Azərbaycanda minatəmizləmə fəaliyyətinə ayrılan vəsait açıqlandı
Azərbaycan mina probleminin həllində güclü milli iradə və məsuliyyət nümayiş etdirib. 2020-ci ilin noyabr ayından etibarən ölkədə humanitar minatəmizləmə fəaliyyətinə təxminən 590 milyon ABŞ dolları ayrılıb. Bu məbləğin təxminən 4 faizi beynəlxalq dəstək hesabına təmin edilib, qalan hissəsi isə Azərbaycan Hökuməti tərəfindən qarşılanıb.
Xpress.az xəbər verir ki, bunu Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransının açılış mərasimində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.
O bildirib ki, Azərbaycan öz təcrübəsini bölüşməyə hazırdır. “Heç bir ölkə mina probleminin öhdəsindən təkbaşına gələ bilməz. Çirklənmiş ərazilərdən bərpaya, riskdən dayanıqlılığa keçmək istəyiriksə, beynəlxalq əməkdaşlıq, texniki təcrübə mübadiləsi, donor dəstəyi, innovasiya və güclü milli məsuliyyətin hər biri zəruridir. Bu baxımdan hesab edirik ki, minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığa yalnız təmizləmə əməliyyatlarına dəstək kimi yanaşmaq olmaz. Bu əməkdaşlıq insan təhlükəsizliyinə, təhlükəsiz qayıdışa, dayanıqlı inkişafa və uzunmüddətli sülhə qoyulan sərmayə kimi qəbul edilməlidir”,- deyə Vüqar Süleymanov vurğulayıb.