Samuxda ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib
Samux rayonunda ali təhsil müəssisələrinə yüksək balla daxil olan gənclərin şərəfinə tədbir təşkil olunub. Görüşdə təhsilin inkişafı istiqamətində görülən işlər və gənclərin nailiyyətləri müzakirə edilib.
Samux şəhərində ali məktəblərə yüksək balla qəbul olan tələbələrlə görüş keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb və dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Görüşdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, həmçinin icra hakimiyyətinin əməkdaşları, müəssisə rəhbərləri, tələbələr, müəllimlər və valideynlər iştirak ediblər.
Rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək tələbələri əldə etdikləri uğur münasibətilə təbrik edib. O, bu nailiyyətin tələbələrlə yanaşı, onların müəllim və valideynlərinin birgə zəhmətinin nəticəsi olduğunu vurğulayıb. Firdovsi Əliyev qeyd edib ki, ölkədə təhsilin inkişafı dövlət siyasətinin prioritetlərindəndir və bu istiqamətdə həyata keçirilən strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
İcra başçısı Samux rayonunda yeni məktəb binalarının inşası və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsləri ilə reallaşdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, yaradılan müasir şərait gənclərin keyfiyyətli təhsil almasına və yüksək nəticələr qazanmasına birbaşa şərait yaradır.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov isə çıxışında gənclərin uğurlarını rayonun təhsil nailiyyətləri kimi qiymətləndirib. O, tələbələrə müraciət edərək, qazandıqları uğurla yanaşı, qarşılarında duran yeni imkanları və məsuliyyəti dərk etməyin vacibliyini bildirib.
Tədbirdə çıxış edən müəllim və tələbələr göstərilən diqqət və qayğıya görə dövlət rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Görüşün sonunda ali məktəblərə yüksək balla qəbul olan tələbələrə təşəkkürnamələr və xatirə hədiyyələri təqdim olunub.




