Dəmiryol vağzallarında tualetlərlə bağlı yeni tələb: Nələr olacaq?
Azərbaycanda dəmiryol vağzallarının layihələndirilməsi zamanı sərnişinlərin, o cümlədən əlilliyi olan şəxslərin və ailələrin ehtiyaclarının nəzərə alınması üçün tualetlərin yerləşdirilməsi və təchizatı ilə bağlı xüsusi tələblər müəyyən edilib.
Tualetlər kişi və qadınlar üçün ayrı-ayrılıqda layihələndirilməli və onların vestibül, əməliyyat, paylayıcı, kassa, gözləmə və birləşmiş sərnişin zallarına birbaşa çıxışı olmamalıdır.
Əlilliyi olan şəxslər üçün universal və əlçatan kabinələrin sayı hər 15 nəfərə bir kabinə hesabı ilə müəyyənləşdirilir və belə kabinələrin sayı bir ədəddən az olmamalıdır. Universal kabinələr xidmət göstərən obyektlərin əsas zonasından və ya əlilliyi olan şəxslərin iş yerlərindən 40 metrdən uzaqda yerləşdirilməməlidir.
Vağzallarda qadın tualetlərindəki unitazların sayı kişi tualetlərindəki unitaz və pisuarların ümumi sayından az olmamalıdır.
Tualetlərin yerləşdiyi zonalarda layihə tapşırığına uyğun olaraq ailə sanitariya qovşağı da nəzərdə tutula bilər. Belə otaqlarda uşaq arabası və yük üçün yer, uşaq bələmə stolu və uşaq unitazı olmalı, otağın sahəsi 2,5 kvadratmetrdən az olmamalıdır.
Ailə sanitariya qovşaqları və ya universal sanitariya qovşaqları əlilliyi olan şəxslər üçün müvafiq əlçatanlıq tələbləri nəzərə alınmaqla təchiz edilməlidir.
Böyük vağzallarda qadın tualetlərinin tərkibində qadınların şəxsi gigiyenası üçün ən azı bir ayrıca otaq nəzərdə tutulmalıdır.
Bilet kassalarında çalışan əməkdaşlar üçün nəzərdə tutulan istirahət, duş və tualet otaqları, eləcə də baş kassirin otağı bilet kassaları ilə eyni blokda yerləşdirilməlidir.
Bilet kassalarının sayı 6-dək olan kiçik və orta vağzallarda istirahət yerlərinin, yemək və üst geyimləri üçün qarderobların sahəsi ən azı 12 kvadratmetr olan yardımçı otaqda birləşdirilməsinə icazə verilir.
Belə vağzallarda qadınların gigiyenası üçün ayrıca otaq əvəzinə sanitariya qovşağında gigiyenik duş da təchiz edilə bilər.