“Dözməyə taqətim qalmayıb, heç olmasa bir məzarı olsun..." – Mərdəkanda batan Elgünün anası FƏRYAD ETDİ
Mərdəkan çimərliyində dənizə girərək gözlərdən itən evin tək oğlu, 2006-cı il təvəllüdlü Qarayev Elgün Elçinoğlunun anası Sahilə Qarayeva Xpress.az-a müraciət edərək çarəsizlik içində aidiyyəti dövlət qurumlarına və hüquq-mühafizə orqanlarına müraciət etdi. O, axtarışların bərpa olunmasını xahiş edir.
55 gün öncə Elgün dostları ilə istirahət edərkən suya daxil olub və bir daha geri qayıtmayıb. Axtarış-xilasetmə tədbirləri hadisənin 20-ci gününə qədər davam etdirilsə də, 21-ci gündən etibarən dənizdəki axtarışlar dayandırılıb.
Artıq 55 gündür ki, hər anı gözyaşı və intizarla keçən kədərli ana övladının heç olmasa nəşinin tapılması üçün aidiyyəti xidmətlərdən kömək istəyir:
"Mənim oğlum evin tək övladı idi... Oğlumun sağ qalmadığını bilsəm də, bir ana kimi tək arzum onun cəsədinin tapılması və mənə təhvil verilməsidir. Heç olmasa onun dəfn olunması üçün ziyarət edəcəyim bir məzarı olsun... Bütün aidiyyəti dövlət qurumlarından, xilasetmə orqanlarından rica edirəm, axtarışları yenidən başladın, balamı mənə qaytarın."
Gözü yolda qalan ailə, övladlarının nəşinin tapılaraq onlara təhvil verilməsi üçün səlahiyyətli qurumların axtarış tədbirlərini bərpa edəcəyinə ümid edir.
Xpress.az