2026-cı ildə kommunal şok: "Qiymət artımı qaçılmazdır” – DEPUTAT AÇIQLADI
2025-ci ilin yekunlarına əsasən regionların inkişafı istiqamətində görülən işlər, bölgələrdə vətəndaşların gündəlik həyatında hiss olunan əsas dəyişikliklər və 2026-cı ildə nəzərdə tutulan prioritetlərlə bağlı yaranan suallara Xpress.az-a açıqlama verən Milli Məclisin deputatı Cavanşir Paşazadə aydınlıq gətirib.
Deputat bildirib ki, bölgələrdə insanların daha yaxşı yaşaması üçün dövlət tərəfindən prioritet planlar həyata keçirilib və bir sıra sosial məsələlərin həlli istiqamətində mühüm addımlar atılıb. Onun sözlərinə görə, bu istiqamətdə müəyyən uğurlar əldə olunub.
Cavanşir Paşazadə qeyd edib ki, yeni iş yerlərinin açılması, pensiyaların mərhələli şəkildə artırılması, sosial xidmətlərin genişləndirilməsi regionlarda vətəndaşların sosial rifahına müsbət təsir göstərib. Eyni zamanda məktəblərin və uşaq bağçalarının tikilməsi, yol infrastrukturunun yaxşılaşdırılması və digər sosial layihələrin icrası əsas prioritetlər sırasında yer alıb.
Deputat kənd təsərrüfatı sahəsinə göstərilən dövlət dəstəyinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, regionlar üzrə əkinçilik, bağçılıq, meyvə-tərəvəz istehsalı və digər sahələr üçün verilən subsidiyalar mövcuddur və bu subsidiyaların artırılması, həmçinin bölgələr üzrə daha məqsədyönlü tətbiqi nəticəsində bir sıra problemlərin həlli mümkün olub.
2026-cı il üçün prioritetlərə toxunan Cavanşir Paşazadə kommunal xidmətlərin artması ilə bağlı məsələyə də münasibət bildirib. Deputat qeyd edib ki, kommunal xərclərdə artım təkcə Azərbaycana xas deyil və bu, qlobal miqyasda baş verən iqtisadi proseslərin nəticəsidir. Onun sözlərinə görə, inflyasiya, yanacaq və enerji daşıyıcılarının bahalaşması, texniki və xidmət sahələrində xərclərin artması kommunal tariflərə təsir göstərən əsas amillərdir.
Deputat 2026-cı il üçün gözləntilərin böyük olduğunu vurğulayaraq, bütün xalqımıza uğurlar arzulayıb. O, azad edilmiş torpaqlardan köçkün düşmüş vətəndaşların tam şəkildə öz doğma yurdlarına qayıtmasının, “Böyük Qayıdış” prosesinin uğurla davam etdirilməsinin vacibliyini qeyd edib. Cavanşir Paşazadə Ali Baş Komandan İlham Əliyevin bu ərazilər üçün planlaşdırdığı layihələrin insanların yaşayış səviyyəsinin daha da yaxşılaşmasına xidmət edəcəyinə inandığını bildirib.
Sonda deputat ölkəmiz və region üçün sülhün və sabitliyin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, müharibələr, siyasi gərginliklər və iqtisadi çətinliklər bütün dövlətlərə təsir göstərir. Onun sözlərinə görə, Azərbaycan qonşu ölkələrlə sülh və mehribanlıq şəraitində yaşamaqda maraqlıdır və ümid edir ki, qarşıdan gələn il ölkəmiz üçün uğurlu olacaq.
Afaq Qurbanzadə