Niyə yataq dəstlərinizi daha tez-tez dəyişdirməlisiniz?
Çarşaflar və yastıqlar həyatımızın təxminən üçdə birini keçirdiyimiz məkandır. Bu qədər uzun və yaxın təmas isə yataq dəstlərini istənməyən “qonaqlar” üçün ideal mühitə çevirir.
Uzun bir günün ardından isti yatağa uzanmaq, başınızı yumşaq yastığa qoymaq və yorğanın altında rahatlanmaq qədər xoş hiss azdır. Ancaq çarpayını sevməkdə tək deyilik.
Yataq dəstinizin səthinin altında milyonlarla bakteriya, göbələk, toz gənəsi və virus gizlənə bilər. Onlar üçün yataq ideal şərait yaradır: isti, nəmli və tər, tüpürcək, ölü dəri hüceyrələri, hətta xırda qida hissəcikləri ilə zəngin bir mühit.
Toz gənələri və allergiya riski
İnsanlar hər gün təxminən 500 milyon dəri hüceyrəsi tökür. Toz gənələri üçün bu, sonsuz qida mənbəyidir. Təəssüf ki, bu mikroorqanizmlərin özü və nəcisi allergiya, astma və ekzema kimi problemlərə səbəb ola bilər.
Bakteriyalar üçün sığınacaq
Yataq dəstləri bakteriyalar üçün də əlverişli mühitdir. 2013-cü ildə Fransanın Lille Pasteur İnstitutunda aparılan araşdırmada xəstəxana xəstələrinin çirkli yataq dəstlərində insan dərisində tez-tez rast gəlinən Staphylococcus bakteriyalarının çoxluğu aşkar edilib.
Bu bakteriyaların əksəriyyəti zərərsiz olsa da, Staphylococcus aureus kimi növlər zəif immun sistemi olan insanlarda dəri infeksiyalarına, sızanaqlara və hətta pnevmoniyaya səbəb ola bilər.
Vestminster Universitetinin mikrobioloqu Manal Məhəmməd bildirir ki, insanlar dəri mikrobiomunun bir hissəsi olaraq bakteriyalar daşıyır və onları ətraf mühitə asanlıqla ötürürlər:
“Bu bakteriyalar adətən zərərsizdir, lakin açıq yaralar vasitəsilə bədənə daxil olduqda ciddi xəstəliklərə yol aça bilər.”
Xəstəxanalar niyə çarşafları yüksək temperaturda yuyur?
Xəstəxanalarda yataq dəstləri mümkün qədər çox mikrobu məhv etmək üçün çox yüksək temperaturda yuyulur. Bu da onları gigiyena üzrə mühüm tədqiqat mənbəyinə çevirir.
2018-ci ildə Nigeriyanın İbadan Universitetində aparılan araşdırmada yuyulmamış xəstəxana yataq dəstlərində E. coli ilə yanaşı, sidik yolu infeksiyaları, pnevmoniya, ishal, meningit və sepsisə səbəb ola bilən digər patogenlər də aşkar edilib.
Virusların yayılma riski
Təmizlənməyən yataq dəstləri real infeksiya riski yarada bilər. 2022-ci ildə aparılan araşdırmada mpox (əvvəllər meymunçiçəyi) xəstələrinin palatalarında yataq dəstləri dəyişdirilərkən virus hissəciklərinin havaya yayıldığı müəyyən edilib.
Bundan əvvəl, 2018-ci ildə Böyük Britaniyada bir tibb işçisinin xəstənin yataq dəstlərini dəyişərkən virusa məruz qalaraq yoluxduğu ehtimal edilmişdi.