Sabah hava necə olacaq? Dağlıq ərazilərdə qar, yollar buz bağlaya bilər
Sabah, yanvarın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında isə bəzi şəhərətrafı ərazilərdə az yağıntı ehtimalı var.
Xpress.az xəbər verir ki, bu barədə meteo.az məlumat yayıb.
Məlumata görə, şimal-qərb küləyi səhər saatlarından etibarən mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz isə 5–8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 773 mm civə sütunundan 769 mm civə sütununa enəcək. Nisbi rütubət 70–80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında da hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Gecə bəzi dağlıq ərazilərdə az yağıntı və qar yağacağı ehtimal olunur. Ayrı-ayrı yerlərdə arabir duman müşahidə ediləcək, mülayim qərb küləyi əsəcək.
Rayonlarda havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 5–9 dərəcə isti, dağlıq ərazilərdə gecə 7–12 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə isə 15–20 dərəcə şaxta, gündüz isə 3–7 dərəcə şaxta təşkil edəcək.
Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var.