Elçin Əmirbəyov: Cənubi Qafqazla bağlı mövzulara minatəmizləmə prosesi də əlavə olunmalıdır
Cənubi Qafqazda sülhdən danışanda çox vaxt sərhədlərdən söz açılır, amma bura minatəmizləmə prosesi də əlavə olunmalıdır.
Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının ikinci günündə deyib.
Onun sözlərinə görə, Azərbaycanda müharibə başa çatsa da, mina problemi hələ bitməyib:
"Bu çərçivədə çoxillik maliyyə layihələri planlaşdırılmalıdır. Cənubi Qafqazda sülh dedikdə təkcə sərhədlər yox, minalar da müzakirə olunmalıdır. Hər bir mina partlayışı sülh quruculuğunu ləngidir. Ümid edirik ki, tezliklə bu problem də aradan qalxacaq. Beynəlxalq təşkilatlar da bu prosesə dəstək verməlidirlər. Hazırda minatəmizləmə üçün vəsaitin 95 faizi dövlət hesabına təmin edilir. Həmin rəqəmin azalması üçün beynəlxalq dəstək mütləqdir. Minatəmizləmə prosesində yüksək texnologiyalı dronların alınması və onlardan istifadə olunması, həmçinin süni intellekdən yararlanmaq üçün maliyyə lazımdır".
E.Əmirbəyov əlavə edib ki, Azərbaycanda 13 faizdən çox ərazi minalar və partlamamış hərbi sursatlarla çirklənib:
"Müharibənin başa çatmasından təxminən altı il sonra belə, minalarla çirklənmiş ərazilərin 75 faizi hələ də ölüm toxumlarını özündə daşıyır. Bu, insan təhlükəsizliyi və insanların öz evlərinə qayıdışı baxımından son dərəcə ciddi problemdir. Buna baxmayaraq Azərbaycan bu gün dünyada münaqişədən sonrakı ən böyük yenidənqurma işlərindən birini həyata keçirən ölkələr sırasındadır. Məcburi köçkünlər öz doğma yurdlarına qayıdırlar, kəndlər və şəhərlər yenidən qurulur, həmçinin yollar, məktəblər, xəstəxanalar və iqtisadi infrastruktur yaradılır".