Xpress.az
Bakı: 22°C

Bizi izləyin

DEPUTAT:
Siyasət

DEPUTAT: "Sülh və etimad dövrü başladı"

Xpress.az Redaksiyası 29.12.2025 14:04

2025-ci ildə Azərbaycanın beynəlxalq siyasət çərçivəsində atdığı addımlar, xüsusilə regional sabitlik, sülh gündəliyi və beynəlxalq nüfuzun gücləndirilməsi baxımından ölkəmizin uzunmüddətli strateji maraqlarına əhəmiyyətli töhfələr verməklə yanaşı, dünya miqyasında Azərbaycanın özünəməxsus yerə sahib olduğunu bir daha sübut etdi. 2025 ci ildə baş verən siyasi nəaliyyətlər barədə  Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xpress.az a açıqlama verib.

"2025-ci ilin ən mühüm siyasi nailiyyətlərindən biri 8 avqust tarixində keçirilmiş Vaşinqton Sülh Sammiti olub.

Prezident Donald Trampın şahidliyi ilə baş tutmuş sammit, Ermənistan və Azərbaycan arasında 30 ildən çox davam edən münaqişənin sona çatmasına xidmət edib. Bunun nəticəsində iki ölkə arasında etimad quruculuğu və normallaşma tədbirlərinə başlanılıb, həmçinin ticarət və nəqliyyat sahələrində əhəmiyyətli addımlar atılıb.

Vaşinqton səfəri həm də Azərbaycan-ABŞ münasibətlərinin yeni səviyyəyə yüksəlməsi ilə yadda qalıb. Enerji və texnologiyalar sahəsində yeni anlaşmalar imzalanıb və əməkdaşlıq strateji tərəfdaşlığa doğru irəliləyir. Səfər zamanı imzalanmış “Azərbaycan Respublikası və Amerika Birləşmiş Ştatları arasında strateji tərəfdaşlığa dair xartiyanın inkişaf etdirilməsi məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumu” bunun əyani sübutudur.

Eyni zamanda, Prezident İlham Əliyev ilə Prezident Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq “Azadlığı Müdafiə Aktı”na aid 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalanıb. Düzəlişin tamamilə ləğvi ABŞ Konqresinin səlahiyyətindədir və bu sahədə ilkin addım artıq atılıb. Dekabrın 9-da Floridalı konqresmen Anna Paulina 907-ci düzəlişin tamamilə ləğvi ilə bağlı qanun layihəsini Xarici Siyasət üzrə Komitəyə təqdim edib. Hazırkı ABŞ-Azərbaycan münasibətləri və regionda sülh və inkişaf yeni reallıqlar fonunda bu məhdudiyyətin tam ləğvi iki ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacaq.

2025-ci ilin digər əhəmiyyətli hadisələrindən biri Azərbaycan-Mərkəzi Asiya ölkələrinin məsləhətləşmə görüşlərinə tamhüquqlu iştirakçı kimi qoşulması olub. Dövlət başçımızın qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan bu gün dünyada əhəmiyyəti davamlı olaraq artan vahid geosiyasi və geoiqtisadi regionu təşkil edir. Etnik oxşarlıqlar, ortaq dil, din, mədəni və tarixi köklər Azərbaycan-Mərkəzi Asiya platformasını altılıq konseptinə gətirib. Bu altılıq logistika baxımından vahid mərkəz rolunu oynayır və hazırkı münasibətlərin dinamikası bu əlaqələrin gələcəkdə daha da güclənəcəyini göstərir. Bu inteqrasiya regional təhlükəsizlik, ticarət və energetika sahələrində geniş imkanlar açır. Zəngəzur dəhlizinin açılması isə həm Orta Dəhliz, həm də Şimal-Cənub Dəhlizi çərçivəsində yeni nəqliyyat arteriyası kimi mühüm əhəmiyyət daşıyır.

Beləliklə, TRİPP marşrutu layihəsinin icrasına başlanılması regionda növbəti illərdə iqtisadi dirçəlişin, ABŞ-Azərbaycan münasibətlərinin möhkəmlənməsinin, eləcə də Ermənistan-Azərbaycan normallaşma prosesində yeni irəliləyişlərin olacağını proqnozlaşdırmağa imkan verir".

Afaq Qurbanzadə 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək