İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri - FOTO
Ümummilli Lider Heydər Əliyev: “Bundan sonra da ele əsərlər yaranmalıdır ki, o əsərlər indi Ermənistan yerləşən həmin torpaqların Azərbaycana məxsus olmasını daim ardıcıl surətdə sübut etsin. Biz bunu etməliyik. Biz gələcək nəsillər üçün bir yol açmalıyıq”.
İrəvan, Qərbi Azərbaycanın tarixi şəhərlərindən biri olmaqla, uzun illər boyunca mədəniyyət və təhsil mərkəzi kimi tanınmışdır. Bu şəhərdən çıxmış ziyalılar, Azərbaycanın milli kimliyinin formalaşmasında, mədəniyyətinin zənginləşməsində və milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışlar. Müxtəlif sahələrdə öz fəaliyyətləri ilə fərqlənmiş İrəvan ziyalıları – ədəbiyyat, elm, sənət, təhsil və siyasət sahəsində çalışaraq həm Azərbaycan daxilində, həm də Qafqaz bölgəsində tanınan və nüfuzlu şəxsiyyətlərdən ibarət olmuşlar. Onlar təkcə mədəniyyətin inkişafına deyil, həm də milli oyanış prosesinə də əhəmiyyətli töhfələr vermişlər.
XIX əsrin əvvəllərində İrəvan xanlığının Rusiya qoşunları tərəfindən işğalından sonra İrəvanlı ziyalılarımız və ictimai xadimlərimiz şəhəri tərk etmişdir. ”Əslən İrəvandan olan, xarici ölkələrdə “İrəvani” soyadı və təxəllüsü ilə yazıb-yaradan onlarla elm və mədəniyyət xadimləri haqqında məlumatlar mövcuddur. XIX əsrin sonlarında bir müddət İrəvanda işləyən görkəmli Azərbaycan ədəbiyyatşünası və maarif xadimi Firudin bəy Köçərli, İrəvanı haqlı olaraq “mərkəzi-üləma, füzəla və şüəra” şəhəri - yəni üləmalar, fazillər və şairlər şəhəri adlandırmışdı”.
Qərbi Azərbaycan ziyalıları milli mədəniyyətin daşıyıcıları və yaradıcısı olaraq həm əski dövrlərdə, həm də müasir dövrdə yaradıcılıqla məşğul olmuşlar.
İrəvanda dünyaya göz açan, boya-başa çatan görkəmli ziyalılarımızın fəaliyyətləri əvəzsiz və danılmazdır. İrəvanda doğulmuş ziyalılarımızın həyatı və ictimai fəaliyyətini Azərbaycan tarixşünaslığında və eləcə də sənətşünaslığa dair araşdırmalarda görə bilərik. İrəvanda elə nəsillər olmuşdur ki, onlar 150-170 ildir ziyalı yetirir: Mirbabayevlər, Qazıyevlər, Erivanskilər, Məmmədzadələr, Muğanlinskilər, Makinskilər və sair.

Bu torpağın yetişdirdiyi əslən irəvanlı olan görkəmli ədəbiyyatşünas alim Əsgər Zeynalov (1951-ci ildə İrəvan yaxınlığında Zəngibasar rayonunun Necili kəndində anadan olmuşdur) özünün “İrəvan ziyalıları” (1999) adlı kitabında Azərbaycan elminin, mədəniyyətinin inkişafında böyük rol oynamış, çox görkəmli Azərbaycan ziyalıları – alimlər, ictimai-siyasi xadimlər, bəstəkarlar, rəssamlar, yazıçılar haqqında çox qiymətli məlumatlar toplanılmış, publisistik səpkidə maraqlı məlumatlar qələmə alınaraq monoqrafik formada çap edilmişdir. Bu ziyalılar arasında tanınmış şəxsiyyətləri nümunə göstərmək olar: onlardan akademik Mustafa bəy Topçubaşov, akademik Heydər Hüseynov, tanınmış dilçi professor Miryusif Mirbabayev (hər üçü Stalin mükafatı laureatı idi), akademik Əhməd Rəcəbli, bəstəkar Səid Rüstəmov, şair Əhməd Cəmil, ictimai xadimlər Maqsud Məmmədov, Həsən Seyidov, professor, görkəmli dövlət xadimi Əziz Əliyev, Bağır Seyidzadə, ədəbiyyatşünaslar Cəfər Xəndan, Mirəli Seyidov, rəssamlar Mirzə Qədim İrəvani, Həsən Haqverdiyev, Kamil Əliyev, Cabbar Quliyev və sair ziyalılarımızın adları tarixə həkk olunmuşdur.
Müxtəlif vaxtlarda İrəvanda olmuş səyyahlar, salnaməçilər, tədqiqatçılar İrəvan şəhərini Şərqin inkişaf etmiş elm və mədəniyyət mərkəzi kimi təsvir etmişlər. İrəvan ziyalılarının, elm, mədəniyyət və din alimlərinin yaratdıqları əsərlər bu gün dünyanın müxtəlif kitabxanalarında, arxivlərində və muzeylərində saxlanılır. Orta əsrlərdə İrəvanda bəylərbəylik və xanlıq üsul-idarələri bərqərar olduqdan sonra elm və mədəniyyətin inkişafı üçün əlverişli şərait yaranmışdır. Təəssüf ki, dağıdıcı müharibələr və təbii fəlakətlər nəticəsində baş vermiş miqrasiya prosesləri nəticəsində həmin dövrdə yazılan əsərlərin az bir qismi günümüzə qədər gəlib çatmışdır.
İrəvan xanlığının ərazisində məktəb və mədrəsələrlə yanaşı başqa fərdi tədris növü də mövcud idi. Xanın və yaxud əyanların, tacir uşaqlarının təhsili ilə onların evində fərdi müəllimlər məşğul olurdular. İvan Şopenin verdiyi məlumata görə, hər bir müsəlmanın evində məktəblərdə tədris olunan fənlərə, xüsusən də Qurana və şəriətə aid kitabların nüsxələrinə, özü də hərəsindən bir neçə nüsxə rast gəlmək olar.
Rusiya işğalı dövründə İrəvan şəhərində ilk dövlət ikisinifli qəza məktəbi 14 yanvar 1832-ci ildə açılmışdır. 15 mart 1868-ci ildə İrəvan qəza məktəbi dördsinifli klassik progimnaziyaya çevrilmişdir. Azərabyacanlı uşaqların da təhsil aldıqları bu məktəbdə din dərsləri, rus, tatar (Azərbaycan dili), erməni, latın, fransız dilləri, tarix, coğrafiya, riyaziyyat və təbiətşünaslıq fənləri tədris edilirdi. Progimnaziya 31 mart 1881-ci ildə səkkizsinifli tam gimnaziyaya çevrilmişdi və sonralar İrəvan Oğlanlar Gimnaziyası adlanırdı”(4,117). Məhz elə İrəvan Oğlanlar Gimnaziyası Azərbaycan ictimaiyyətinə, dövlətinə, elminə, mədəniyyətinə incəsənətinə bir sıra görkəmli şəxslər bəxş etmişdir. Tanınmış dövlət xadimlərindən Məmməd bəy Qazıyev, Teymur bəy Makinski, Əkbər ağa Şeyxülislamov, Nəriman bəy Nərimanbəyov, Məhəmməd Məhərrəmov, Əziz Əliyev, maarif və elm xadimlərindən Miryusif Mirbabayev, dünyada analgeziya nəzəriyyəsinin banisi Mustafa bəy Topçubaşov, Əhməd Rəcəbli, Maqsud Məmmədov, generallardan Həbib bəy Səlimov, Qambay Vəzirov İrəvan gimnaziyasının məzunları olmuşlar.
İrəvan gimnaziyasını bitirən azərbaycanlı qızların bəziləri 1918-1920-ci illər soyqırımı nəticəsində İrəvandan didərgin düşsələr də, yerdə qalanları Sovet hakimiyyəti illərində İrəvanda xalq maarifi və savadsızlığın aradan qaldırılması istiqamətində mühüm işlər görmüşdülər. İrəvan Oğlanlar Gimnaziyasının məzunlarının bir qismi qəza məktəblərində müəllim işləmiş, bir qismi isə Rusiyanın müxtəlif ali məktəblərində təhsillərini davam etdirmişdilər. İrəvan məktəbi təhsil sisteminin Azərbaycan təhsilinin, bütövlükdə mədəniyyətinin inkişafına çoxlu töhfələri olmuşdur. Bu sistemdə təhsil almış azərbaycanlı ziyalıları milli mədəniyyətimizin, ümumiyyətlə, Azərbaycan tarixinin sonrakı inkişaf dövründə əvəzsiz xidmətləri ilə seçilmişlər. Bu görkəmli ziyalıların fəaliyyətinə nəzər salaq.

Əziz Məmmədkərim oğlu Əliyev - (1897-1962) - 1897-ci ildə İrəvan quberniyasında anadan olmuşdur. Əziz Əliyev ilk təhsilini 8 yaşında İrəvanda, rus-tatar (Azərbaycan) məktəbinə daxil olur və orada ibtidai təhsil alır. 1908-ci ildə o İrəvandakı gimnaziyaya daxil olur. 1917-ci ildə gimnaziyanı qızıl medalla bitirir və elə həmin il təhsilini davam etdirmək üçün məktubla Bakı milyonçusu, xeyriyyəçi H.Z.Tağıyevə müraciət edir. H.Z.Tağıyevin maddi köməyi ilə Peterburqda Hərbi Tibb Akademiyasına daxil olmuşdur.
1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan xəbər tutan Əziz Əliyev ailəsini qurtarmaq üçün geri qayıdaraq, əvvəlcə Naxçıvanın Şahtaxtı kəndinə, oradan isə İrana aparmağa məcbur olmuşdur. 1921-ci ildə yenidən Şahtaxtıya qayıdaraq iki il orada həkim köməkçisi işləmişdir.
1923-cü ilin mayında Əziz Əliyev Bakıya köçmüş, 1927-ci ildə Azərbaycan SSR Xalq Komissarları Sovetində iş icraçısı, ümumi şöbənin müdirinin müavini, katib köməkçisi və nəhayət Respublika Xalq Komissarlığı Şurasının vəzifələrin icra etmişdir. Bunlarla yanaşı 1923-1927-ci illər yarımçıq qalmış ali tibb təhsilini Azərbaycan Dövlət Universitetinin (BDU) Tibb fakültəsində təhsil alır. Təhsilin başa vurduqdan sonra 1928-ci ildə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və 1930-cu il iyun ayının 19-da Bakı Dövlət Universitetinin tibb fakültəsinin bazasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılır. Əziz Əliyev o illərdə ADTİ-nin yaradılmasında böyük rol oynayır. 1932-1934 cü illərdə o həmin institutun rektoru sonra isə Bakı şəhər səhiyyə şöbəsinin müdiri vəzifələrində işləyir. 1935-1936- cı illərdə Tibb İnstitutunun direktoru və 1937-ci ildə ADU-nun rektoru vəzifələrində çalışmış, 1939- cu ildə doktorluq işini müdafiə etmişdir.
1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1939-1941-ci illərdə Azərbaycan SSR Xalq Səhiyyə komissarı, 1941-ci ilin martından 1942-ci ilin sentyabrınadək Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1949-1950-ci illərdə İctimai Elmlər Akademiyasında dinləyici, sonra isə ÜİK(b)P MK-nın təlimatçısı olmuşdur. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan Mir Cəfər Bağırov Əziz Əliyevə qarşı çıxaraq onu vəzifədən uzaqlaşdırılmasına nail olmuşdur. Ə.Əliyev 1952-1956-cı illərdə Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və Sabunçu rayon xəstəxanasında baş həkimin müavini, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir.
Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 1962-ci ilin iyul ayının 27-də vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanda və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır.

Topçubaşovlar nəsli Azərbaycan tarixinə Sankt-Peterburq Universitetinin ilk azərbaycanlı professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) və Azərbaycan Xalq Cümhuriyyəti ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu nəslin daha bir parlaq nümayəndəsi Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ildə İrəvan quberniyasında anadan olmuşdur. Cərrah, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın həqiqi üzvü, Bolqarıstan EA-nın müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, sonra 1919-cu ildə təhsilini başa vuraraq, Kiyev Dövlət Universitetinin tibb fakültəsində təhsil almağa getmişdir. Təhsilini başa vurduqdan sonra Bakı xəstəxanalarında cərrahlıq etmişdir.
1920–1923-cü illərdə ADU-nun (Azərbaycan Dövlət Universiteti) tibb fakültəsinin fakültə cərrahlığı klinikasında ordinator, 1923–1930-cu illərdə fakültə cərrahlığı klinikasında assisent işləmişdir. Daha sonra Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri, professor, elmlər doktoru və eyni zamanda 1945-1948-ci illərdə EA-nın Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. M.Topçubaşov 1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu - injeksion efir-yağ narkozunu - analgeziya üsulunu kəşf etdişdir. M. Topçubaşov 7 monoqrafiya, 5 cilddə “Xüsusi cərrahlıq” dərsliklərinin, ümumilikdə 160 elmi işin müəllifidir. Onun redaktəsi ilə kombinasiyalı ağrısızlaşdırma ilə bağlı üç elmi iş toplusu çap olunmuşdur. Əsas elmi tədqiqatları “Ürək-damar xəstəlikləri və onların profilaktikası”, “Xüsusi cərrahlıq”, “Yad cisimləri çıxaran aparat və onun tətbiqi”, “Normal hipertenziya və onun cərrahi müalicəsi”, “Uzunmüddətli analgeziyanın tibbdə tətbiqi” əsərləridir. M. Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 1955-1956, 1967-1971-ci illərdə Ali Sovetin sədri olmuşdur. Bir sıra orden və medallarla təltif olunmuşdur.
Mustafa bəy Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın Elmi-Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutuna və küçələrdən birinə onun adı verilmişdir.
İrəvan bölgəsindən çıxmış musiqiçilər də Azərbaycanın mədəniyyət tarixində əhəmiyyətli izlər buraxmışdır. İrəvanın musiqi ənənələri Azərbaycan musiqi mədəniyyətinin ayrılmaz bir hissəsi olmuşdur. Bu bölgədə yaşayan musiqiçilər, xanəndələr və bəstəkarlar milli musiqi ənənələrini davam etdirərək inkişaf etdirmişdir. Musiqi sahəsində fəaliyyət göstərən ziyalılarımızdan biri də Səid Rüstəmov olmuşdur.

Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Səid Mircabbar Mirəli oğlu Rüstəmov 1907-ci ildə İrəvanda doğulmuşdur.
Səid Rüstəmov Azərbaycan-sovet bəstəkarı, dirijoru, pedaqoqu, Azərbaycan SSR Xalq artisti (1957), Stalin mükafatı laureatı (1951), 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü, Azərbaycan SSR Bəstəkarlar İttifaqının sədri (1949–1953), Azərbaycan Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru (1935–1975), Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdindəki Mahnı və Rəqs ansamblının rəhbəri (1951) olmuşdur.
1924-cü ildə Səid Rüstəmov musiqi məktəbinin (texnikumun) tar sinfinə qəbul edilmişdir. Musiqi texnikumunda təhsil alarkən not üzrə dərslərini Üzeyir Hacıbəyovdan, muğam sinfində isə o, tanınmış tarzən Mirzə Mansur Mansurovdan dərs almışdır. 1926-ci ildə Səid Rüstəmov Müəllimlər Seminariyasında təhsilini tamamlamışdır. 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. 1926-cı ildə orta məktəbə müəllim təyin edilmişdir. 1928-ci ildən Səid Rüstəmov Bakı Musiqi məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında tar ixtisası üzrə dərs deməyə başlamışdır. Səid Rüstəmovun 1935-ci ildə yaratdığı “Tar məktəbi” kitabı tarın tədrisində mühüm rol oynamışdır. Daha sonra Səid Rüstəmov 1948-ci ildə musiqi məktəbi şagirdləri üçün "Skripka əlifbası" adlı dərs kitabını çap etmişdir.
S.Rüstəmovun Azərbaycanda musiqili komediya janrının inkişafı sahəsində mühüm rolu olmuşdur. O, müasir mövzuda yazılmış ilk musiqili komediyaların — «Beş manatlıq gəlin», «Durna», «Rəisin arvadı» komediyalarının müəllifidir. Bəstəkar habelə, dram tamaşalarına, o cümlədən - «Hacı Qara», «Vaqif», «Almas», «Bahar suları» və b. tamaşalara musiqi yazmışdır.
Müxtəlif musiqi janrlarına müraciət edən S.Rüstəmovun əsərləri zaman, məkanbaxımından köhnəlməyən, daim aktualdır. Mahnı S. Rüstəmov yaradıcılığının ən səciyyəvi janrıdır. Məzmun baxımından bu mahnılar çoxşaxəlidir. Belə ki, vətənpərvərlik, əmək zəhmət, lirikməhəbbət hisslərini ifadə edən bədii məzmun S.Rüstəmovun musiqisi ilə vəhdət təşkil edir. Bu mahnılardan “Oxu, gözəl”, “Hardasan?”, “Həkim qız”, “Getmə-getmə”, “Haralısan?”, “Bənövşə”, “İntizar”, “Sürəyya”, “Sumqayıt”, “Yürüş marşı”, “Cəbhəyə”, “Qurban adına”, “Sənindir” və başqalarının adını çəkə bilərik. Bu nəğmələr Bülbül, Ş.Ələkbərova, R.Behbudov, G.Məmmədov, S.Qədimova və bu kimi unudulmaz sənətkarlarımızın ifasında səslənərək sevilib, yaddaşlara həkk olunub və bu gün də ifaçıların repertuarında geniş yer tutur. Uşaqları unutmayan S. Rüstəmov onlar üçün də bir neçə gözəl nəğmə bəstələyib. Səid Rüstəmov 1983-cü ildə Bakıda vəfat etmişdir. Bəstəkar Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur. Beləliklə Səid Rüstəmov Azərbaycanın musiqi mədəniyyətinin zənginliyini nümayiş etdirmiş və bu ənənələrin qorunub saxlanmasında və gələcək nəsillərə ötürülməsində əvəzsiz rol oynamışdır.

İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən biri də Miryusif Mirbabayevdir. O, 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Miryusif Mirbabayev orta təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. Təhsilini davam etdirmək üçün o, Moskva Universitetinin hüquq fakültəsinə qəbul olur. 1916-ci ildə Universiteti bitirdikdən sonra M. Mirbabayev Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, daha sonra katib işləmişdir.
1918-1920-ci illərdə Miryusif Mirbabayev İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir.
Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışmış, İrəvan pedaqoji texnikumunda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrndə işləmişdir. Miryusif Mirbabayev Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir.
1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olmuşdur. 1938–1941-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə "Azərbaycan dilinin erməni dilinə təsiri" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını qazanmışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir. Görkəmli dilçi, Stalin mükafatı laureatı Miryusif Mirbabayev 25 avqust 1951-ci ildə Bakıda vəfat etmişdir.
Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940–1946) 4 cildlik "Rusca-azərbaycanca lüğət"ə görə 1948-də Stalin mükafatına təqdim olmuşdur. O, bir çox başqa lüğətlərin də əsas tərtibçilərindən olmuşdur.

İrəvanın Azərbaycan rəssamlıq sənətinə təsiri də diqqətəlayiqdir. Qərbi Azərbaycan torpaqlarında yetişmiş rəssamlar milli rəngkarlıq ənənələrinin inkişafında və Azərbaycanın bədii irsinin zənginləşdirilməsində mühüm rol oynamışlar. İrəvandan çıxmış rəssamlar, o cümlədən Mirzə Qədim İrəvani kimi sənətkarlar, Azərbaycan rəssamlığının inkişafına böyük töhfə vermişdir. O, 1825 – ci ildə İrəvavanda anadan olmuşdur. XIX əsrdə yaşamış Azərbaycan tarixinə portretçi, ornamentalist rəssam, trafaret rəsimlərilə, divar naxışları, zərgərlik məmulatları, lakla çəkilmiş rəsm əsərləri və ən əsası panel rəssamlığının banisi kimi yadda qalmışdır. Rəssamın ən məhşur əsərləri “Gənc qadının portreti”, “Gənc oğlanın portreti”, “Fətəli şahın portreti”, “Rəqqasələr”, ”Molla” əsərləri Azərbaycan Milli İncəsənət Muzeyində, “Mah Tələtin portreti” Gürcüstan Dövlət İncəsənət Muzeyində, “Quş və çiçəklər” Rusiya Dövlət Ermitajında saxlanılır. Bundan başqa 1850-ci illərdə İrəvandakı Sərdar sarayının bərpası zamanı Sərdar Sarayının divarlarında, yağlı boya ilə çəkilmiş dörd böyük (1 m x 2 m) portretin müəllifidir. Mirzə Qədim İrəvani, xüsusən də portret rəssamlığı sahəsində fərqlənmiş və Azərbaycan rəngkarlıq məktəbinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. 1875- ci ildə İrəvanda vəfat etmişdir, lakin məzarı günümüzə gəlib çatmamışdır.
Azərbaycan xalçaçı-rəssamı, professor, Azərbaycan SSR xalq rəssamı Kamil Müseyib oğlu Əliyev 1921-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 1936-ci ildə Bakı Rəssamlıq məktəbində Azərbaycan rəssamı, Azərbaycan karikatura sənətinin banisi, Azərbaycan SSR xalq rəssamı Əzim Əzimzadədən dərs alır. Kamil Əliyev 3 il müddətində dekorasiya şöbəsində təhsil alır və müəllimlərinin səyi ilə təhsili davam etdirərək "Azərxalça" birliyində eksperimental laboratoriyada köçürücü rəssam kimi işləməyə başlayır.

Bakı Bədii Rəssamlıq Fondunda çalışarkən Kamil Əliyev fil sümüyündən, qızıldan, gümüşdən onlarla orijinal əntiq əşyanın, gümüş dolça, çaydan, armudu stəkan dəstlərinin bədii tərtibatçısı, rəssam - müəllifi kimi özünü təsdiqlədi. Bədii sənət üzrə fəxri fərmanın, respublikanın tətbiqi incəsənət ustası adının (1960) ilk sahibi olmuşdur.
Kamil Əliyev ilk portret-xalçasını 1958-ci ildə böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyinə həsr etmişdir. Ondan sonra İmadəddin Nəsiminin, Puşkin, Russavelli, Taqor, Nizami Gəncəvinin, İndira Qandinin, Mustafa Kamal Atatürkün, Heydər Əliyevin (ölkənin Ali Baş Komandanı kimi general libasında), İlham Əliyevin portret xalçalarını yaratmışdır. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi dərəcəsi verilib. Kamil Əliyev 1 mart 2005-ci ildə vəfat etmişdir.
Adları çəkilən rəssamların əsərləri milli kimliyi, tarixi keçmişi və mədəni irsi qoruyub saxlamış, incəsənət vasitəsilə bu dəyərləri gələcək nəsillərə çatdırmışdır. Bu rəssamların yaratdığı sənət əsərləri həm Azərbaycan tarixini, həm də Qafqaz bölgəsinin zəngin mədəni müxtəlifliyini təcəssüm etdirir.
İrəvan ziyalılarının Azərbaycan mədəniyyətinə təsiri çoxşaxəli və zəngindir. Beləliklə, aparılan araşdırmalardan, təhlillərdən belə qənaətə gəlmək olarki, İrəvan ziyalıları və ictimai xadimləri Azərbaycan mədəniyyətinin ayrılmaz hissəsini təşkil edir. Bu ziyalılar Azərbaycan mədəniyyətinin müxtəlif sahələrinin inkişafında və tərəqqisində xüsusi xidməti olmuş (sənətkarlar, alimlər, müəllimlər, rəssamlar, musiqiçilər, ədəbiyyatşünaslar, dilçilər, bəstəkarlar, həkimlər, ictimai xadimlər və.s) ziyalılardır. Onların yaradıcılığı və maarifçilik fəaliyyəti Azərbaycanın mədəni inkişafında və milli kimliyinin formalaşmasında mühüm əhəmiyyət daşıyır. İrəvanın ziyalıları Azərbaycan xalqının tarixi yaddaşında silinməz izlər qoymuş və bu mədəniyyətin zənginliyinə böyük töhfələr vermişlər. Bunlarla yanaşı Azərbaycan mədəniyyətinə və ictimai fikrinə dərin təsir göstərmiş və əhəmiyyətli rol oynamışlar.
Aynur Ələkbərova
AMEA Memarlıq və İncəsənət İnstitutu,
”Kulturologiya və incəsənətin nəzəriyyəsi” şöbəsinin elmi işçisi