30 illik susqunluq, 18 dekabr rüsvayçılığı: Avropa Parlamenti Azərbaycana qarşı
Avropa Parlamenti 2025-ci il 18 dekabr tarixində bir daha riyakarlıq nümayiş etdirərək ölkəmizə qarşı reallığı əks etdirməyən, qərəzli qətnamə qəbul edib. İnsan hüquq və azadlıqlarından, demokratiyadan danışan bu qurumun əsas məqsədi müstəqil siyasət həyata keçirən, milli maraqlarına uyğun xətt yürüdən ölkələrə təzyiq göstərməkdir. Bu baxımdan Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyi təşkilatın ikili standartlardan hələ də əl çəkə bilmədiyinin növbəti sübutudur.
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal siyasətə təsir göstərə bilən gücə çevrilməsi Avropa Parlamentini ciddi şəkildə narahat edir. Torpaqlarımızın 30 il işğal altında qaldığı, şəhər və kəndlərimizin viran edildiyi, bir milyon soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyi dövrdə Avropa Parlamenti bu cinayətləri pisləyən heç bir qətnamə qəbul etmədi. Əksinə, bu işğala hüquqi don geyindirməyə cəhd göstərdi.
2020-ci ildə Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi. 2023-cü ildə həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində isə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi, separatizmin kökü birdəfəlik kəsildi. Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərini bərpa etməklə Avropanın da üz qaralığını təmizləmiş oldu.
Avropa Parlamentindəki bir sıra parlamentarilər Azərbaycana onları bu rüsvayçılıqdan xilas etdiyinə görə təşəkkür etmək əvəzinə, ölkəmizə qarşı qərəzli və saxta kampaniyanı davam etdirirlər. Avropa Parlamenti Azərbaycana qarşı hərbi cinayətlər törətmiş separatçıları və cinayətkarları müdafiə edir, Azərbaycanı isə insan hüquqlarını pozmaqda ittiham edir. Halbuki dövlətimizə və xalqımıza qarşı cinayət törətmiş şəxslərin əməlləri bu gün Azərbaycanın məhkəmələrində sübut olunur və artıq onların özləri də hərbi cinayətlər törətdiklərini etiraf edirlər.
Belə olan halda Avropa Parlamenti kimə və nəyi sübut etməyə çalışır? Əslində onlar özlərini rüsvay edirlər. Azərbaycanı ittiham edən deputatların öz ölkələrində hər gün insanlar alçaldılır, qanunsuz şəkildə həbs olunur. Ölkəmizdə isə bütün insanların hüquqları ən yüksək səviyyədə qorunur. Cinayət törədən, Azərbaycan qanunlarını pozan şəxslər qanun qarşısında cavab verməli və layiqli cəzalarını almalıdırlar.
Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə birbaşa Azərbaycan dövlətinin daxili işlərinə müdaxilədir. Heç bir təşkilatın və dövlətin Azərbaycanın daxili işlərinə qarışmaq hüququ yoxdur və buna cəhd göstərməməlidirlər. Azərbaycanı tutduğu haqq və ədalət yolundan heç kim döndərə bilməz. Avropa Parlamentinin qəbul etdiyi bu rüsvayçı və qərəzli qətnamənin isə dövlətimiz üçün heç bir əhəmiyyəti yoxdur.
Kamilə Əliyeva, Bakı Dövlət Universitetinin kafedra müdiri, professor