Sevdiyiniz insanın sizə sahib olduğu üçün özünü şanslı saydığının 3 əlaməti
Məntiqli davrana bilib-bilmədiyinizi yoxlayın
Həqiqətən müdrik bir partnyor olub-olmadığınız çox vaxt sözlərinizlə deyil, sükuta, qeyri-müəyyənliyə və ya emosional fasilələrə necə reaksiya verdiyinizlə üzə çıxır.
Psixoloq Mark Travers bu mövzunu Psychology Today üçün qələmə alıb. Onun fikrincə, ağıllı partnyorlar qarşı tərəfin əhval-ruhiyyəsindəki hər dəyişiklikləri şəxsi təhdid kimi qəbul etmirlər. Əksinə, bir addım geri çəkilərək vəziyyətə daha geniş perspektivdən baxmağı bacarırlar. Psixologiyada, başqa bir insanın davranışlarını özümüzlə əlaqələndirməmək bacarığı şəxsliləşdirmənin əksi olan emosional məsafə saxlamaq qabiliyyəti kimi izah olunur.
Bu yanaşmanın əsas xüsusiyyətlərindən biri insanın öz düşüncələrini nəzarətdə saxlaya bilməsidir. Ağıllı partnyor beyin mexanizmlərinin reallığı təhrif edə biləcəyini anlayır və buna görə də hər emosional reaksiyaya kor-koranə inanmaz. Koqnitiv elastiklik sayəsində hadisəyə yekun qərar verməzdən əvvəl bir neçə mümkün izahı nəzərdən keçirə bilir. Current Psychology jurnalında dərc olunan bir araşdırma göstərib ki, bu bacarıq təkcə münaqişələri azaltmır, eyni zamanda cütlüklər arasında yaxınlığı da gücləndirir.
Digər mühüm əlamət: reaksiya verməzdən əvvəl sakitləşmək
Partnyorumuz bizdən uzaqlaşırmış kimi göründükdə, bədənimiz panik reaksiyalar verə bilər. Lakin fiziki siqnallara — gərginlik, nəfəs ritmi, duruş — diqqət yetirmək nəzarəti yenidən ələ almağa kömək edir. Ağıllı partnyorlar yalnız bədənləri sakitləşdikdən sonra reaksiya verməyi öyrənirlər.
Üçüncü əlamət: partnyoru ayrıca bir fərd kimi görə bilmək
Bu, partnyorun daxili dünyasını öz emosiyalarınızla qarışdırmamaq bacarığıdır. Psixoloqlar bunu zihinsəlləşdirmə adlandırırlar — yəni ortada açıq niyyət və ya günah olmadığı halda qarşı tərəfə avtomatik məna yükləməmək. Bu yanaşma emosional “birləşmənin” qarşısını alır və bir tərəfin hisslərinin avtomatik şəkildə digərinə ötürülməsinə mane olur.
Emosional cəhətdən yetkin insanlar anlayırlar ki, empatiya özünü itirmək deyil, sərhədləri qoruyaraq diqqətli və şüurlu şəkildə qarşı tərəfi anlamaqdır.
Sonda xatırladaq ki, yaxın günlərdə Georgetown Universitetindən bir psixiatriya üzrə dosent münasibətləri “sıfırlamağa” kömək edə biləcək müxtəlif texnikalardan da bəhs etmişdi.