Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xarici işlər nazirinin müavini:
Xarici işlər nazirinin müavini:
Cəmiyyət

Xarici işlər nazirinin müavini: “ COP31 daha geniş siyasi məsuliyyət daşıyır”

Xpress.az Redaksiyası 07.09.2026 10:59

Bakı İqlim Fəaliyyəti Həftəsindən fikir ayrılıqlarını azaltmaq, tərəfdaşlıqlar qurmaq və uğurlu COP31 üçün siyasi şəraitin yaradılmasına töhfə vermək məqsədilə istifadə edək.
Xpress.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) konfransındakı çıxışında deyib.

COP31 daha geniş siyasi məsuliyyət daşıyır.
Yalçın Rəfiyev bildirib ki, Antalya dünən əldə edilmiş kompromislərin yenidən müzakirə edildiyi yerə çevrilməməlidir: “COP31 gələcək naminə həmin razılaşmaların həyata keçirilməsinə yol açmalıdır. Bunun üçün inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında, danışıqlar qrupları arasında, eləcə də dəstək göstərənlərlə dəstəyə ehtiyacı olanlar arasında etimad lazımdır. Şamaxı görüşü kimi təşəbbüslər vasitəsilə Azərbaycan danışıqlar aparan tərəflərin yalnız bir-birlərinin mövqelərini deyil, həmin mövqelərin arxasında dayanan siyasi reallıqları da anlamasına imkan verən mühit yaratmağa çalışıb. Biz bu körpüqurucu rolumuzu davam etdirmək niyyətindəyik. Bakıdan Beləmə və indi Antalyaya doğru məqsəddə ardıcıllıq olmalıdır. Sədrliklər dəyişir. Bizim kollektiv məsuliyyətimiz isə dəyişmir. Odur ki, Bakı İqlim Fəaliyyəti Həftəsindən fikir ayrılıqlarını azaltmaq, tərəfdaşlıqlar qurmaq və uğurlu COP31 üçün siyasi şəraitin yaradılmasına töhfə vermək məqsədilə istifadə edək. Azərbaycan çoxtərəfliliyi müdafiə edən, körpülər quran və Türkiyəyə, Avstraliyaya, eləcə də bütün tərəflərə Antalyada ambisiyalı, balanslaşdırılmış və həqiqətən icraya yönəlmiş nəticənin əldə olunmasında dəstək göstərən fəal tərəfdaş olaraq qalacaq. Dünyanın iqlim problemini sadəcə təsvir edən daha bir COP-a ehtiyacı yoxdur. Dünyaya çoxtərəfliliyin hələ də bu problemi həll edə bildiyini nümayiş etdirən COP lazımdır”.

Onun sözlərinə görə, Bakıda razılaşdırılmış yeni iqlim maliyyəsi hədəfi 2035-ci ilədək hər il ən azı 300 milyard ABŞ dollarının təmin edilməsini və maliyyənin 1,3 trilyon ABŞ dollarına çatdırılması istiqamətində səyləri nəzərdə tutur. Belə ki, maliyyə iqlim öhdəliklərinin həyata keçirilməsinin əsas şərtidir: “Maliyyə icranı mümkün edən əsas amildir. Digər mühüm amil isə şəffaflıqdır”.

Yalçın Rəfiyev qeyd edib ki, COP29-da Azərbaycan inkişaf etməkdə olan ölkələrə dəstək məqsədilə Bakı Qlobal İqlim Şəffaflığı Platformasını yaradıb və Tərəfləri ikinci İkiillik Şəffaflıq Hesabatlarını vaxtında təqdim etməyə çağırıb.

XİN rəsmisi COP31-in Antalyada “İcra COP-u” formatında keçirilməsi təşəbbüsünü dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, iqlim prosesi öhdəliklərin müzakirəsindən onların praktiki icrasına keçməlidir.

“İcra maliyyəsi olmadan “İcra COP-u” da ola bilməz”, –Yalçın Rəfiyev vurğulayıb.

O əlavə edib ki, ambisiya, şəffaflıq və maliyyə iqlim öhdəliklərinin həyata keçirilməsinin əsasını təşkil etməlidir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək