AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru XƏBƏRDARLIQ EDİR- "Müasirlik bizi insanlıqdan uzaqlaşdıra bilər"
Hazırda cəmiyyətin keçid mərhələsində olduğu, qadın və kişinin sosial rollarının dəyişdiyi, əxlaq və dəyərlər sisteminin transformasiya dövrünə qədəm qoyduğu müşahidə olunur. Bir çoxları bu prosesləri sosial şəbəkələrin sürətli inkişafı və dünyanın vahid informasiya məkanına çevrilməsi ilə əlaqələndirir. Bu dəyişikliklər cəmiyyətin təbii inkişaf mərhələsidir, yoxsa gələcəkdə sosial və mənəvi böhranlara yol aça biləcək təhlükəli tendensiya?
Bu və digər suallara AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, alim İlham Məmmədzadə Xpress.az-a müsahibəsində aydınlıq gətirib.
– Hazırda cəmiyyətimiz keçid dövründədirmi? Bu dəyişiklikləri necə qiymətləndirirsiniz?
– Bu mövzu olduqca mürəkkəbdir və açıq etiraf etməliyəm ki, heç kim sabah nə olacağını dəqiq deyə bilməz. Mən yalnız şəxsi baxışımı ifadə edirəm. Zaman göstərəcək ki, bu yanaşma nə dərəcədə doğrudur.
Cəmiyyət dəyişir və bu dəyişikliklərin bəzisi təbii inkişafın nəticəsidir, bəziləri isə risklər yaradır. Hansının üstünlük təşkil edəcəyini isə indidən demək çətindir.
– Sosial medianın bu proseslərdə rolu barədə nə düşünürsünüz?
– Sosial media bir növ güzgüdür. Orada cəmiyyəti olduğu kimi görürük və eyni zamanda özümüzü necə təqdim etdiyimizi müşahidə edirik. Amma bu mənzərə hər zaman xoş olmur. İnsan təbiətən özünü müsbət görməyə meyillidir, lakin reallıq bunu hər zaman təsdiqləmir. Sosial mediada həm müsbət, həm də narahatedici cəhətlər açıq şəkildə üzə çıxır.
– Mentallıq anlayışına münasibətiniz necədir?
– Mentallığı sadə “yaxşı” və ya “pis” kateqoriyalarına bölmək düzgün deyil. Mentallıq mürəkkəb və çoxşaxəli bir prosesdir. Bu yol yalnız irəliləyişdən ibarət deyil, burada həm geriləmə, həm də inkişaf mövcuddur.
Əgər cəmiyyət olaraq atdığımız addımlar keyfiyyətlidirsə, mənəviyyat möhkəmlənir. Əks halda isə zəifləyir. Ona görə də nə keçmişi idealizə etmək, nə də müasirliyi tam mənfi dəyərləndirmək doğrudur. Biz daim çağırışlara cavab verərək formalaşırıq və bu cavablar həmişə uğurlu olmur.
– Kişi və qadın münasibətlərində baş verən dəyişiklikləri necə dəyərləndirirsiniz?
– Bu münasibətlər birmənalı deyil. Bir tərəfdən bərabərlik anlayışı güclənir, digər tərəfdən isə bu bərabərlik hər zaman müsbət nəticələr doğurmur. Patriarxal münasibətlərin zəiflədiyini görürük, lakin onun yerini tutan yeni modellər hər kəs üçün uyğun deyil.
Bu proses davam edir və artıq mövcud reallıqdır. Kişi və qadın rollarında müsbət dəyişikliklər olduğu kimi, mənfi cəhətlər də var. Bu, ailə institutunun dəyişən vəziyyətini açıq şəkildə göstərir. Dəyərlər o qədər sürətlə dəyişir ki, bəzən ailə üzvləri, xüsusilə ata ilə uşaq arasında ciddi ziddiyyətlər yaranır. Bu isə təhlükəli tendensiyadır.
– Süni intellekt, internet və digər texnologiyalar bu dəyişikliklərə necə təsir edir?
– Müasir inkişaf bu texnologiyalardan imtina etməyə imkan vermir. Lakin məsələ ondan ibarətdir ki, insanlar bu imkanlardan necə istifadə edirlər. Bəziləri bu alətlər vasitəsilə inkişaf edir, biliklərini artırır, digərləri isə əksinə, geriləyir və mənfi nəticələrə yol açır. Burada da vəziyyət birmənalı deyil.
– Kollektiv şüurun indiki vəziyyətini necə qiymətləndirərdiniz?
– Kollektiv şüuru ölçmək olduqca çətindir. Əvvəllər dəyərləri müəyyən etmək asan idi: bu yaxşıdır, bu pisdir. İndi isə yaxşı ilə pis bir-birinə o qədər qarışıb ki, onları ayırmaq çətinləşib.
Cəmiyyət daxilində insanlar çox fərqlidir və ümumi qiymət vermək mürəkkəbləşib. Mənəvi dəyərlərin dəyərləndirilməsi xüsusilə çətindir. Ailə daxilində də problemlər artıb. Bununla yanaşı, uşaqların bilik səviyyəsinin yüksəldiyini, dil biliklərinin artdığını da görürük. Yəni ziddiyyətli, amma eyni zamanda inkişaf edən bir mənzərə var.
– Bu proseslər yalnız Azərbaycana xasdırmı?
– Xeyr, bu qlobal prosesdir. ABŞ-da da, Rusiyada da, Ukraynada da, Azərbaycanda da oxşar vəziyyət müşahidə olunur. Keçmişdə dəyişikliklər daha yavaş baş verirdi və insanlar uyğunlaşmağa vaxt tapırdı. İndi isə dəyişikliklər sürətlidir, hər gün yeni informasiya ilə üzləşirik. Bir gündə əldə etdiyimiz məlumatı əvvəllər bir ilə əldə edirdik. Üstəlik, bu biliklər çox tez köhnəlir.
– Yekun olaraq cəmiyyətə nə demək istərdiniz?
– Əsas yolumuz ondan ibarət olmalıdır ki, hər birimiz insan olmağa çalışaq. Təəssüf ki, bu gün bir çoxları sadəcə yaşamağa tələsir, amma insan olmağın mahiyyəti üzərində düşünmür. Halbuki bütün bu dəyişikliklər içində bizi xilas edə biləcək əsas dəyər məhz insanlıqdır.
Afaq Qurbanzadə