Sərnişinlər tıxacda qaldı: M3 niyə əvvəlki yolla getmir?
Müəyyən metrostansiyaları müvəqqəti əvəzləyən ekspres avtobuslar avqustun 14-dən etibarən müəyyən fəaliyyət göstərir. “28 May”dan “20 Yanvar” istiqamətində hərəkət edən “M3” nömrəli marşrut avtobusları ilk günlərdə tıxac olmayan yollarla aralıq dayanacaq olan “Nizami” metrostansiyasına çatsa da, bir müddət sonra o, fərqli yolla – “Səməd Vurğun” bağı istiqamətindən fırlanaraq “Nizami”yə doğru hərəkət etməyə başlayıb. Bu halda isə sərnişinlər günün istənilən saatında həmin ərazidə dəqiqələrlə tıxacda qalırlar.
Bəs görəsən, nəyə görə ilk günlərdə tıxacsız yolla gedən marşrut avtobusları indi tıxac olan ərazilərlə hərəkət edir?
Mövzu ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, vətəndaşların rahat minib-düşmələri üçün avtobusların fərqli giriş-çıxışları təmin edilib:
“28 May” Nəqliyyat Mübadilə Mərkəzində son dayanacağı olan M1, M2 və M3 nömrəli ekspres avtobusların HUB-a daxil olmasını rahatlaşdırmaq, avtobusların mübadilə mərkəzi daxilində nizamlı və maneəsiz hərəkətini təmin etmək, eləcə də vətəndaşların rahat və təhlükəsiz minib-düşməsini həyata keçirmək üçün ekspres marşrutların fərqli giriş və çıxışlardan hərəkəti təmin edilib”. (Lent.az)