşa bilərlər. Burada karyera məsləhətçiləri tərəfindən şəxsin məşğulluq imkanları qiymətləndirilir. Qiymətləndirmənin nəticəsinə uyğun olaraq münasib vakansiyalar təqdim olunur və şəxsin ona uyğun vakansiyaya müraciəti qeydə alınır", - məlumatda qeyd olunub.
2026-cı il iyulun 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 248,5 min nəfər təşkil edib. Qeydiyyatda olan işsizlərin 52,3%-ni qadınlar təşkil edib.
2026-cı il iyulun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, ölkədə iqtisadi fəal əhalinin sayı 5 milyon 417,7 min nəfər təşkil edib. Onların 5 milyon 137,1 min nəfəri məşğul əhali olub. Bu göstəricilər əsasında hesablandıqda, ölkədə işsizlərin sayı 280,6 min nəfər, işsizlik səviyyəsi isə təxminən 5,2% təşkil edib.
Bu rəqəmlər fonunda 60 mindən çox vakansiyanın mövcudluğu ilə işsizliyin davam etməsi arasında uyğunsuzluq açıq şəkildə hiss olunur.
Bu rəsmi açıqlama fonunda ortaya haqlı bir sual çıxır: Əgər ölkədə 60 mindən çox boş iş yeri varsa, niyə işsizlik problemi hələ də aktualdır?
Dövlət Əmək Müfəttişliyi Xidmətinin yanında Məsləhət Şurasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov Referans Media-nın sorğusuna əsasən, ölkədə mövcud olan vakansiyalarla işsizlik göstəriciləri arasındakı təzadlı məqamlarla bağlı aydınlıq gətirib. Ekspert ölkədə 65 mindən çox vakansiyanın olmasına baxmayaraq, işsizlik probleminin qalmasının əsas səbəblərini Referans Media-ya açıqlayıb.
Sahib Məmmədovun sözlərinə görə, vakansiyaların varlığı avtomatik olaraq işsizliyin aradan qalxması anlamına gəlmir:
“65 000 vakansiyanın olması o demək deyil ki, onların hamısı dərhal dolmalıdır. Sual olunur: niyə onda işsizlik var? Məsələ burasındadır ki, ilk növbədə bu vakansiyaların hansı regionlarda yerləşdiyinə baxmaq lazımdır. Ola bilsin, həmin regionda vakansiya var, amma uyğun mütəxəssis yoxdur. İşçi qüvvəsi ölkə üzrə qeyri-bərabər paylanıb. Əsas işçi qüvvəsi Bakı, Sumqayıt və Abşeron zonasında cəmləşib.
Məsələn, tibbi heyətin 63%-i bu ərazidədir, lakin regionlarda həkim və tibbi personal çatışmazlığı kəskin hiss olunur. Digər tərəfdən, elə ixtisaslı fəhlə peşələri və sahələr var ki, ümumiyyətlə ölkədə o istiqamət üzrə peşəkar kadr tapılmır”.
Ekspert vurğulayıb ki, bu cür disbalans əmək bazarında təbii hallardan biridir:
“Ona görə də vakansiyaların olması təbii prosesdir və bunun işsizliklə birbaşa əlaqəsi yoxdur. İşsizlik o deməkdir ki, müəyyən peşələr və regionlar üzrə kadr artıqlığı var, lakin həmin şəxslər özlərinə layiq məşğulluq imkanı tapa bilmirlər. Bu, əmək bazarında normal və qəbulolunan bir haldır”.
Yekun olaraq qeyd edək ki, ekspertin təhlili ölkədə kadr təminatı ilə əmək bazarının tələbləri arasında hələ də ciddi struktur və coğrafi uyğunsuzluqların qaldığını göstərir. İşsizliyin azaldılması üçün yalnız yeni iş yerlərinin açılması deyil, həm də regionlar üzrə mütəxəssis bölgüsünün düzgün aparılması və peşə təhsilinin əmək bazarının real ehtiyaclarına uyğunlaşdırılması vacib şərt kimi önə çıxır.