Paşinyan İlham Əliyevə təşəkkür etdi- BU SƏBƏBDƏN
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinə yönəlmiş yük tranziti blokadasının aradan qaldırılması qərarına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Xpress.az Armenpress agentliyinə istinadən bildirir ki, Paşinyan bu açıqlamanı Rusiyanın Sankt-Peterburq şəhərində, Boris Yeltsin adına Prezident Kitabxanasında keçirilən Avrasiya İqtisadi Birliyinin (AİB) ali orqanı olan Avrasiya Ali İqtisadi Şurasının iclasında çıxışı zamanı verib.
Cənubi Qafqazda davam edən “müsbət və konstruktiv dəyişikliklərin” daha geniş regionda yerləşən bütün dövlətlər üçün “yeni imkanlar yaratdığını” və iqtisadi sabitliyi gücləndirdiyini bildirən Paşinyan nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə dair yanaşmalara toxunub.
Paşinyan Ermənistan ilə Azərbaycan arasında yaxın vaxtlarda həyata keçirilən və iki ölkə arasında onilliklərdən sonra baş tutan “ilk ikitərəfli ticarət” olan yük daşınmasına diqqət çəkərək, bunu “regionda sülh və sabitliyin bərqərar olunması istiqamətində əldə edilən ilk mühüm uğurlardan biri” kimi dəyərləndirib.
Ermənistanın Baş naziri Azərbaycanın öz ərazisi üzərindən Ermənistana yük tranziti blokadasını aradan qaldırmaq qərarı ilə ikitərəfli ticarətin başlanması üçün zəruri şərait yaratdığına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Azərbaycan mənşəli təxminən 1200 ton yanacaq daşıyan qatar dekabrın 19-da Gürcüstan vasitəsilə Ermənistana çatıb.