Səhər boyun ağrısı ilə oyanmağın səbəbi nədir?
Səhər yuxudan oyandıqda boyunda ağrı və hərəkət məhdudluğu hiss etmək bir çox insanın qarşılaşdığı problemlərdəndir. Bunun əsas səbəblərindən biri yuxu zamanı boyun əzələlərinin və bağlarının həddindən artıq gərginliyə məruz qalmasıdır.
E-saglam.az xəbər verir ki, nevroloq Yelena Jurakovskayanın sözlərinə görə, yuxu zamanı başın düzgün vəziyyətdə olmaması, uyğun olmayan yastıqdan istifadə və soyuq hava axınına məruz qalmaq boyun ağrılarına səbəb ola bilər. Mütəxəssis bu barədə “Championat” nəşrinə açıqlama verib.
Həkim kəskin ağrı zamanı boyuna əlavə yük verməməyi, sərt masajdan və boynu zorla hərəkət etdirməkdən çəkinməyi tövsiyə edir. Ağrını azaltmaq üçün yerli iltihabəleyhinə gel və kremlərdən istifadə etmək mümkündür. Ağrıkəsici və əzələ boşaldıcı dərmanlar isə həkim və ya əczaçı ilə məsləhətləşdikdən sonra qəbul edilməlidir.
Nevroloq gələcəkdə bu problemin təkrarlanmaması üçün boynu düzgün vəziyyətdə saxlayan, uyğun hündürlükdə yastıq seçməyi məsləhət görür. Bundan əlavə, boyun əzələlərini gücləndirən və onların elastikliyini artıran hərəkətlərin müntəzəm yerinə yetirilməsi də faydalı ola bilər.
Mütəxəssis bildirir ki, boyun ağrıları tez-tez təkrarlanırsa və ya uzun müddət davam edirsə, nevroloqa müraciət etmək lazımdır. Ağrı qollarda zəiflik və keyimə, güclü baş ağrısı və ya qızdırma ilə müşayiət olunarsa, təcili tibbi müayinə tələb olunur.