Kontakt Home jurnalisti BELƏ ALDADIB
Jurnalist Aytac Zeynalovadan Kontakt Home Gəncə filialı ilə bağlı ciddi iddia qaldırıb.
Xpress.az bildirir ki, jurnalist Aytac Zeynalova Kontakt Home-un Gəncə filialı ilə bağlı ciddi narazılığını ictimailəşdirib. Onun bildirdiyinə görə, mağazadan iPhone 16 markalı mobil telefon alındıqdan sonra ödəniş cədvəlində əlavə 150 manat məbləğin daxil edildiyi məlum olub.
Şikayətdə qeyd olunur ki, bu məbləğin “quraşdırılma haqqı” adı ilə əlavə edildiyi bildirilsə də, telefonun alınması zamanı müştəriyə bu barədə heç bir məlumat verilməyib. Daha sonra mağaza ilə əlaqə saxlanıldıqda, həmin məbləğin əlavə xidmət kimi daxil edildiyi bildirilib. Jurnalistin iddiasına görə, bu xidmət müştərinin razılığı olmadan özbaşına satılıb.
Aytac Zeynalova məsələ ilə bağlı səs və kamera görüntülərinin təqdim olunmasını tələb etdiklərini, lakin mağaza tərəfindən səs yazısının olmadığı bildirildiyini deyir. Onun sözlərinə görə, haqqını tələb etdikdə mağazada çalışan Tural adlı əməkdaş tərəfindən polislə hədələnib və ona xidmət göstərilməyəcəyi bildirilib.
Şikayətdə daha bir diqqətçəkən məqam isə təqdim olunan xidmət siyahısı ilə bağlıdır. Bildirilir ki, sənədlərdə “reklam bloklayıcı” və “iOS aktivasiya” adlı xidmətlər göstərilsə də:
Telefonda faktiki olaraq reklam bloklayıcı mövcud deyil;
iOS sistemində belə bir əlavə xidmətə ehtiyac yoxdur;
“iOS aktivasiya”nın Apple tərəfindən təqdim edilən və ya tanınan rəsmi xidmət olmadığı iddia olunur.
Jurnalist qeyd edir ki, mağaza nümayəndələri bu xidmətin IMEI qeydiyyatı deyil, guya “iOS lisenziyası” olduğunu bildiriblər. Şikayətçinin sözlərinə görə, Apple şirkətinin özünün belə bir xidmətinin mövcud olmadığı halda, Kontakt Home-un “iOS aktivləşdirmə” adı altında ödəniş alması suallar doğurur.
Aytac Zeynalova Kontakt Home rəhbərliyinə açıq çağırış edərək məsələni araşdırmağa, satış zamanı “yoxa çıxan” səs və kamera görüntülərini təqdim etməyə, həmçinin əməkdaşlara müştəri davranış qaydalarının izah olunmasına çağırır. O, haqlı olduğunu sübut etdikdən sonra mağazada təhqir edilərək çıxarıldığını və bununla bağlı məsul əməkdaş barəsində tədbir görülməsini tələb edir.