“Ukrayna masada yox, masanın üzərindədir” – ABŞ və Rusiya Kiyevin taleyini necə bölüşür?
Geosiyasi gərginliyin artdığı bir dövrdə Ukrayna müharibəsi yalnız regionun deyil, qlobal güc balansının da sınandığı bir arena kimi ortaya çıxır. Rusiya cəbhədəki uğurları ilə rəsmi Kiyevin mövqeyini zəiflədərkən, ABŞ və Avropa Birliyi arasındakı strateji ixtilaflar prosesin mürəkkəbliyini artırır. Bu çərçivədə hər bir addım, hər bir plan yalnız hərbi deyil, diplomatik və siyasi nəticələr də doğurur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov xpress.az saytına açıqlama verib.
Geosiyasi gərginliyin artdığı bir dövrdə Ukrayna müharibəsi yalnız regionun deyil, qlobal güc balansının da sınandığı bir arena kimi ortaya çıxır. Rusiya cəbhədəki uğurları ilə rəsmi Kiyevin mövqeyini zəiflədərkən, ABŞ və Avropa Birliyi arasındakı strateji ixtilaflar prosesin mürəkkəbliyini artırır. Bu çərçivədə hər bir addım yalnız hərbi deyil, diplomatik və siyasi nəticələr də doğurur. Mövzu ilə bağlı Milli Məclisin deputatı Elman Nəsirov Xpress.az saytına açıqlama verib.
Son dövrlər Rusiya cəbhədə qazandığı uğurlarla rəsmi Kiyevin mövqeyini zəiflətməkdədir. Xüsusilə Ukraynanın əks-hücumlarının olmaması və mütəmadi geri çəkilmələr bu təsiri gücləndirir. Hazırda danışıqlar həm Rusiya–ABŞ, həm də ABŞ–Ukrayna arasında aparılır, Avropa Birliyi isə prosesi kənardan izləyir.
Trampın Rusiya–Ukrayna müharibəsindən sülhün əldə edilməsinə dair əvvəlcə 28 bənddən ibarət planı vardı. Bu planı Ukraynanın kapitulyasiya aktı kimi qəbul etmək olardı. Daha sonra bəndlərin sayı 20-yə endirildi. Hazırda məlum olub ki, Avropa Birliyi alternativ planını ABŞ-a göndərib. Bu planda Ukraynanın ərazi məsələsində güzəşt etməməsi və təhlükəsizlik təminatlarının yazılı şəkildə, Konqres tərəfindən təsdiqlənməsi tələb olunur. Bu yanaşma Vaşinqtona qarşı inamsızlıq anlamına gəlir.
Ukrayna tərəfdən diqqətdən yayınmayan məqam budur ki, ABŞ dekabrın 2-də yeni milli təhlükəsizlik strategiyasını elan edib və bu strategiya “Tramp doktrinası” adlandırılır. Strategiyaya görə, Avropa zəif bir güc kimi qiymətləndirilir, ABŞ-ın əsas rəqibi Çin göstərilir və Rusiya əleyhinə aktiv mövqe nəzərdə tutulmur. Bu yeni reallıqlara görə, ABŞ dünya nizamında Böyük 7-liyə deyil, Böyük 5-lik konsepsiyasına üstünlük verir: ABŞ, Çin, Rusiya, Hindistan və Yaponiya. Avropa Birliyinə isə heç bir yer ayrılmayıb.
Qərb müttəfiqləri arasında ABŞ və Avropa Birliyi ciddi ixtilaf yaşayır. Hətta mümkündür ki, 2027-ci ildən ABŞ NATO-dan çıxmaq istiqamətində addımlar atmağa başlasın. ABŞ-ın olmadığı NATO-nun gücü məhduddur, buna görə də Avropa, xüsusilə Almaniya, öz təhlükəsizliyini möhkəmləndirməyə başlayıb. Hərbi mükəlləfiyyətlərin artırılması, hətta qadınların döyüşə cəlb olunması imkanları belə araşdırılır.
ABŞ Ukraynaya təklif etdiyi plan çərçivəsində Dombasın Rusiyaya verilməsini, Ukrayna qoşunlarının qalan ərazilərdən çıxmasını və orada azad iqtisadi zonanın yaradılmasını tələb edir. NATO-ya üzvlük məsələsi isə ABŞ tərəfindən birdəfəlik bağlanır. Rəsmi Vaşinqton hesab edir ki, hər iki tərəf artıq bir milyondan çox itki verib və Ukraynanın bu planı qəbul etməsi kapitulyasiya aktı sayılır.
Ukrayna prezidenti Zelenskiy isə müharibə dövründə prezident seçkilərinə getməyəcəyini açıqlayıb, amma şərtləri daxilində qərarını saxlayır. Hazırkı vəziyyətdə həm Rusiya, həm də ABŞ sülh məsələsində tələsik davranır. Motiv aydındır: 2026-cı ilin noyabrında ABŞ-da keçiriləcək aralı seçkilərdə hakimiyyət partiyasının uduzmaq ehtimalı var. Bu halda Rusiyaya qarşı təzyiqlər genişlənə bilər.
Beləliklə, mövcud reallıq rəsmi Kiyevi çətin vəziyyətə qoyur və müharibənin yaxın gələcəkdə bitməsi həm Moskva, həm də Vaşinqton üçün strateji maraq kəsb edir.
Afaq Qurbanzadə
Xpress.az