Okeanlarda gizlənən supernova İZLƏRİ
Günəş Sistemini əhatə edən nəhəng sirr: Yerli İsti Baloncuk
Alimlər səmadakı müəmmalı X-şüalarının izinə düşərək Günəş Sistemini əhatə edən nəhəng bir quruluşu — Yerli İsti Baloncuğu kəşf ediblər. Bu kəşf okean dibindəki atomlardan Ay torpağına, yaxınlıqdan keçən nəhəng ulduzlardan ardıcıl supernova partlayışlarına qədər uzanan heyrətamiz bir kosmik detektivlik hekayəsini ortaya qoyur.
Okeanlarda gizlənən supernova izləri
1970-ci illərdə astronomlar səmanın bütün istiqamətlərindən gələn zəif enerjili X-şüalarını aşkar etdikdə bu, böyük çaşqınlıq yaratdı. Normalda kosmos olduqca soyuq mühit sayıldığı üçün belə şüaların ulduzlararası qaz və toz tərəfindən udulacağı gözlənilirdi. Aşağı enerjili X-şüaları hidrogen və helium qazı tərəfindən asanlıqla sorulduğundan, adətən bir neçə yüz işıq ilindən artıq məsafə qət edə bilmir.
Bu səbəbdən alimlər Süd Yolu qalaktikasının diskini soyuq və sıx qazla dolu bir mühit kimi təsəvvür edirdilər. Əgər bu mənzərə doğru olsaydı, uzaq mənbələrdən gələn yumşaq X-şüalarını müşahidə etmək mümkün olmazdı. Lakin müşahidələr göstərirdi ki, ya bu şüalar bizə çox yaxın bir bölgədən gəlir, ya da Günəş Sisteminin yerləşdiyi mühit gözləniləndən xeyli boşdur.
1990-cı ildə orbitə buraxılan Almaniyanın ROSAT rentgen teleskopu bütün səmanı xəritələyərək bu yumşaq X-şüalanmanı təsdiqlədi. Daha sonra Günəş küləklərinin ulduzlararası qaz və tozla qarşılıqlı təsiri nəticəsində oxşar X-şüalarının yarana bildiyi məlum oldu və bu, məsələnin daha da mürəkkəbləşməsinə səbəb oldu. Ortaya belə bir sual çıxdı: müşahidə edilən şüalar yalnız Günəş Sisteminin daxilində baş verən proseslərin nəticəsidir, yoxsa nəhəng ulduzlararası bir quruluşdan qaynaqlanır?
2012-ci ildə buraxılan tədqiqat raketindəki detektorlar Günəş küləyindən qaynaqlanan parıltını həqiqi ulduzlararası siqnallardan ayırmağı bacardı. Əldə edilən nəticələr göstərdi ki, müşahidə olunan X-şüalarının təxminən 60 faizi Günəş Sistemindən kənardan, yəni genişmiqyaslı isti qaz baloncuğundan gəlir.
2022-ci ilin yanvarında Nature jurnalında dərc olunan mühüm araşdırma Gaia kosmik teleskopunun məlumatları əsasında bu baloncuğun sərhədlərini dəqiq müəyyənləşdirdi. Məlum oldu ki, Günəş Sisteminin ətrafındakı bütün gənc ulduz yaranma bölgələri məhz bu baloncuğun kənarlarında yerləşir. Təxminən 1000 işıq ili genişliyə malik olan quruluşun genişlənmə sürəti və istiqaməti hesablanaraq onun təqribən 14 milyon il əvvəl formalaşmağa başladığı müəyyən edilib.
2024-cü ildə eROSITA X-şüa teleskopunun məlumatları sayəsində Yerli İsti Baloncuğun ilk dəfə ətraflı üçölçülü xəritəsi hazırlanıb. Səmanın 2000 fərqli sahəsinin rentgen spektrlərinin təhlili göstərib ki, bu struktur sadəcə boşluq deyil, eyni zamanda qonşu baloncukları birləşdirən ulduzlararası tunellər şəbəkəsini də əhatə edir.
Çöküntü və qabıq nümunələri
Bu nəhəng quruluşun necə və nə vaxt yarandığını anlamaqda yalnız astronomlar deyil, dəniz geoloqları və okeanoqraflar da mühüm rol oynayıb. Okean dibindən götürülən çöküntü və ferromanqan qabıq nümunələri milyonlarla il ərzində toplanmış qatları qoruyaraq həmin dövrlərdə Yerə çökən maddələrin izlərini saxlayır.
Bu nümunələr Sürətləndirici Kütlə Spektrometriyası üsulu ilə araşdırıldıqda, Yer üzündə təbii yollarla yaranması mümkün olmayan nadir Dəmir-60 izotopları aşkar edilib. 2004-cü ildə yayımlanan bir araşdırma bu izotopların Yerə bir supernova partlayışı nəticəsində çatdığını göstərən ilk qəti sübutu təqdim edib.
2016-cı ildə Nature jurnalında dərc olunan genişmiqyaslı tədqiqatlar isə Dəmir-60 izlərinin zaman ərzində iki əsas pik şəklində müşahidə olunması sayəsində Yerli İsti Baloncuğun tək bir partlayışla deyil, ardıcıl supernova partlayışları nəticəsində formalaşdığını ortaya qoyub.
Bu nəticələr Apollo missiyaları zamanı Ay səthindən gətirilmiş torpaq nümunələri ilə daha da möhkəmləndirilib. Ayda atmosferin, okean axınlarının və tektonik fəaliyyətin olmaması səbəbindən supernova mənşəli tozlar səthdə demək olar ki, dəyişilmədən qorunub saxlanılır. Ay torpağında aşkar edilən Dəmir-60 izotoplarının okean çöküntülərindəki dövrlərlə üst-üstə düşməsi bu radioaktiv maddənin Günəş Sistemi xaricində baş vermiş hadisələrin fiziki izi olduğunu qəti şəkildə sübut edir.
“Ziyarətçi” ulduzların rolu
Yerli İsti Baloncuğun formalaşmasında təkcə supernovalar deyil, həm də “ziyarətçi ulduzlar” mühüm rol oynayıb. Noyabr ayında dərc olunan bir araşdırmaya görə, Günəş Sistemi təxminən 4,5 milyon il əvvəl bu bölgəyə daxil olarkən Mirzam (Beta Canis Majoris) və Adhara (Epsilon Canis Majoris) adlı iki nəhəng ulduzun güclü ultrabənövşəyi şüalanmasına məruz qalıb.
Günəşə təxminən 35 işıq ili qədər yaxınlaşan bu ulduzlar, Günəşdən təxminən 13 dəfə böyük kütlələri və on minlərlə dəfə yüksək parlaqlıqları ilə həmin dövrdə səmanın ən parlaq obyektləri olub. Onların yaydığı güclü enerji supernovaların yaratdığı bu geniş boşluqdakı qazı ionlaşdıraraq ulduzlararası mühitin kimyəvi tərkibini uzunmüddətli şəkildə dəyişib və bugünkü kosmik ətrafımızın formalaşmasında həlledici rol oynayıb.
Bir zamanlar kosmik mühitin taleyini müəyyənləşdirən bu nəhəng ulduzlar bu gün qış gecələrində Siriusun yaxınlığında, yalnız işıq çirklənməsindən uzaq ərazilərdə zəif işıq nöqtələri kimi seçilir. Kim bilir, bəlkə bu gün kainatı sarsıdan neçə-neçə nəhəng də gələcəkdə yalnız solğun bir xatirəyə çevriləcək.