Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Ukraynanın tərəfdaşları Rusiyanın neft və qazını q...
Ukraynanın tərəfdaşları Rusiyanın neft və qazını qlobal bazardan çıxarmağa söz verib
Siyasət

Ukraynanın tərəfdaşları Rusiyanın neft və qazını qlobal bazardan çıxarmağa söz verib

Xpress.az Redaksiyası 25.10.2025 17:18

Londonda keçirilən sammitdə 20-dən çox ölkə Ukraynaya dəstək məqsədilə Rusiyanın neft və qaz ixracını qlobal bazardan tamamilə çıxarmaq barədə razılığa gəlib.

Xpress.az xəbər verir ki, sammitə ev sahibliyi edən Böyük Britaniyanın baş naziri Kir Starmer toplantıdan sonra bəyan edib:

“Biz Putinin müharibə maşınının maliyyə qaynaqlarını kəsirik.”

Toplantıda ABŞ və Böyük Britaniya Rusiyanın iki ən böyük neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiyini, Avropa İttifaqının isə Moskvanın mayeləşdirilmiş təbii qaz (LNG) ixracını hədəfə aldığını açıqlayıb.

Londonda iştirak edən Ukrayna prezidenti Vladimir Zelenski isə Rusiyaya təzyiqin artırılmasının müharibəni dayandırmağın yeganə yolu olduğunu bildirib. O, həmçinin ölkəsinin hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsi üçün müttəfiqlərindən konkret addımlar gözlədiyini vurğulayıb.

Zelenski ABŞ istehsalı olan Tomahawk raketlərinin və Avropa mənşəli uzun mənzilli silahların Ukraynaya verilməsini tələb etsə də, ABŞ prezidenti Donald Tramp ötən həftəki Vaşinqton görüşündə bu tələbi qəbul etməyib.

Putin isə cavab olaraq xəbərdarlıq edib ki, “əgər bu silahlarla Rusiya ərazisinə zərbə endirilsə, cavab məhvedici olacaq.”

Rusiya 2022-ci ilin fevralında Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayıb və hazırda ölkənin təxminən beşdə birini, o cümlədən 2014-cü ildə ilhaq etdiyi Krım yarımadasını nəzarətdə saxlayır.

Starmer sammitdən sonra bəyan edib ki, Ukraynanın müttəfiqləri ilin sonuna qədər aydın dəstək planı hazırlayıblar və bu çərçivədə Rusiyanın dövlət aktivlərinin hədəfə alınacağını bildirib:

“Bu aktivlər Ukraynanın müdafiəsini maliyyələşdirmək üçün açılacaq,” – deyə o vurğulayıb, lakin təfərrüat açıqlamayıb.

Avropa İttifaqı liderləri də Ukraynanın növbəti iki il ərzindəki maliyyə ehtiyaclarını qarşılayacağını təsdiqləyiblər, lakin 140 milyard avroluq dondurulmuş Rusiya aktivlərinin istifadəsi barədə yekun qərar hələ verilməyib. Danimarka baş naziri Mette Frederiksen bu qərarın “Milad ərəfəsində” qəbul ediləcəyinə ümid etdiyini deyib.

Sammitdə çıxış edən Zelenski Rusiyanın qış fəsli boyunca enerji infrastrukturuna hücumları artırmaq niyyətində olduğunu bildirib:

“Onlar soyuğu işgəncə vasitəsinə çevirmək istəyirlər. Məqsədləri xalqımızın iradəsini sındırmaqdır.”

Londonda keçirilən “istəkli ölkələr koalisiyası”nın görüşündə NATO-nun baş katibi Mark Rütte, Niderlandın baş naziri Dik Sxof, həmçinin Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

Sammitdə konkret yeni silah paketləri açıqlanmasa da, müşahidəçilər bu toplantını Qərbin Putinə qarşı iqtisadi və diplomatik təzyiqi artırmaq üçün vahid strategiya qurmaq cəhdi kimi qiymətləndirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək