Zamin Zeynal: Prezidentimiz süni intellekt və rəqəmsal texnologiyaların inkişafını ölkənin gələcəyi üçün strateji istiqamət kimi dəyərləndirir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkənin süni intellekt və informasiya texnologiyaları sahəsində qarşıya qoyduğu hədəflərdən bəhs edib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın əsas məqsədlərindən biri regional süni intellekt qovşağına və IT mərkəzinə çevrilməkdir. Dövlət başçısı vurğulayıb ki, bu məqsədə nail olmaq üçün ölkənin kifayət qədər potensialı mövcuddur. Hazırda tərəfdaşlarla birlikdə məlumat mərkəzlərinin yaradılması istiqamətində işlər aparılır. Bildirilib ki, bu cür mərkəzlər böyük həcmdə elektrik enerjisi tələb edir və daha geniş regionda əlavə elektrik enerjisi ehtiyatına malik yeganə ölkə Azərbaycandır. Hazırda daxili istehlak üçün istifadə olunmayan, ixrac və ya ölkə daxilində yönləndirilə bilən təxminən 2000 meqavat (2 giqavat) əlavə enerji mövcuddur.
Prezident İlham Əliyev kibertəhlükəsizlik mərkəzlərinin yaradılması, mütəxəssislərin hazırlanması və təlimi ilə bağlı artıq icra olunan layihələrin olduğunu da diqqətə çatdırıb. Bu çərçivədə bir sıra mütəxəssislər xarici ölkələrdə təlimlərə cəlb edilir, eyni zamanda Azərbaycanda da müvafiq tədris proqramları təşkil olunur. Dövlət başçısının sözlərinə görə, əsas hədəf yalnız texnoloji bağlılığı təmin etmək deyil, eyni zamanda süni intellekt və IT sahəsində regional hab statusu qazanmaqdır. Bu istiqamətdə həm güclü siyasi iradə, həm də real imkanlar mövcuddur.
Müasir dövrdə süni intellekt texnologiyaları qlobal inkişafın əsas hərəkətverici qüvvələrindən biri kimi çıxış edir. İqtisadiyyatın, təhsilin, səhiyyənin və dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasında bu texnologiyaların rolu getdikcə daha da artır. Prezident İlham Əliyev süni intellekt və ümumilikdə rəqəmsal texnologiyaların inkişafını Azərbaycanın gələcəyi üçün mühüm strateji istiqamət kimi qiymətləndirir.
Prezidentin rəhbərliyi ilə ölkədə rəqəmsal inkişaf strategiyası formalaşdırılıb, innovasiyalara əsaslanan iqtisadiyyatın qurulması əsas prioritet kimi müəyyən edilib. Elektron hökumət sisteminin yaradılması, rəqəmsal dövlət xidmətlərinin genişləndirilməsi və müasir texnologiyaların idarəetmədə tətbiqi bu siyasətin bariz nümunəsidir. Süni intellekt isə bu proseslərin daha çevik və effektiv həyata keçirilməsinə imkan yaradır.
Dövlət başçısı gənclərin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına xüsusi önəm verir. Bu məqsədlə texniki təhsil müəssisələrinin inkişafı, innovasiya mərkəzlərinin yaradılması və startap ekosisteminin dəstəklənməsi istiqamətində ardıcıl addımlar atılır. Süni intellekt sahəsində ixtisaslaşmış peşəkar kadrların hazırlanması Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir.
Nəticə etibarilə, Prezident İlham Əliyevin süni intellekt və rəqəmsal texnologiyalara göstərdiyi diqqət Azərbaycanın müasir, rəqabətqabiliyyətli və innovativ dövlətə çevrilməsinə xidmət edir. Bu siyasət ölkənin beynəlxalq mövqeyini gücləndirir, eyni zamanda gənc nəslin biliklərə əsaslanan cəmiyyətin qurulmasında fəal iştirakına geniş imkanlar yaradır.