Saturnun nəhəng peyki Titanda yaşayış üçün əlverişli zonalar ola bilər – YENİ TƏTQİQAT
Tədqiqatın müəlliflərindən biri bildirib ki, “Yerüstü həyatın potensialı ilə bağlı ehtiyatlı nikbinliyi qorumaq üçün güclü səbəblər var.”
NASA-nın açıqladığı yeni tədqiqata görə, Saturnun ən böyük peyki olan Titanın səthinin altında əvvəllər düşünüldüyü kimi nəhəng maye okean deyil, sulu-buzlu və palçıqlı buz təbəqələri mövcuddur. Bu tapıntı, son təxminən 10 il ərzində qəbul edilən və Titanın səthinin altında gizli bir okeanın olduğu nəzəriyyəsinə yeni baxış gətirir.
“Nature” jurnalında çərşənbə günü dərc olunan araşdırmaya əsasən, Titanda geniş yeraltı okean əvəzinə Arktika dəniz buzlarına və ya yeraltı su akviferlərinə bənzər dərin buz və maye-buz təbəqələri ola bilər. Alimlər bu təbəqələrin daxilində maye su ciblərinin mövcudluğunu mümkün hesab edirlər ki, bu da həyat üçün potensial yaşayış mühitləri yarada bilər.
NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) alimləri Cassini kosmik gəmisi tərəfindən illər əvvəl toplanmış məlumatları yenidən təhlil edərək, geniş qəbul olunmuş okean nəzəriyyəsinə zidd nəticələr əldə ediblər.
Vaşinqton Universitetinin dosenti və tədqiqatın həmmüəllifi Baptiste Journaux bildirib:
“Yer kürəsindəki kimi açıq okean əvəzinə, Titanın daxili quruluşu daha çox Arktika dəniz buzlarına və ya su qatlarına bənzəyir. Bu, həm orada hansı həyat növlərinin mövcud ola biləcəyini, həm də qida və enerji resurslarının əlçatanlığını müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır.”
Journaux əlavə edib ki, mümkün həyat formaları böyük ehtimalla mikroskopik olacaq:
“Təbiət dəfələrlə sübut edib ki, ən yaradıcı alimlərin təsəvvürünü belə aşa bilir.”
Diametri təxminən 5150 kilometr olan Titan hələlik heç bir həyat əlaməti göstərməyib. Sıx və dumanlı atmosferə malik bu peyk, Yer kürəsindən başqa səthində maye olduğu məlum olan yeganə səma cismidir. Lakin burada mövcud olan maye su deyil — temperaturu təxminən -183°C olan metandır. Metan göllər əmələ gətirir və yağış şəklində yağıntı düşür.
Tam hüquqlu okeanın olmaması əvvəlcə həyat axtarışı üçün mənfi amil kimi görünsə də, tədqiqatçılar bunun əksinə olaraq imkanları genişləndirdiyini bildirirlər. Journaux-un laboratoriyasında çalışan və araşdırmada iştirak edən aspirant Ula Jones deyib:
“Bu, yaşayış üçün yararlı hesab edə biləcəyimiz mühitlərin çeşidini artırır.”
Alimlər Titandakı şirin su hovuzlarının temperaturunun 21°C-yə qədər yüksələ biləcəyini müəyyən ediblər. Bu kiçik su ehtiyatlarının daha yüksək konsentrasiyalı qida maddələri ehtiva etməsi ehtimal olunur ki, bu da onları geniş, duru okeanlarla müqayisədə həyat üçün daha əlverişli edə bilər. Əgər Titanda həyat mövcuddursa, onun Yer kürəsinin qütb ekosistemlərinə bənzəməsi mümkündür.
Dinamik daxili quruluş
Tədqiqatın aparıcı müəllifi və JPL-də postdoktorant olan Flavio Petricca bildirib ki, Titanın yeraltı suları keçmişdə donmuş, daha sonra yenidən ərimiş ola bilər və ya hazırda hidrosferin tədricən tam donması prosesi gedir.
Kompüter modellərinə əsasən, buz, palçıq və su qatları 550 kilometrdən artıq dərinliyə qədər uzanır. Təxminən 160 kilometr qalınlığında olan xarici buz qabığının altında 400 kilometr dərinliyə çatan palçıqlı və sulu təbəqələr mövcuddur.
Bu nəticələr Saturnun Titan üzərindəki cazibə təsirinin daha dəqiq təhlili nəticəsində əldə edilib. Titan Saturna sinxron şəkildə bağlı olduğundan, planetin cazibə qüvvəsi peykin səthində təxminən 9 metrə çatan deformasiya yaradır.
2008-ci ildə alimlər bu cür deformasiyaların yalnız səthin altında böyük maye okeanın mövcudluğu ilə izah edilə biləcəyini irəli sürmüşdülər. Lakin yeni araşdırma mühüm bir məqamı — zaman gecikməsini — ön plana çıxarır.
Petricca və komandası Saturnun cazibə qüvvəsinin maksimum təsiri ilə Titan səthinin qalxması arasında təxminən 15 saatlıq gecikmə olduğunu müəyyən edib. Bu vəziyyəti balı qaşıqla qarışdırmaqla müqayisə edən Petricca deyib:
“Sıx və özlü maddəni hərəkət etdirmək maye sudan daha çox enerji tələb edir. Maye okean dərhal reaksiya verərdi; bu gecikmə isə hidratlı buzdan ibarət daxili quruluşa işarə edir.”
Onun sözlərinə görə, bu qədər güclü enerji udulması Titanın daxili quruluşunun əvvəlki modellərdən əhəmiyyətli dərəcədə fərqləndiyini göstərən ən güclü sübutdur.
Vaşinqton Universitetinin Planetar Kriomineral Fizika Laboratoriyası Titanın dərinliklərindəki ekstremal təzyiq şəraitini simulyasiya edərək nəticələrin fiziki əsaslarını təsdiqləyib. Journaux qeyd edib ki, bu şəraitdə su və buz Yer okeanlarındakı sudan tamamilə fərqli davranır.
Şübhələr qalır
Romadakı Sapienza Universitetindən Luciano İess, Cassini məlumatlarına əsaslanan əvvəlki tədqiqatlarda Titanda yeraltı okeanın mövcudluğunu irəli sürmüş alimlərdəndir. O, yeni nəticələrə ehtiyatla yanaşır və bildirib ki, hazırkı dəlillər Titanı tam şəkildə “okean dünyaları” kateqoriyasından çıxarmaq üçün hələ kifayət deyil.
Alimlər ümid edirlər ki, NASA-nın “Dragonfly” adlı missiyası Titanın daxili quruluşu ilə bağlı daha dəqiq məlumatlar təqdim edəcək. Helikopterə bənzər bu aparatın 2034-cü ildə Titana çatması planlaşdırılır. Dragonfly, Marsdakı Ingenuity-dən sonra Yer kürəsindən kənarda fəaliyyət göstərəcək ikinci uçan vasitə olacaq.
Missiya çərçivəsində aparılacaq səth müşahidələrinin, Titanda həyatın harada mövcud ola biləcəyi və su ehtiyatlarının miqdarı barədə yeni ipucları verəcəyi gözlənilir.
Titan, səthinin altında su saxladığı ehtimal edilən digər peyklərlə bir sırada yer alır. Yupiterin Qanimed peyki, eləcə də Saturnun Enseladı və Yupiterin Avropası donmuş qabıqlarının altından su püskürən aktiv “su dünyaları” kimi tanınır.
Qeyd edək ki, Saturnun hazırda 274 məlum peyki var ki, bu da Günəş sistemində rekord göstəricidir. 1997-ci ildə başlayan Cassini missiyası təxminən 20 il davam edib və 2017-ci ildə Saturnun atmosferinə nəzarətli enişlə başa çatıb.