Nikahdankənar sevgili ilə münasibət: Xəyanəti cinayət hesab etmək olarmı? - FOTO
Aparıcı Ada Süleyman və tanışı Anar Kərimovun Bakıda baş verən ağır qəzada həlak olması hadisəsi ilə bağlı sosial mediada müxtəlif müzakirələr aparılır. Mən baş verən hadisəyə toxunmayacağam. Kimin nə etdiyini, nə geyindiyini və sairəni müzakirə etmək fikrim yoxdur.
Amma dövlət qeydiyyatından keçmiş nikahdan, məsciddə və ya kilsədə Allah qarşısında sədaqət öhdəliyi götürdükdən sonra nikahdankənar sevgili ilə münasibət artıq yalnız şəxsi məsələ deyil. Düzdür, bir sıra ölkələrdə bu, cinayət sayılmır, amma boşanma zamanı hüquqi nəticələr yarada bilər. BMT-nin müvafiq İşçi Qrupu da 2017-ci ildə 33 hökumətə müraciət edərək zina ilə bağlı cinayət qanunlarının insan hüquqları baxımından yaratdığı problemlərə diqqət çəkib və belə qanunların, ölüm hökmünün ləğvini təşviq edib.

Bəs nikaha sədaqətli olmamaq harada cinayət, harada əmlak itkisi sayılır? Bu sual cəmiyyətimiz üçün də maraq kəsb edir.
Təsəvvür edək ki, bir kişi və bir qadın qanuni nikaha girir. Kilsədə və ya məsciddə ailə quracaqlarına, bir-birinə sadiq qalacaqlarına söz verirlər. İllər keçir, ailə əmlak əldə edir, övladlar dünyaya gəlir. Ancaq günlərin birində tərəflərdən biri başqa şəxslə sevgi münasibətinə başlayır və bu münasibət başqa əlaqəyə çevrilir.
Belə vəziyyətdə hüquq nə deyir? Nikah sədaqətinin pozulması yalnız mənəvi məsələdir, yoxsa dövlət də buna görə məsuliyyət müəyyənləşdirə bilər?
Düzdür, Azərbaycan qanunvericiliyi nikah sədaqətinin pozulmasını – xalqın dili ilə desək, xəyanəti – cinayət hesab etmir. Xəyanət edən ər və ya arvad buna görə həbs olunmur, boşanma zamanı da avtomatik olaraq əmlak payından məhrum edilmir. Beləliklə, nikah mərasimində verilən sədaqət vədi cinayət məsuliyyəti ilə təmin olunmuş hüquqi öhdəlik deyil.

Onu da deyək ki, nikahda olan qadın və ya kişi ailənin ümumi gəlirindən sevgilisinə ev, villa alırsa, onunla bahalı səfərlərə çıxır, əyləncəyə və digər şəxsi münasibətlərinə külli miqdarda vəsait xərcləyirsə, məsələ artıq yalnız mənəvi məsuliyyət çərçivəsində qalmır. Belə xərclər ailənin ümumi əmlakına vurulan zərər kimi hüquqi mübahisəyə çevrilə bilər.
Amma dünyanın müxtəlif ölkələrində cavab fərqlidir.
Bəzi ölkələrdə xəyanət cinayətdir və hətta müəyyən hallarda ölüm cəzası nəzərdə tutulur. İran və Səudiyyə Ərəbistanı kimi ölkələrdə şəriət hüququnun tətbiqi çərçivəsində zina ağır cəzalarla nəticələnə bilər. Bir sıra başqa ölkələrdə isə həbs və pul cərimələri nəzərdə tutulur.

Məsələn, İndoneziyada nikahda olan şəxsin həyat yoldaşından başqa şəxslə əlaqəsi bir ilədək həbslə cəzalandırıla bilər. Filippin üzrə cəza fərqi real qanunvericilikdə mövcuddur: qadına aid zina cinayətində 2 il 4 aydan 6 ilədək, kişiyə aid konkubinajda isə 6 aydan 4 ilədək həbs nəzərdə tutulur.
ABŞ-da isə xəyanətin hüquqi nəticələri daha çox boşanma prosesində üzə çıxır. Burada bütün ştatlarda eyni qayda yoxdur. Məsələn, Corciyada ayrılığın xəyanət nəticəsində baş verdiyi sübuta yetirilərsə, xəyanət edən tərəf aliment almaq hüququnu itirə bilər. Şimali Karolinada da nikahdankənar münasibət aliment məsələsində ciddi hüquqi nəticələr yaradır. Xəyanət edən və maddi təminata ehtiyacı olan tərəf aliment hüququnu itirə, xəyanət edən maddi təminat verməli tərəf isə aliment ödəməyə məcbur edilə bilər.

Floridada məhkəmə xəyanəti və onun ailənin maliyyə vəziyyətinə təsirini alimentin müəyyənləşdirilməsində nəzərə ala bilər. Əgər ər və ya arvad ailənin ümumi pulunu sevgilisinə hədiyyələr almağa, mənzil və ya villa kirayələməyə, bahalı səfərlərə və digər şəxsi xərclərə sərf edibsə, həmin vəsaitlərin taleyi əmlak bölgüsü zamanı da mübahisə predmeti ola bilər. Belə hallarda məhkəmə ailə əmlakının israf edilməsini və tərəflərin maliyyə davranışını araşdıra bilər.
Beləliklə, eyni hadisə bir ölkədə cinayət işi, digərində boşanma və aliment mübahisəsi, üçüncüsündə isə yalnız ailədaxili münasibətlərin pozulması kimi qiymətləndirilir.

Məsələnin mahiyyəti isə dəyişmir: nikah yalnız iki insanın bir evdə yaşaması deyil, həm də qarşılıqlı öhdəliklər sistemidir. Dövlətlərin bu öhdəliklərin pozulmasına münasibəti fərqli olsa da, ailənin ümumi əmlakına və digər tərəfin hüquqlarına vurulan zərər bir sıra hüquq sistemlərində hüquqi nəticəsiz qalmır.
Bir də Allah, dövlət, ailə, yaxınları, şadlıq sarayında iştirak edən yüzlərlə insan və qanuni həyat yoldaşı qarşısında sədaqət öhdəliyi götürən kişi və ya qadının sonradan xəyanət yolunu tutmasının adını Azərbaycan xalqı çox gözəl ifadə edib: XƏYANƏT.
Tapdıq FƏRHADOĞLU