TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkil etdiyi sertifikat proqramı uğurla başa çatıb
Bakıda TURKEDU Azərbaycan və İstanbul Ticarət Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan təhsil işçiləri üçün nəzərdə tutulan “XXI Əsr Mütəxəssislik Sertifikat Proqramı” uğurla yekunlaşıb.

Təhsil işçilərinin peşəkar inkişafına, müasir bilik və bacarıqlarının artırılmasına xidmət edən proqram ümumilikdə 6 moduldan ibarət olub. İlk 5 modul onlayn formatda, sonuncu modul isə Bakıda əyani şəkildə təşkil edilib.
Proqramın yekun təlimi və bağlanış mərasimi İstanbul Ticarət Universitetinin rektoru, professor Necip Şimşekin iştirakı ilə keçirilib.
Təlimlər çərçivəsində iştirakçılara planlı çalışma və uğura gedən yol, təhsildə süni intellektdən istifadə, tənqidi və analitik düşünmə, aktiv öyrənmə strategiyaları, liderlik və sosial təsir, komandaların formalaşdırılması və idarə olunması kimi aktual mövzularda bilik və bacarıqlar aşılanıb.

Proqramın sonunda iştirakçıların bilik səviyyəsini müəyyənləşdirmək məqsədilə qiymətləndirmə imtahanı keçirilib. İmtahanda 70 və daha yüksək bal toplayan iştirakçılar İxtisaslaşma (Uzmanlıq) Sertifikatı əldə etmək hüququ qazanıblar.
Layihə Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, beynəlxalq akademik təcrübənin paylaşılması və Azərbaycan təhsil işçilərinin peşəkar inkişafına dəstək baxımından mühüm əhəmiyyət daşıyır.
TURKEDU Azərbaycan gələcəyin təhsilinə töhfə vermək, beynəlxalq universitetlərlə əməkdaşlığı genişləndirmək və ölkəmizin təhsil işçiləri üçün yeni inkişaf imkanları yaratmaq istiqamətində fəaliyyətini davam etdirir.

