Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi
Bakıda cüzdan oğurlamaqda təqsirli bilinən şəxs inzibati qaydada həbs edilib.
2003-cü il təvəllüdlü K.A. ilə bağlı işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində baxılıb.
Məhkəmə müəyyən edib ki, K.A. birlikdə kirayədə yaşadığı şəxsin otağından içərisində pul, şəxsiyyət vəsiqəsi və “Ozio” bonus kartı olan cüzdanı götürüb.
Zərərçəkmiş polisə müraciət edərək cüzdanında 480 manat pul olduğunu bildirib. K.A. isə verdiyi izahatda cüzdanda 325 manat olduğunu deyib. Məhkəmə məbləğlə bağlı ziddiyyəti K.A.-nın xeyrinə həll edib.
İş materiallarından məlum olub ki, hadisə ilə bağlı cinayət işinin başlanılması rədd edilib və K.A.-nın əməli Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə qiymətləndirilib.
Məhkəmə K.A.-nın əməlini etiraf etməsini və peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alıb. Bununla belə, məhkəmə hesab edib ki, daha yüngül inzibati tənbeh növünün tətbiqi kifayət deyil.
Nəticədə K.A. İXM-in 227-ci maddəsi ilə təqsirli bilinərək 23 gün müddətinə inzibati həbs edilib.
Həbs müddətinin K.A.-nın inzibati qaydada tutulduğu tarixdən hesablanması qərara alınıb.