Azərbaycan-Aİ əməkdaşlığı müzakirə olunub
10 sentyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononu qəbul edib.
XİN-dən Xpress.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan-Aİ əməkdaşlığının gündəliyində duran əsas məsələlər, ikitərəfli tərəfdaşlığın inkişaf perspektivləri, habelə regionda mövcud vəziyyət və regional sülh və sabitliyin möhkəmləndirilməsi istiqamətində aparılan işlər müzakirə olunub.
Yüksək səviyyəli qarşılıqlı səfər və təmasların Azərbaycan-Aİ gündəliyinin irəlilədilməsi və müxtəlif sahələr üzrə genişləndirilməsi baxımından önəminə toxunulub.
Azərbaycan-Aİ münasibətlərinin institusional və hüquqi çərçivəsinin daha da inkişaf etdirilməsi, ikitərəfli Tərəfdaşlıq prioritetləri sənədi üzrə danışıqların yekunlaşması, eləcə də yeni ikitərəfli saziş üzrə danışıqlar prosesinin perspektivləri müzakirə olunub.
Görüş zamanı Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması, Azərbaycan və Ermənistan arasında normallaşma və etimad quruculuğu istiqamətində atılan addımlar barədə məlumat verilib.
Azərbaycan və Ermənistan liderləri arasında cari ilin avqust ayında Bişkekdə keçirilmiş görüş çərçivəsində aparılmış müzakirələrin regional sülh gündəliyinin irəlilədilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Görüşdə həmçinin regionda enerji və kommunikasiya sahəsində görülən işlər, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.