Bahalaşma dalğası başlayır: 2026-cı ildə nələr dəyişəcək?AÇIQLAMA
Əhalini narahat edən əsas məsələlərdən biri də hər yeni ildə müşahidə olunan qiymət artımlarıdır. 2026-cı ildə bahalaşma ilə bağlı müxtəlif mənbələrdən gələn məlumatlar ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Ən çox hansı sahələrdə qiymətlərin artacağı, bu artımın gündəlik həyata necə təsir göstərəcəyi və ailələrin yaşayış səviyyəsini qorumaq üçün hansı addımları ata biləcəyi əsas suallar sırasındadır.
Məsələ ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri (AQC) Vüqar Oruc Xpress.az-a açıqlamasında bildirib ki, Azərbaycan hökuməti 2026-cı il üçün qənaət və xərclərin optimallaşdırılmasına əsaslanan büdcə qəbul edib:
“Bu büdcə və iqtisadi siyasətə uyğun olaraq 2026-cı ildə bir sıra addımlar atılacaq. Həmin addımlardan biri Aİ markalı benzinin qiymətində 5 faiz, dizel yanacağında isə 10 faiz artımla bağlı qərardır.”
Onun sözlərinə görə, Tarif Şurası tərəfindən də bir sıra məhsul və xidmətlərin qiymətlərinin artırılması ilə bağlı qərarlar qəbul edilib. Eyni zamanda, yaxın dövrdə internet və ictimai nəqliyyat tariflərinin artırılması istiqamətində də müvafiq qərarların verilməsi istisna edilmir.
V.Oruc qeyd edib ki, bu qərarlar ümumi həyat şəraitinə və əhalinin dolanışıq imkanlarına birbaşa təsir göstərir:
“Xüsusilə yanacaq qiymətlərinin artması logistika xərclərini yüksəldir. Bu isə həm ölkə daxilində istehsal olunan, həm də idxal edilən məhsulların qiymətinə təsir edir. Çünki hər bir məhsulun maya dəyərinə əməkhaqqı, logistika və digər xərclər daxildir.”
Ekspertin fikrincə, bahalaşmanın ən çox hiss ediləcəyi sahələr nəqliyyat, xidmət sektoru, ərzaq və qeyri-ərzaq malları, eləcə də internet xidmətləri olacaq. Demək olar ki, qiymət artımının təsir etmədiyi sahə qalmayacaq:
“Bu acı reallıqdır, lakin mövcud vəziyyətlə barışmaqdan başqa çıxış yolu yoxdur.”
V.Oruc ailələrə mövcud çətinliklərdən qorunmaq üçün ailə büdcəsinin yenidən formalaşdırılmasını tövsiyə edib. Onun sözlərinə görə, ailə də kiçik bir dövlət kimi xərclərini optimallaşdırmalı, vacib olmayan xərcləri azaltmalı və qənaət rejiminə keçməlidir.
Bundan əlavə, ekspert əlavə gəlir mənbələrinin yaradılmasının vacibliyini vurğulayıb:
“Fərdi bizneslər, istehsal və xidmət sahələri, kənd təsərrüfatı fəaliyyəti ailə büdcəsinə əlavə gəlir gətirə bilər. Torpaq sahəsi olan vətəndaşlar öz məhsullarını istehsal edib konservləşdirə bilərlər.”
O, həmçinin əlavə iş bacarıqlarının əldə olunması, peşə ixtisasının artırılması və alternativ iş yerlərinin axtarılmasını da mühüm çıxış yolu kimi dəyərləndirib.
Sonda V.Oruc qeyd edib ki, Azərbaycan dövləti sosial yönümlü siyasət həyata keçirir və ehtimal ki, 2026-cı il ərzində əməkhaqlarının artırılması ilə bağlı əlavə qərarlar da qəbul edilə bilər:
“Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır və bu çətin dövrdə də əhalinin sosial müdafiəsi istiqamətində addımlar atılacaq.”
Afaq Qurbanzadə